Interposta.Info

İlqar Məmmədovun partiyasına "axın"a müxalifətdən reaksiya

Gündəm
 29-08-2018, 09:17     10 362

Sərdar Cəlaloğlu: “REAL rəhbərliyi siyasətdə naşıdır”; Tural Abbaslı: “İlqar Məmmədovun personası ətrafındakı eyforik vəziyyət anlaşılandır”
REAL Partiyasının sədri İlqar Məmmədov azadlığa buraxıldıqdan sonra rəhbərlik etdiyi təşkilata axın güclənib. Bu barədə modern.az-a partiyanın İdarə Heyətinin üzvü Natiq Cəfərli məlumat verib.


Sitat: “”İlqar Məmmədovun azadlığa çıxması REAL-a üzv olmaq istəyənlərin sayına təsir edib. Təqribən son 15 gündə REAL-ın tarixində görünməmiş sayda onlayn müraciətlər daxil olub. Hətta müraciət sayının çoxluğu ilə bağlı saytımızda kiçik problem də yaşadıq, sonra onu həll etdik. Partiyamıza üzv olmaq istəyənlər arasında ictimai-siyasi həyatda aktiv olan insanlar yoxdur. Əsasən müraciət edənlər gənclər, tələbələr, yaşı 30-a qədər olanlar, müxtəlif peşə sahibləri, kiçik biznesdə çalışan insanlardır. Ümumiyyətlə, İlqar Məmmədov həbsdən azad olunan günə kimi REAL-ın 2300-dən çox rəsmi üzvü var idi. İndi yəqin ki, həmin rəqəm 4 minə yaxınlaşır".

REAL-a olan bu maraq çoxsaylı müzakirələr yaradıb. Bu daha çox demokrat düşərgə daxilində yeni müxalifətin formalaşması kimi qələmə verilir. Bu şəkildə davam edərsə, İ.Məmmədovun partiyasının digər siyasi partiyaları ötüb önə çıxacağı qeyd olunur. Həmçinin başqa müxalif qurumlardan qopmaların ola biləcəyi vurğulanır.

Siyasi partiyaların REAL-ın bu şəkildə güclənməsindən ehtiyat edib-etməməkləri barədə maraqlandıq.

ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, 3-5 min nəfərin bir partiyaya üzv olması axın deyil: “Axın o zaman ola bilərik ki, yüz minlər partiyaya üz tutsunlar. Məsələn, Rəsul Quliyev partiyamıza rəhbər gələndə haradasa 15 min nəfər bizə üzv oldu. O zaman biz bunu axın adlandırmadıq. Nəticə də göz qabağındadır. Bu adamların küyə düşüb harasa gedib-gəlmələrinin heç bir mənası yoxdur. Süni sürətdə Amerikanın İlqar Məmmədovu prezident edəcəyi, yaxud onun xilaskar olması barədə görüntü yaratmağın heç bir əsası yoxdur. Səhəri gün İlqar Məmmədov Azərbaycan üçün heç bir şey edə bilməyəcəyi təqdirdə, gözləntiləri doğrulmadıqda bu onun əleyhinə çevriləcək. REAL rəhbərliyi siyasətdə naşıdırlar. Onlara məsləhət görərdim ki, gücləri çatmayan öhdəliklər götürməsinlər. Səhəri gün xalq verilən vədlərin yerinə yetirilmədiyini gördükdə tamam fərqli əks reaksiya verəcək. Doğrudur, ənənəvi müxalifət Azərbaycanda obyektiv və ya subyektiv səbəblərdən ciddi uğurlar qazana bilmədi. Bu baxımdan bəziləri düşünür ki, siyasətə yeni bir qüvvə gəlib. Ola bilsin ki, bu qüvvə nəsə edə bilsin. Amma bir reallığı unutmaq olmaz ki, Azərbaycanda siyasi proseslərin bu şəkildə getməsi müxalifət liderlərindən yaxud partiyalarından asılı bir məsələ deyil. Sadəcə, İlqar Məmmədov yeni bir siyasətçidir. Buna görə insanlar bir müddət yeni ümidlərlə onun partiyasına üz tuta bilərlər. Azərbaycanda bu cür təcrübələr az olmayıb. Vaxtı ilə belə bir yeni qüvvələr meydana az çıxmayıb, amma bu gün onların heç biri siyasi səhnədə belə qala bilməyiblər. Hər halda REAL-a uğurlar arzulayıram. Azərbaycanda ümumi bir siyasi gücün formalaşması müxalifətin də xeyrinədir. REAL-ı müxalifətə qarşı qoymaq yaxud müxalifətlə müqayisə etmək doğru deyil. Bu partiya iqtidarın deyil müxalifətindirsə, qazanacağı uğurlar müxalifətin ayağına yazılacaq. REAL-ın müxalifətə gəlməsini biz sadəcə alqışlaya bilərik. Bunu müxalifətin güclənməsi kimi dəyərləndiririk. Amma qeyri-real, fantastik vədlər vermək, xalqı xülyalara inandırmaq sonunda REAL-ın öz əleyhinə işləyəcək. Bunu onlara xəbərdarlıq edirəm. REAL-ın dediklərini həyata keçirməyə heç bir gücü çatmaz”.

