Interposta.Info

"Türkiyə Rusiyanın köməyi ilə Əl-Baba girəcək" —

Dünya
 27-01-2017, 09:00     623

"Türkiyə Rusiyanın köməyi ilə Əl-Baba girəcək" —
Türkiyənin Suriyadakı "Fərat Qalxanı" əməliyyatı davam edir
Türkiyə Suriyaya girərkən qısa müddətə qarşısına qoyduğu məqsədə çatmaq istəsə də, çətinliklərlə üzləşib. Əməliyyatlar zamanı 47 türk əsgəri şəhid olub, 11 tankı vurulub. Türkiyə Çerablusu qısa müddətə ələ keçirsə də, Əl-Babda irəliləyiş edə bilmir.

ABŞ tərəfi Türkiyəyə Əl-Baba girəcəyi təqdirdə havadan dəstək verəcəyini bildirib.

interposta.info xəbər verir ki, Türkiyənin Suriyadakı əməliyyatları və gələcəkdə baş verəcək proseslər barədə politoloq Mübariz Əhmədoğlu Ölkə.Az-a danışıb:

"Suriyada vəziyyətin sabitləşdiyini, asanlaşdığını düşünənlər yanılırlar. Vəziyyət belə deyil. Orada hal-hazırda Rusiyanın qoşunları var. Rusiyanın qoşunları legitimdir, ancaq İranın qoşunları şəraitə uyğundur. İranın qoşunları Suriyanın içərisində arzuolunandır, ancaq Türkiyənin qoşunları Suriyanın içərisində arzuolunan deyil".

Suriyada əməliyyatlara qoşulan dövlətlərin məqsədlərindən danışan politoloq bildirdi ki, Rusiya və İranın Suriyadakı əməliyyatlara qoşulmaqda məqsədi bəllidir, onlar Suriyanın daxilində terrorizmə qarşı mübarizə aparırlar:

"Türkiyənin Suriyadakı hərbi əməliyyatlarında üzdə olan iki məqsəd var. Türkiyə həm İŞİD-ə qarşı mübarizə aparır, həm də kürdlərin bütövləşməsinə imkan vermək istəmir. Türkiyə Fərat çayının sağında və solunda olan kürdlərin birləşməsinin qarşısını almaq istəyir. Türkiyə kürd məsələsini özünə problem görür. Ona görə də, Suriya qoşunları da, Suriya hökuməti də bilir ki, İŞİD-ə qarşı mübarizə aparmaq Türkiyə üçün ikinci dərəcəli mövzudur. Birinci dərəcəli mövzu isə kürdlərin birləşməsinə imkan verməməkdir. Türkiyə çalışır Suriyadakı kürdləri elə vəziyyətə salsın ki, kürdlər uzun müddət özlərinə gələ bilməsinlər".

Türkiyənin Əl-Baba girmə məsələsini Mübarizə Əhmədoğlu belə şərh etdi:

"Əl-Bab möhkəmləndirilib. Ona görə də, Türkiyə ora girə bilmir. Gözlənilir ki, Türkiyə Rusiyanın köməyi ilə Əl-Baba girəcək. Əgər gələcək perspektivi nəzərə alsaq, Suriya müxalifəti İran qoşunlarının, Suriya hökuməti isə Türkiyənin qoşunlarının ərazisindən çıxmasını istəyir. Türkiyə indidən bu perspektivi nəzərə almalı və kürdlərin bütövləşməməsi məsələsinin siyasi həllini tapmalıdır. Türkiyə hərbi həllə ümid etməməlidir. Çünki Türkiyə Əl-Baba girsə belə bir müddət sonra, Türkiyə qoşunlarının Əl-Babdan çıxması barədə məsələ qaldırılacaq. Əl-Bab rəsmən Suriyanın ərazisidir. ABŞ və Rusiyanın strategiyası belədir ki, gec-tez bütün qoşunlar Suriyanın ərazisindən çıxmalıdır, o cümlədən, Türkiyə qoşunları da".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26