Interposta.Info

İlqar Məmmədovun məhkəməsi baş tutmadı - ittihamçı prosesə gəlmədi

Siyasət
 11-08-2018, 10:00     10 410

Natiq Cəfərli: “Proses nə qədər çox uzanırsa, İlqar Məmmədov da o qədər həbsdə qalmış olur”
REAL Partiyasının həbsdəki sədri İlqar Məmmədovun avqustun 10-da Şəki Apelyasiya Məhkəməsində keçirilməli olan məhkəmə prosesi baş tutmayıb. Məhkəmə qeyri-müəyyən vaxta təxirə salınıb. Nə qədər qəribə görünsə də, əsas səbəb kimi dövlət ittihamçısının məhkəmə prosesinə gəlməməsi göstərilib.

"XeberBiz" xəbər verir ki, REAL-ın idarə heyətinin üzvü Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında prosesin baş tutmamasına təəssüfləndiklərini bildirdi: “İttiham tərəfinin məhkəməyə gəlməməsi səbəbindən prosesin təxirə salınması təəssüf doğurur. Heç kim məni inandıra bilməz ki, həmin ittihamçı özü-öz qərarı, yaxud hər hansı bir işi çıxdığına görə məhkəməyə gəlmədi. Belə bir şeyin olması ehtimalı belə ağlıma gəlmir. Məhkəmənin qeyri-müəyyən vaxta təxirə salınması bizdə əvvəlcədən formalaşan düşüncəmiz - pis göstəricilər üzrə işin getdiyini göstərir. Qeyri-müəyyənlik İlqar Məmmədovda, onun ailəsi və yaxınlarında kifayət qədər əsəb gərginliyi də yaradır. Növbəti məhkəmə prosesinin nə vaxt olacağı ümumiyyətlə məlum deyil. Bu, üç gündən də, üç aydan da sonra ola bilər. Qeyri-müəyyənlik önümüzü görmək, gələcəkdə ata biləcəyimiz addımları hesablamaq üçün kifayət qədər ciddi problemlər yaradır. Bu qərar da düşünürük ki, bacardıqları qədər İlqar Məmmədovu həbsdə saxlamaq üçündür. Yəni proses nə qədər çox uzanırsa, İlqar Məmmədov da o qədər həbsdə qalmış olur”.

İlqar Məmmədovun məhkəməsi baş tutmadı - ittihamçı prosesə gəlmədi

N.Cəfərli məhkəmədə iştirak üçün Şəkiyə gedə bilmədiyini də qeyd etdi: “Prosesə gedə bilmədim. Buna səbəb də ailə məsələləri ilə bağlı bəzi işlərim var idi. Amma saniyəbəsaniyə proses barədə məlumatım var idi. Prosesdə iştirak üçün Bakıdan yüzə yaxın REAL üzvü, təəssübkeşləri, vətəndaş cəmiyyətinin aktiv insanları getmişdi. Xeyli sayda jurnalist də olub. Müxtəlif səfirliklərin, beynəlxalq təşkilatların nümayəndələri də Şəkiyə gediblər. İnsanlar zalın qarşısına qədər keçiblər. Məhkəmənin başlamalı olduğu müddətdən 10-15 dəqiqə keçəndən sonra elan ediblər ki, proses qeyri-müəyyən vaxta təxirə salınıb. İlqar Məmmədov məhkəməyə gətirilməyib”.

İ.Məmmədovun vəkili Fuad Ağayev dedi ki, məhkəmənin təxirə salınmasının əsl səbəbləri onlar üçün müəmmalıdır: “Məsələyə hələ ki heç bir qiymət vermək istəmirəm. Çünki tam məlumata malik deyiləm. Amma dövlət ittihamçısının gəlməməsi səbəbi mənə çox qeyri-ciddi gəlir”.

Xatırladaq ki, İlqar Məmmədov 23-24 yanvar 2013-cü il tarixində İsmayıllı şəhərində baş vermiş iğtişaşlarla əlaqədar həbs edilib. O, kütləvi iğtişaşlarda, polisə müqavimət göstərməkdə ittiham olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26