S.Cəlaloğlu elektoratından REAL-a yönəlik qopmaların ola biləcəyinə inanmır: “Bizim elektorat kifayət qədər siyasiləşib. Açığı deyim ki, üzvlərimizi boş-boş vədlərlə aldatmırıq. Bəzi müxalif qüvvələrin apardıqları təbliğatı tamamilə yanlış hesab etdiyimizə görə bu cür təbliğatları aparmırıq. Üzvlərimiz soyuq başla yaxşı dərk edirlər ki, müxalifətin əsas vəzifəsi hakimiyyətə gəlmək deyil, xalqın maraqlarını müdafiə etmək, dövlət müstəqilliyini qorumaqdır”.

AĞ Partiya başqanı Tural Abbaslı REAL funksionerinin dediklərinə bu cür mövqe sərgilədi: “Natiq bəyin açıqlamalarını məlumatdan daha çox təbliğata hesablanmış bəyanat hesab edirəm. Mənim özüm artıq 19 ilə yaxındır ki, partiya sisteminin içindəyəm və rəhbərliyində təmsil olunmuşam. Yəni partiyanın strukturu, müraciətlər, yeni üzvlərin axını və ya azalması, bunların dönəmləri, barədə kifayət qədər təcrübəyə malikəm. Ən azından 2000-ci il parlament seçkiləri, 2003-cü il müxalifətin gücünün pik nöqtəsi olan prezident seçkiləri, bundan sonrakı repressiya dönəmi, 2005-ci il narıncı inqilablar dövrü və s. bu kimi Azərbaycan siyasi səhnəsinin dönüm zamanlarında partiya funksionerlərindən olmuş biriyəm. Odur ki, mən bəzi rəqəmlərə daha ciddi yanaşıram. Təbii ki, PR etmək hər kəsin öz işi və haqqıdır. Biz buna bir şey deyə bilmərik. Biz AĞ Partiya olaraq digər müxalif qurum və təşkilatların da güclü olmasının tərəfdarıyıq. Çünki müxalifət camiəsi nə qədər güclü olsa, dövlətdə demokratik dəyərlər bir o qədər tez oturuşar. Əvvəl də qeyd etmişdim ki, Azərbaycandakı hazırkı siyasi vəziyyət elədir ki, indiki məqamda hansısa siyasi şəxs və ya təşkilat təkbaşına heç nə edə bilməz. Hətta böyük müxalifət birliyi belə alınsa vəziyyəti müsbətə doğru dəyişmək xeyli vaxt aparacaq. Odur ki, mənim indiki halda heç kimdən xüsusi gözləntim yoxdur.

İlqar Məmmədovun personası ətrafındakı eyforik vəziyyət isə anlaşılandır. Adam 5 ildən artıq həbsdə qaldıqdan sonra azadlığa qovuşub və qərb mətbuatının Azərbaycan bölmələrinin iştirakı ilə də onun ətrafında bəlli bir imic yaradılıb. Həmçinin 140-a yaxın siyasi məhbusun içərisində Qərb dairələrinin onu ayırması və daha çox diqqətdə saxlaması da insanlarda müəyyən gözləntilər yaradıb. Ancaq, siyasətlə məşğul olan insanlar bilirlər ki, bu gözləntilər həddindən artıq böyük olduğu üçün zamanla REAL-ın və İlqar bəyin əleyhinə işləməyə başlayacaq. Azadlığa çıxdığı gündən bu günə qədər olan zamana fikir versək görərik ki, artıq nisbətən əvvəlki eyforiya yoxdur. REAL rəhbərliyi bu situasiyanı yaxşı idarə edə bilməsə, gələcəkdə fəsadlarını yaşayacaq. İstənilən halda özünü müxalifət hesab edən bütün təşkilatlara uğur arzulayıram”./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26