Interposta.Info

Avropa Birliyi Azərbaycanın yanında, ABŞ isə Dağlıq Qarabağa yardım göndərir

Siyasət
 9-07-2020, 11:23     280

Amerikadakı erməni lobbisi Madrid prinsiplərini rədd edir
“Arab News” Səudiyyə Ərəbistanının ən nüfuzlu gündəlik ingilisdilli qəzetidir. Qəzetin sahibi şahzadə Turki bin Salman əl Səuddir. Bu qəzet həm də Ərəb dünyasında ciddi nüfuza malikdir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “Arab News”da gedən bir məqalənin xülasəsini sizlərlə bölüşürük. “US should follow EU’s lead on Nagorno-Karabakh” (ABŞ Dağlıq Qarabağ məsələsində Avropa Birliyinin yolu ilə getməlidir) adlı məqalə xanım Adelle Nazarian tərəfindən qələmə alınıb. O, Hindistan əsilli amerikalı jurnalistdir.

Müəllif yazır ki, ötən ay Avropa Birliyi dövlətlərin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqe sərgilədi və bu yanaşma rəsmi Vaşiqtona da təsirsiz ötüşməyəcək: “Avropa Birliyinin rəhbərləri Şərq Tərəfdaşlığı (Eastern Partnership (EaP)) sammitini hər il keçirir. İyulun 18-də COVİD-19 virusuna görə bu dəfə sammit video-konfrans formatında baş tutdu. Onlar fürsətdən istifadə edərək bir daha qeyri-qanuni işğala müxalif mövqe sərgilədilər.

Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramında 6 tərəfdaşı var: Ermənistan, Azərbaycana, Belarus, Moldova, Gürcüstan və Ukrayna. Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviçin və Avropa Xalq Partiyasının (EPP) sədri, Avropa Şurasının sabiq rəhbəri Donald Tusk altını cızaraq vurğuladılar ki, Avropa dövlətlərin ərazi bütövlüyü prinsipini birmənalı şəkildə müdafiə edir və mövcud münaqişələrin həllini dəstəkləyir.

"Xorvatiya Avropa Birliyinə yaxınlaşmaq istəyən ölkələrin ambisiyalarına ciddi dəstək verməklə Avropa Birliyinin Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlərinin daha da inkişafını dəstəkləyir", cənab Plenkoviç belə deyib. O, qeyd edib ki, hər bir Şərq Tərəfdaşlığı ölkəsinin suverenliyinə və ərazi bütövlüyünə mütəmadi şəkildə dəstək veririk və münaqişələrin sülh yolu ilə həllini istəyirik, xüsusən bir sıra dondurulmuş münaqişələrin həllinə bu kontekstdən yanaşmaq lazımdır.

Cənab Tusk əlavə edib: “Beynəlxalq səviyyədə tanınan sərhədlər daxilində ərazi bütövlüyünə dəstəyimizi bir daha bildiririk. Krımın ilhaqını və Rusiyanın Donbas, Cənubi Osetiya, Abxaziya və Dnestryanı bölgəni işğal etməsini pisləyirik. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini və əsas prinsiplərini hərtərəfli dəstəklədiyimizi bir daha bəyan edirik ”.

Müəllif yazır ki, Şərq Tərəfdaşlığında təmsil olunan altı tərəfdaşından ikisi - Ermənistan və Azərbaycan, uzun illərdir ki, Dağlıq Qarabağ uğrunda savaş içindədir. Bu ərazi BMT-nin bir neçə qətnaməsində Azərbaycanın tərkib hissəsi kimi təsbit edilir. Ərazinin Ermənistan tərəfindən işğal edildiyi bildirilir.

İki keçmiş sovet respublikası 1988-1994-cü illər arasında Dağlıq Qarabağ uğrunda müharibə aparıb. Bu, 30 minə yaxın insan ölümü ilə nəticələndi. Münaqişə zamanı Ermənistanın Azərbaycan ərazisinin beşdə birini işğal edib. Azərbaycan bu gün dünyada ən çox daxili məcburi köçkünləri olan ölkədir.

Müəllif 1994-cü ildə Azərbaycanla Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəsdən də söhbət açır. Qeyd edir ki, sonra bu münaqişə ilə Minsk Qrupuna daxil olan ABŞ, Fransa və Rusiya məşğul oldu. Ancaq hələ də bir nəticə yoxdur.

Məqalədə deyilir ki, iyunun 19-da Avropa Parlamenti Ermənistan-Azərbaycan münaqişəsi kontekstində Avropa Birliyinin ərazi bütövlüyünə dair mövqeyini gücləndirdi, belə ki, 663 deputatdan 507-si “Avropa Birliyinin Şərq Tərfdaşlığına daxil ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə sadiqliyini təsdiqləyən qətnaməni dəstəklədi.

Müəllif yazır ki, əslində ABŞ Konqresi Avropa Parlamentinin bu mövqeyinə dəstək verməlidir. Ancaq biz bunu görmürük.

İyunun 23-də ABŞ-da demokrat Brad Shermanın təşəbbüsü ilə 30 nümayəndədən 10-u Dağlıq Qarabağa ABŞ-ın yardım göstərməsinə dəstək verib. Demokratlar İsrailin Fələstinin Qərb Sahili ərazilərini ilhaq etmək planına açıq şəkildə qarşı çıxıb, ancaq söhbət Dağlıq Qarabağa gələndə vəziyyət dəyişir. Düzdür, Dövlət Departamenti də "Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini" söyləyir. Konqresdə demokratlar İordan çayının Qərb sahilinə görə beynəlxalq qanunlara istinad edirlər və bu işğala qarşı çıxırlar, ancaq söhbət Dağlıq Qarabağdan gedəndə demokratlar beynəlxalq qanunlara məhəl qoymurlar.
Məqalənin sonunda deyilir ki, ABŞ-dakı ermənipərəst lobbi Ermənistanla Azərbaycan arasındakı münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupunun Madrid prinsiplərini rədd edir. Məhz indi o vaxtdır ki, ABŞ qanunvericiləri Avropanın ərazi bütövlüyünə verdiyi dəstəyi müdafiə etməlidirlər. Artıq ikiüzlülük qəbul edilə bilməz.

Eyni müəllifin “Arab News” üçün hazırladığı xəbərdə isə deyilir ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur. Azərbaycan separatçılara qarşı hərbi gücdən istifadə olunmasının tərəfdarıdır. Azərbaycan prezidenti İlham Əliyev TV çıxışında qeyd edib ki, biz Dağlıq Qarabağla bağlı danışıqlar zamanı konstruktiv və tolerant olmağa çalışırıq. Ancaq bu gün danışıqlar praktiki olaraq dayanıb. Prezident bildirib ki, real nəticə olmasa, Azərbaycan danışıqlardan geri çəkiləcək: “Beynəlxalq aləmdə və döyüş meydanında biz özümüzü sübut etmişik. Aprel döyüşlərini hamı yaxşı xatırlamalıdır”.

Moskvanın müttəfiqi olan Ermənistan isə bütün hücumların qarşısını alacağını bildirib.

Elbəyi Həsənli, Sürix

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26