Interposta.Info

Soçidə konqres, Afrində döyüş, İdlibdə gecə yürüşü

Siyasət
 31-01-2018, 10:14     10 367

Suriyanın şimalında mürəkkəb proseslər baş verir, ruslar Afrində, türklər isə İdlibdə görünüb

Yanvarın 30-da Rusiyanın Soçi şəhərində Suriya Milli Dialoq Konqresi öz işinə başlayıb. 1500 nəfərə yaxın heyətin iştirak etdiyi konqresdə Suriyanın gələcəyi, siyasi keçid, yeni konstitusiya və eləcə də davamlı sülhün əldə olunması yolları müzakirə olunacaq.

Açılış çıxışında Rusiyanın xarici işlər naziri Sergey Lavrov prezident Putinin iştirakçılara müraciətini oxuyub. Putin Türkiyə və İrana, eləcə də BMT-yə təşəkkür edib. Bundan başqa Putin məktubunda Soçi toplantısının əsas məqsədinin Suriya xalqını birləşdirmək olduğunu qeyd edib. Eyni zamanda bildirib ki, Suriyanın gələcəyi ilə bağlı qərarı Suriya xalqı verməlidir. Yeri gəlmişkən, o da bəlli olub ki, əsas müzakirələrə yalnız suriyalılar qatılacaq, vasitəçi ölkələr və müşahidəçi ölkələrin nümayəndələri toplantıya qatılmayacaq.

“Reuters” isə Soçidə baş verən qalmaqaldan yazıb. Agentlik bildirir ki, Türkiyədən gəldiyi güman edilən 70 nəfərlik müxalif qrup Soçi hava limanında qalaraq geri qayıtmaq üçün təyyarə tələb ediblər. Qalmaqala səbəb isə konqresin təşkilati işlərində Suriya dövlət bayraqlarından istifadə olunması olub. Konqresə qatılmayanlardan olan Əhməd əl-Burri Türkiyəyə geri dönəcəklərini deyib. Ruslardan Suriya dövlət bayraq və emblemlərinin sökülməsini tələb etdiklərini deyən əl-Burri geri qayıtmaqda qərarlı olduqlarını bildirib. Agentlik bildirir ki, məhz bu səbəbdən Konqres təyin olunduğu kimi, saat 10-da başlamayıb.

Soçidə müzakirələr getdiyi bir vaxtda Afrində Türkiyə ordusunun əməliyyatları davam edir. Ötən gün Türkiyə ordusu YPG-nin nəzarətində olan Süleyman Halil və Sati Sağı kəndlərini terrorçulardan təmizləyib. Bu kəndlərin azad olunması üçün həyata keçirilən əməliyyat nəticəsində 15 terrorçu zərərsizləşdirilib.

Eyni zamanda Türkiyə ordusu Afrin ərazisinə 3 dildə elanlar yayıb. Elanlarda Afrinin afrinlilərin olduğunu, əməliyyatın terrorçulara qarşı keçirildiyi qeyd olunub. yanvarın 30-da Türkiyə müdafiə naziri Nurəddin Canikli brifinq keçirib. Müdafiə naziri bildirib ki, yanvarın 20-də başlayan “Zeytun budağı” əməliyyatı çərçivəsində bu günə qədər 649 terrorçu məhv edilib. Türkiyə ordusunun 5 hərbçisi və müxalif qruplardan 24 nəfər ölüb.

Bu arada İngiltərənin “İndependent” qəzetinin təcrübəli Yaxın Şərq analitiki Robert Fisk Suriya və Afrindən analiz hazırlayıb. BBC-nin məlumatına görə, Fisk Afrində hələ də rus patrullarının olduğunu yazıb. Yazıda qeyd olunur ki, gündüzlər hərbi nəqliyyat vasitələrində Afrin küçələrində gəzən rus hərbi polis patrullarını görmək normaldır. Məsələ ondadır ki, ruslar əsas qüvvələrini Afrindən “Zeytun budağı” əməliyyatı başlayandan sonra çıxarmışdılar. Ancaq görünür ki, hələ çıxarmayıblar.

Yanvarın 29-dan 30-na keçən gecə isə Türkiyə ordusunun İdlib vilayətinin şimalında yerləşən birləşməsindən ayrılan bir konvoy İdlibin mərkəzinə doğru hərəkət edib. Suriya ordusunun əməliyyat bölgəsinə yaxın ərazilərə gedən Türkiyə ordu konvoyu ətrafına mərmilər düşsə də, tələfat olmayıb. Daha sonra ordu yenidən əvvəlki mövqeyinə qayıdıb. Əraziyə nəzarət edən islamçı qruplaşmalar isə Türkiyə ordusunun keçidinin razılaşdırıldığını bəyan edib.

Qeyd edək ki, Astana razılaşmasına əsasən İdlib vilayətinin şimalında və mərkəzində atəşkəsə nəzarət Türkiyə ordusuna tapşırılmışdı. Ancaq o zaman Türkiyə ordusu yalnız əyalətin şimalında möhkəmlənib. Ancaq indi Afrin əməliyyatının gedişi prosesində Türk ordusunun İdlibin içərilərinə “kəşfiyyat yürüşü” etməsi birmənalı qarşılanmayıb. Hazırda Suriya ordusu və ruslar İdlibdə əməliyyat keçirir. Mümkündür ki, bu gediş həm də ruslara və Suriya hökumətinə mesaj məqsədi daşısın. Çünki mediada kürdlərin Afrini Suriya ordusuna təhvil vermək istəməsi haqda xəbərlər yayılıb. Bu isə Türkiyənin əl-qolunu bağlamış olur. Görünür, Türkiyə ordusunun gecə əməliyyatı bu cür ehtimallarla bağlı qarşı tərəfə mesaj xarakterli olub. Üstəlik əməliyyat məhz Soçi konqresi keçirilən günə təsadüf edib./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26