Interposta.Info

“İlqar Məmmədov müxalifət lideri olacaq” iddiasına reaksiyalar

Siyasət
 1-09-2018, 09:55     10 456

Natiq Cəfərli: “Bizim hədəf kütləmiz siyasətdə olan müxalifətçilər deyil”; Əli Əliyev: “İlqar Məmmədovun üstün və zəif tərəflərinə bələdəm”
İlqar Məmmədov həbsdən azad olunandan sonra onun sədrlik etdiyi REAL Partiyasının Azərbaycan siyasi səhnəsində necə rol oynayacağı, müxalifət düşərgəsinin öndə gedən təşkilatına çevrilib-çevrilməyəcəyi kimi məsələlər müzakirə mövzusudur. “REAL Partiyasının əsas müxalifət təşkilatına çevrilməsi mümkündürmü? Narazı elektoratı aktivləşdirmək və siyasi proseslərə qoşmağı bu təşkilat bacara biləcəkmi?” sualları aktual suallardır.

REAL Partiyası İdarə Heyətinin üzvü Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, müxalifətdə uğursuzluğun və ya davamlı uğurların olmamasının səbəbi hökumətin apardığı siyasətlə yanaşı, həm də bəzən müxalifət partiyalarının hamını qucaqlamağa çalışması idi. Halbuki bütün ölkədəki narazı elektoratın hamısını bir yerə toplamaq mümkün deyil. Çünki hər kəsin narazılığının səbəbləri müxtəlifdir: “REAL yaranan gündən bir bunu anladıq deyə, daha çox ideoloji üzərində, yəni bizim dəyərlərimizi bölüşən insanların birləşdirilməsi uğrunda mübarizə aparmağı qarşıya məqsəd qoyduq. Biz iddia eləmədik və eləmirik ki, ölkədə hamını bir araya gətirəcəyik, hamını qucaqlayacağıq, hamını REAL Partiyasının üzvü edəcəyik. Hamını partiya üzvü və tərəfdaşı etmək mümkün deyil. Biz dəyərlər çərçivəsində insanların bir amal uğrunda birləşməsinə çalışmışıq və bundan sonra da fəaliyyətimizi bu yöndə davam etdirəcəyik. Bizim hədəf kütləmiz həmişə bəlli olub-bu orta sinifdir, orta məmur və kiçik məmur təbəqəsidir, kiçik və orta biznesdə olanlar, gənclər, sağ mərkəzçi və cümhuriyyətçi dəyərlərə inanan insanlardır.

Yəni bu insanların birliyini yaratmağa, REAL ətrafında birləşməyə çağırmışıq və bundan sonra da çağıracağıq. Biz heç də ona iddialı deyilik ki, cəmiyyətin bütün kəsimlərini, 10 milyonluq xalqı REAL-a üzv edək. Buna cəhd etsək, biz dəyərlər üzərində qurulmuş elektoratı itirə bilərik. Biz o narazı kütlənin maraqlarını ifadə edəcəyik ki, onlar parlamentarizm, cümhuriyyət dəyərlərinə əsaslanan ölkə qurmaq istəyirlər. Bizim əsas hədəfimiz Azərbaycanda parlamentar respublikanın qurulmasıdır. Seçkinin və qanunun yaratdığı bütün vasitələrdən istifadə edərək bu dəyərlərin oturuşmasına çalışacağıq. Bizim hədəfimiz hökumətin və sistemin dəyişdirilməsidir, müxalifətin dəyişdirilməsi və REAL-ın müxalifətin birincisi olması deyil. Əhalinin təqribən 90 faizi pessimistləşib və siyasətə qarışmaq istəmir. Bizim hədəf kütləmiz siyasətdə olan müxalifətçilər yox, məhz o 90 faizdir. Ona görə də REAL müxalifətin birincisi yox, ölkədə birinci olmaq uğrunda çalışacaq”.

Bir zamanlar REAL sədri İlqar Məmmədovla eyni partiyanın rəhbərliyində təmsil olunan VİP sədri Əli Əliyev isə dedi ki, ən yaxşı hakim zamandır. REAL Partiyasının necə olacağını, nə edə biləcəyini gözləmək lazımdır: “Azərbaycandakı siyasi nəticəsizliyin səbəbi lider məsələsi deyil, hakimiyyətin siyasətidir. Siyasi rəqabət intellekt və şüarlarla həll edilir, problem buradadır. Bu halda yalnız güc müstəvisində iqtidara qalib gəlmək mümkün görünür. Bildiyim qədər REAL da demokratik yolla mübarizə aparmağı qarşısına məqsəd qoyub. Ona görə də iqtidarın yumşalmasını gözləməli, yaxud iqtidarın diktə etdiyi qanunsuz müstəvidə güc toplamalıdırlar. Bu versiyanı az ehtimallı görürəm.

Həqiqətən də İlqar Məmmədovu kifayət qədər yaxşı tanıyıram. Onun üstün və zəif tərəflərinə bələdəm. Son hadisələr onun siyasi baxımdan prinsipiallığını, mübarizliyini ortaya qoydu. Sınaqdan başıdik çıxa bildi. Şəksiz, bunlar REAL sədrinin üstünlükləridir. Mən Azərbaycan siyasi bomondunun hər bir nümayəndəsini yaxından tanıyıram. Siyasi bacarıq və təcrübəsinə, liderlik keyfiyyətlərinə görə üstün şəxsləri də tanıyıram. Ola bilər, kimsə mövqeyimi mübahisələndirsin, bu mənim gəldiyim qənaətdir. Bir də REAL liberal kəsimə iddialıdır. Azərbaycanda millətçi və dini kəsimlər, bir sıra hallarda onların İttifaqını nəzərdə tutan platformalara da rast gəlinir. Fikrimcə, sonra söylədiyim cərəyanların şansı liberal seqmentdən üstündür. Çünki demokratiyadan uzaq cəmiyyətləri liberal kəsim dəyişə bilmir. Belə praktika rastıma çıxmayıb.

Azərbaycandakı vəziyyət isə bir qədər də fərqlidir. Burada ayrı-ayrı lider, siyasi təşkilat, siyasi cərəyanların uğurunu, ümumiyyətlə, görmürəm. Mənə görə, Azərbaycanda bu məfhum və reallıqları bir araya gətirəcək hərəkata zərurət var. Əks halda, heç kəs ayrılıqda bu iqtidara güc gələ bilməyəcək".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26