Interposta.Info

“Qarabağ Komitəsində hakimiyyətin də adamları var” – qurum sözçüsü

Müxtəlif
 22-12-2018, 08:36     10 383

QK-nin rəsmisindən “çəkinmirik, səbəblər başqadır...” açıqlaması

Son zamanlar Qarabağ Komitəsi Azərbaycanda aktivliyi ilə seçilən, ictimai proseslərə dinamiklik gətirməsi ilə fərqlənən qurum kimi xarakterizə edilir. Maraqlıdır ki, Qarabağ Komitəsinin üzvləri, rəhbərliyi hər fürsətdə “Qarabağ Komitəsi siyasi təşkilat, müxalifət təşkilatı deyil” bəyanatlarını verirlər. Onların siyasi təşkilat adını öz üzərlərinə yükləmək istəmədikləri də göz önündədir. Bəs, səbəb nədir, Qarabağ Komitəsi hakimiyyətdən çəkinir, yoxsa başqa hansı səbəb onları “siyasi təşkilat deyilik” deməyə vadar edir?

Qarabağ Komitəsinin İşçi Qrupunun üzvü, mətbuat xidmətinin rəhbəri Əvəz Zeynallı “Yeni Müsavat”a bildirdi ki, səbəb hakimiyyətdən çəkinmək deyil. Çünki hakimiyyətdən çəkinməyə, ehtiyatlanmağa yerləri yoxdur: “Yəni Qarabağ Komitəsinin siyasi müxalifət təşkilatı olmadığını bəyan etməyimiz hakimiyyətdən çəkinmək deyil. Sadəcə olaraq, Azərbaycan cəmiyyətində iqtidar-müxalifət münasibətlərində ziddiyyətlər o dərəcədə kəskinləşib ki, sanki qarşı-qarşıya savaş səngərlərində olan iki qüvvə bir-birinə qarşı hücumdadır. Odur ki, Qarabağ Komitəsinin siyasi təşkilat olmadığının vaxtaşırı bəyan edilməsinin səbəblərindən biri cəmiyyətdən gələn sosial sifarişdir. Qarabağ Komitəsində hakimiyyəti dəstəkləyən insanlar, hakimiyyətin də adamları var, müxalifətçilər də var, müstəqil mövqeli insanlar da var. Ümumiyyətlə, Qarabağ məsələsi o dərəcədə həssas məsələdir ki, burada hakimiyyət-müxalifət ayrımçılığı olmamalıdır. Bu, milləti birləşdirəcək əlimizdə qalan yeganə ümummilli məsələdir. Ona görə də biz Qarabağ Komitəsinin siyasi təşkilat, müxalifət təşkilatı olmadığını bəyan edirik. Qarabağ Komitəsinin siyasət üstü, partiyalar üstü status daşıdığını bəyan edirik və mümkün qədər çalışırıq ki, belə də olsun. Qarabağ Komitəsi hər kəsin təmsil olunduğu bir hərəkatdır. Necə ki, bir zamanlar xalq hərəkatında hər kəs var idi, indi Qarabağ Komitəsində də təxminən belədir. Bizim iclaslarımız da xalq hərəkatının ilk vaxtlarındakı kimi keçir; uzun müzakirələr, yaxşı mənada dartışmalar, gərginləşmələrlə keçir”.

Ə.Zeynallı onu da dedi ki, Azərbaycan cəmiyyətinin siyasətdən sanki çəkinməsi, siyasətlə məşğul olmağı zərərli iş hesab etdiyi faktoru da Qarabağ Komitəsinin siyasi təşkilat olmadığını bəyan etməyə təsir edən amillərdəndir:
“Azərbaycanda siyasət meydanının əsas aktyorları hakimiyyət və müxalifət bir-birinə qarşı çox sərt cizgilərlə ayrılıb. İnsanların siyasətdən çəkinməsi üçün əllərindən gələni edirlər. Ona görə də nəinki xeyir-şər məclislərində, hətta ailə məclislərində belə baxırsan ki, bir adam siyasətdən danışanda o biri adam dərhal deyir, ”sən Allah bizi siyasətə qatma, siyasət bizlik deyil". Cəmiyyətdə belə bir vəziyyətin olması da Qarabağ Komitəsinin siyasi təşkilat olmamasının səbəblərindəndir. Amma Qarabağ Komitəsinin “biz siyasi təşkilat deyilik” prinsipinin kökündə dayanan Qarabağ məsələsinin ümummilli məsələ olmasıdır. Qarabağ məsələsi yeganə məsələdir ki, Azərbaycan xalqının bütün kəsimlərinin ortaq ideologiyasıdır. Biz insanların əlində qalan son birlik vasitəsini də siyasiləşdirmək və firqələrə, cəbhələrə bölmək istəmirik. Bu, cəmiyyətdən də gələn bir tələbdir"./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26