Interposta.Info

Prezident Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu (YENİLƏNİB)
 

Ölkə / Manşet
 Bu gün, 14:48     3 370

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib.

"İnterPosta" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə görülmüş işlər barədə məlumat verdi.

Mövcud yolun uzunluğu 101 kilometr, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol məsafəni 19,3 kilometr qısaldacaq. Birinci texniki dərəcəyə uyğun olan yolun ilk 48 kilometri 6, qalan 33,7 kilometri isə 4 hərəkət zolağından ibarətdir. Yolboyu 1 qovşaq, 11 körpü, 7 tunel, 6 viaduk, yeraltı keçidlər və digər zəruri infrastruktur yaradılıb. Layihə çərçivəsində inşa edilən körpülərin ümumi uzunluğu 1557 metrdir. Viadukların bəzilərinin tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib. İnşaat işləri zamanı yolboyu dəmir-beton və metal sədd çəpərlər, işıqlandırma sistemi quraşdırılıb. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Füzuli, Xocavənd, Xocalı və Şuşanı birləşdirir.

Qeyd edək ki, bu yol dövlətimizin başçısının Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən inşa olunub. Layihənin icrası daxili yol şəbəkəsinin şaxələndirilməsi, bölgə ilə respublikanın digər rayonlarının nəqliyyat əlaqəsinin yaxşılaşdırılması baxımından əhəmiyyətlidir. Bundan başqa, bu yol beynəlxalq nəqliyyat dəhlizlərinin ölkəmizdən keçən hissəsinin də tərkibinə aid olmaqla çox mühüm rol oynayır. Yeni yol, eyni zamanda, bölgədə turizmin inkişafına və iqtisadi fəallığı artırmağa da böyük töhfə verəcək.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov dövlətimizin başçısına görüləcək işlər və "Ağdam-Xankəndi dəmir yolu” layihəsi barədə məlumat verdilər.

Bildirildi ki, Bərdə-Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam–Xankəndi dəmir yolu xəttinin uzunluğu 28 kilometr, yan yollarla birlikdə 34,7 kilometrdir. Ağdam–Xankəndi dəmir yolu xətti, o cümlədən 4 körpü, 5 yolötürücü, 3 piyada keçidi, 2 suötürücü boru üzrə layihələndirmə işləri tamamlanıb. Bu dəmir yolu xətti boyunca 3 stansiyanın - Əsgəran və Xocalı stansiyalarının, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin, mühəndis qurğularının, körpülərin, yolötürücülərin, avtomobil, piyada və kənd təsərrüfatı təyinatlı keçidlərin və digər zəruri infrastrukturun tikintisi nəzərdə tutulur. Layihənin icra müddəti 2025–2026-cı illəri əhatə edəcək.

Diqqətə çatdırılıb ki, artıq Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin layihələndirilməsinə başlanılıb. Kompleksin sahəsi 6,4 hektar təşkil edəcək. Beşmərtəbəli kompleksin ərazisində 2 dəmir yolu platformasının və 12 avtobus dayanacağının inşası nəzərdə tutulub. Kompleksin binası gözləmə zalı, bilet kassaları, tibb məntəqəsi, ana və uşaq otağı, mağazalar, restoranlar, inzibati və toplantı otaqları, uşaq əyləncə mərkəzi, açıq tipli terras və istirahət guşələrindən ibarət olacaq. Kompleksin dəmir yolu bölməsi gündəlik 800-1000 nəfər, avtovağzal isə 1000-1200 nəfər sərnişinə xidmət edəcək.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Ağdam–Xankəndi dəmir yolu 1979-cu ildə inşa olunub. Qarabağın inkişafına hər zaman böyük diqqət yetirən Ulu Öndər bu regiona dəmir yolu xətlərinin çəkilməsinə xüsusi əhəmiyyət verirdi. Bakı–Yevlax–Xankəndi dəmir yolunun açılması nəticəsində Qarabağın sosial-iqtisadi və mədəni inkişafı daha da sürətlənib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, təməli Prezident İlham Əliyev tərəfindən bu ilin fevralında qoyulan Zəfər parkının salınması istiqamətində işlər sürətlə davam etdirilir. Sahəsi 8,3 hektar olacaq parkın ərazisində işğal dövründə tikinti normaları pozulmaqla inşa edilmiş, eləcə də istismara yararsız bir sıra tikililər sökülüb. Parkın mərkəzində Qələbəmizin rəmzi olan Zəfər Tağının tikintisi də davam edir. Onun hündürlüyü Vətən müharibəsi günlərinin sayına uyğun olaraq 44 metr olacaq. Tağın üst hissəsində ziyarətçilər üçün şəhərə baxış meydançası yaradılır. Parkın mərkəzindəki meydançadan Zəfər Tağına qədər 44 rəmzi pilləkən də nəzərdə tutulub. Bu pilləkənlərdə Vətən müharibəsinin hər günü üzrə azad olunmuş yaşayış məntəqələrinə dair məlumatlar əks etdiriləcək. Abidənin üst hissəsinə - baxış meydançasına yaşlı insanların, uşaqların və fiziki məhdudiyyətli şəxslərin rahat qalxması üçün liftlərin quraşdırılması nəzərdə tutulub. Layihəyə uyğun olaraq parkda geniş yaşıllıq zolaqlarının salınması planlaşdırılır. Parkın ərazisində mövcud olan ağaclar qorunmaqla əlavə 300-dən çox ağac və 9 mindən çox müxtəlif növ dekorativ kollar əkilib.

İnterPosta.info

















Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26