Interposta.Info

İsveçrə diktatorların pulunu ölkəsinə geri qaytarır

Dünya
 8-12-2017, 16:39     10 485

Söhbət Nigeriyanın keçmiş prezidenti Sani Abaçanın xalqdan oğurladığı 4 milyard dollardan gedir

Bu yaxınlarda İsveçrə hökuməti, Nigeriya dövləti və Dünya Bankı Nigeriyanın keçmiş diktatoru Sani Abaçanın ailəsinə məxsus 321 milyon dollar pulun geri qaytarılması barədə razılığa gəliblər.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, keçmiş prezidentin ölkədən çıxararaq xarici banklara yatırdığı sərvət əslində 4 milyard dolları ötür.

Çərşəbə günü Nigeriyanın insan hüquq və azadlıqları sahəsində çalışan 9 QHT-nin birləşdiyi vətəndaş cəmiyyətinin inkişafı şurası İsveçrə hakimiyyətinin hərəkətinin təqdirəlayiq hesab edən bəyanat imzalayıb.

“Bu pulların ölkədə kiçik biznesin sərmayəsinə, evsiz insanların həyat səviyyəsinin təmin edilməsinə getməsi olduqca vacibdir. Bu saziş Nigeriya xalqından oğurlanan pulların geri qaytarılması uğrunda ən gözəl yeniliklərdən biridir”, - bəyanatda deyilir.

Qeyd olunur ki, sazişdən öncə Cenevrə prokurorluğu xüsusi prosedur tətbiq edərək Sani Abaça ailəsinin ölkədən çıxardığı pulları axtarmaqla məşğul olub. 2012-ci ildə ailəyə aid olan 120 min dollarlıq ləl-cəvahiratın banklarda saxlanılması aşkar edilib. Ümumiyyətlə, İsveçrə bu vaxta qədər Abaçanın ölkə banklarında gizlədə bildiyi 700 milyon dolları Nigeriya hökumətinə geri verib.

İsveçrə diktatorların pulunu ölkəsinə geri qaytarır

Sani Abaçanın özünə gəldikdə isə bu adam Nigeriya tarixinin üz qarası sayılacaq şəxsiyyətlərindən biridir.

İxtisasca hərbçi olan Abaça ABŞ və Böyük Britaniyada təhsil alıb. 1983-1985-ci illərdə ölkədə bir sıra hərbi qiyamlarda iştirak edib. 1990-cı ildə müdafiə naziri, 1992-ci ildə isə vitse-prezident vəzifələrini tutub. 1993-cü ildə hərbi çevriliş sayəsində hakimiyyətə gəlib və 1998-ci ilə qədər ölkənin faktiki rəhbəri vəzifəsini yerinə yetirib.

Onun hakimiyyətdə olduğu illər dəhşətli korrupsiya, müxalif güclərə qarşı sərt təqiblər, insan hüquqlarının kütləvi surətdə pozulması ilə xarakterizə edilir.

İsveçrə diktatorların pulunu ölkəsinə geri qaytarır

Onun rəhbərliyi etdiyi illərdə Nigeriyada iri neft şirkətlərinin ağalığına və dövlətin özbaşınalığına qarşı dinc mübarizə aparan Ken Saro Viva kimi ictimai xadim edam edilib, habelə minlərlə insan günahsız yerə həbsə atılıb və hətta rejimin əlindən qaçan insanlar haqqında qiyabi olaraq ölüm hökmü çıxarılıb.

Abaça 1998-ci ildə 54 yaşında müəmmalı şəkildə dünyasını dəyişib. Rəsmi olaraq onun ürək tutmasından vəfat ediyi göstərilir.

Lakin ən çox yayılmış versiya diktatorun zəhərlənərək öldürülməsidir. Abaça öldüyü gün Dubaydan gətirdiyi hindistanlı fahişə qızlarla əylənirmiş. Həmin qızlardan biri onun içdiyi stəkana zəhər tökərək həyatına son qoyub.

Diktatorun öldüyü gün basdırılması qətl ehtimallarını daha da gücləndirib.

İsveçrə diktatorların pulunu ölkəsinə geri qaytarır

Hazırda Nigeriya hökuməti Abaçanın ABŞ-da gizlətdyi 480 milyon dolları geri qaytarmaq uğrunda mübaruizə aparır. Lakin mürəkkəb hüquqi prosedurlar bəhanəsi ilə ABŞ bu pulları ölkəyə verməkdən imtina edir.

Fevral ayında İsveçrənin ictimai təşkilatlar məsələ ilə əlaqədar ABŞ prezidenti Donald Trampa müraciət ediblər./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26