Interposta.Info

İlqar Məmmədov ajiotajı bitdimi...

Ölkə
 29-09-2018, 09:29     10 367

Azər Qasımlı: “Zamanı gələndə hamısına cavab veriləcək”

Ötən ay 5 il yarımlıq həbsdən sonra azadlığa çıxan REAL Partiyasının sədri İlqar Məmmədov son günlərdə sanki gündəmdən düşüb. Ona qarşı müxalifət düşərgəsi daxilindən olan hücumlar da sanki səngiyib. Xüsusilə, bu hal onun sentyabrın 4-də keçirdiyi mətbuat konfransından sonra özünü daha çox büruzə verir.

REAL sədrinin öz facebook profilində paylaşdığı statuslara gələn bəyənmələr də kəskin şəkildə azalıb. Bütün bunlar bəzi suallara yol açır.

REAL funksioneri Azər Qasımlı “Yeni Müsavat”a bunları dedi: “İlqar Məmmədova hücumlar hələ də davam edir. Sadəcə bir az səngiyib. Bu hücumları edənlər İlqar bəyin yaxud REAL rəhbərliyində təmsil olunan şəxslərin onlara cavab verməsini gözləyirdilər. Çalışırdılar ki, biz də bu çirkaba bulaşaq. Biz isə onlara cavab vermədik. Bu səbəbdən hücumlar səngidi. Amma biz onu da bilirik ki, müəyyən müddət keçəndən sonra yenə hücumlar başlayacaq. Qarayaxma kampaniyasına start veriləcək, ajiotaj yaradılmağa çalışılacaq. Hələ hər şey qabaqdadır. Bunlar sistemin hücumudur. Həm iqtidar, həm də onunla birlikdə köhnə müxalifət bunları etdi. Ümumi müxalifətin hücum etdiyini demək olmaz. İlqar Məmmədova qarşı qarayaxma kampaniyasında hər iki tərəf maraqlı idi. Bu məsələdə iki tərəfin də maraqları üst-üstə düşdü. Biz hücumları partiyada bu şəkildə dəyərləndirdik. Çirkaba girmək istəməsək də, hər kəs onu bilsin ki, zamanı gələndə hamısına cavab veriləcək. İlqar Məmmədov belə hücumlar olacağını gözləyirdi. Həbsdə olanda bilirdi ki, azadlığa çıxdıqdan sonra üzərinə gələnlər olacaq. Bu baxımdan deyirəm ki, bunlar hələ başlanğıcdır. Yeni hücumların olacağı istisna deyil”.

İlqar Məmmədov ajiotajı bitdimi...

A.Qasımlı REAL rəhbərinin gündəmdən düşdüyü barədə fikirlərə də münasibət bildirdi: “Həyat və siyasət yalnız İlqar Məmmədovdan asılı vəziyyətdə deyil ki. Ölkə daxili və xaricində olduqca ciddi proseslər baş verir. İstənilən halda o fikirlərlə razıyam ki, siyasətçilər və siyasi qurumlar gündəm yaratmalıdırlar. Bunun üzərində bizlər düşünürük. Fəaliyyətimiz bundan sonra ondan ibarət olacaq ki, siyasi həyatda yeni gündəmlər yaradaq. Bunu da biz yaradacağıq, kimlərsə deyil”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26