Interposta.Info

İlqar Məmmədov bəraət istəyir, əvəzində isə Avropa Məhkəməsinə şikayəti olmayacaq...

Ölkə
 12-12-2017, 08:27     10 401

Azər Qasımlı: “Hələlik iqtidar tərəfindən də hər hansı bir addım atılmayıb”

Avropa Şurası Nazirlər Komitəsinin REAL-ın həbsdəki sədri İlqar Məmmədovla bağlı Azərbaycana qarşı başlatdığı prosedurun üstündən bir həftə ötür. Bu müddət ərzində hələ ki vicdan məhbusunun azadlığa buraxılması istiqamətində konkret addımlar müşahidə olunmur.

Doğrudur, prosedur başladılan gündən iki gün sonra Azərbaycan prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov REAL sədri ilə bağlı açıqlama verdi. Avropa Şurasının ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirdiyini qeyd edən prezident köməkçisi İ.Məmmədovun cəzasının 2/3 hissəsini çəkdiyinə görə şərti azadlığa buraxılma hüququna malik olduğu anonsunu verdi. Amma bu da problemin həlli üçün yetərli görünmür. Çünki REAL sədri məhkəməyə müraciət etməyib və müraciət etmək ehtimalları da az görünür. İ.Məmmədov bəraət almaq istəyir, o, əgər məhkəməyə müraciət edib azadlığa çıxarsa, bu onun üzərindən məhkumluq hüququnu götürməyəcək. Məhz bu amil İ.Məmmədovun işini getdikcə qəlizləşdirir.

Dekabrın 11-də REAL sədrinin vəkili Fuad Ağayev həbsxanada onunla görüşüb. Vəkil bununla bağlı facebook səhifəsində status paylaşıb:
“2 saylı cəzaçəkmə müəssisəsində İlqar Məmmədovla görüşdüm. Görüş zamanı prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun səsləndirdiyi təkliflər, o cümlədən məsələnin həlli yollarının axtarılması üçün konstruktiv danışıqlara dair təklifi müzakirə edilib.

İlqar Məmmədov bir daha təsdiq edib ki, onun özü şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı yerli məhkəməyə müraciət etməyəcək. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi müəyyən edib ki, onun həbsi və məhkum edilməsi siyasi fəaliyyətinin dayandırılması və susdurulması məqsədi güdüb. Buna görə də o, dərhal və qeyd-şərtsiz azad edilməlidir.

İqtidar nümayəndələrinin məsələnin həlli yollarının axtarılması üçün qısa və konstruktiv danışıqlar təklifi ilə bağlı bildirilib ki, Azərbaycan Respublikasının beynəlxalq-hüquqi öhdəliklərinin icrası kimi İlqar Məmmədovun cinayət işi üzrə icraata bəraətverici əsasla - cinayət hadisəsi olmadığına görə xitam verildiyi və siyasi fəaliyyətinə əngəllər yaradılmayacağı təqdirdə, o, Avropa Şurası Nazirlər Komitəsindən Azərbaycana dair Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən sorğunun geri çağırılmasına dair vəsatət verməyə hazırdır".

REAL-ın İdarə Heyətinin üzvü Azər Qasımlı “Yeni Müsavat”a açıqlamasında İ.Məmmədovun işi ilə bağlı müsbət amillərin hələ nəzərə çarpmadığını söylədi: “Yenilik yoxdur. Nəzərə almaq lazımdır ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarı belə bir həftə, yaxud ongünlüyə verilmir. Bu, bir müddət çəkəcək. 3 ay da ola bilər, ondan bir az artıq da. Bu, məhkəməyə aid olan bir məsələdir. Bir də, bildiyiniz kimi, Avropa Şurasında İlqar Məmmədovla başladılan prosedur ilkdir - bu qurumun tarixində hələ 46.6-cı maddə işə düşməyib. Novruz Məmmədov açıqlamasında konstruktiv dialoqa çağırır. Bununla bağlı da İlqar Məmmədovun vəkili Fuad Ağayev elan etdi ki, biz bu dialoqa hazırıq. Amma hələlik iqtidar tərəfindən hər hansı bir addım atılmayıb. Biz də gözləməkdəyik”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26