Interposta.Info

İspaniya separatizmi məhv edir -

Siyasət
 24-01-2018, 09:48     10 417

Elçin Mirzəbəyli: “Dövlətin təhlükəsizliyinə qarşı çıxış edənlərin başını əzmək lazımdır ki...”; Nəzakət Məmmədova: “Qarabağda da Azərbaycan bu cür sərt tədbirlər görsəydi...”

Ötən ilin oktyabrında İspaniyanın Kataloniya vilayətinin keçirdiyi müstəqillik referendumundan sonra ispan hökumətinin separatçılara qarşı həyata keçirdiyi tədbirlər davam edir. Bu ayın əvvəllərindən isə separatçılara qarşı daha sərt tədbirlərə start verilib.

Doğrudur, hələ də separatçı bölgənin rəhbəri Karles Puçdemon həbs edilməyib, amma demək olar ki, onun ətrafı və referendumda aktiv iştirak edən hər kəs məsuliyyətə cəlb olunub. Separatçılar ya həbs edilir, ya da daha sərt hücumlara və cəza tədbirlərinə məruz qalırlar. Dünya birliyi də referendumda olduğu kimi, hazırda keçirilən tədbirlərdə də ispan hökumətinin yanındadır. Bütün bunların doğru olub-olmaması ilə bağlı fikirlər birmənalı olmasa da, əksəriyyət separatçılıqla məşğul olan hər kəsin məsuliyyətə cəlb olunmasını doğru sayır.

Bütün bunlar ermənilərin yaratdığı qondarma “Dağlıq Qarabağ Respublikası”nı gündəmə gətirib. Müstəqil ekspertlər bildirirlər ki, vaxtilə dünya birliyinin Kataloniya ilə bağlı mövqeyini Dağlıq Qarabağla bağlı da sərgiləsəydi, bugünkü durum yaranmazdı.

Politoloq Elçin Mirzəbəyli Kataloniya separatçılarına qarşı həyata keçirilən tədbirləri doğru sayır: “Hüquqi baxımdan İspaniyanın atdığı bütün addımlar doğrudur. İspaniya hökuməti ölkə konstitusiyasının tələblərinə və Ali Məhkəmənin Kataloniyada keçirilən qondarma referendumla bağlı qərarına uyğun şəkildə hərəkət edir. Kataloniyada baş verən hadisələr sübuta yetirdi ki, separatçılarla ”evcik-evcik" oynamaq lazım deyil. Dövlətin ərazi bütövlüyünə, təhlükəsizliyinə qarşı çıxış edənlərin başını əzmək lazımdır ki, başqaları da boy göstərməsinlər. Məsələnin digər tərəfi isə İspaniyanın da üzv olduğu Avropa İttifaqının son zamanlaradək Aİ-nin sərhədlərindən kənarda baş verən separatçı hərəkatlara münasibətdə ikili standartlardan çıxış etməsidir. Amma son zamanlar Avropa Birliyinin ayrı-ayrı strukturlarının qəbul etdiyi sənədlərdə separatizmə münasibət xeyli kəskinləşib, ərazi bütövlüyü ilə xalqların öz müqəddəratını təyinetmə prinsipləri arasında manipulyasiyalar xeyli azalıb. Avropalılar separatizm təhlükəsini öz evlərində hiss edəndən sonra başqalarını da anlamağa başlayıblar. Azərbaycan separatizmə qarşı ən sərt və birmənalı münasibət bəsləyən ölkələrdən biri və birincisidir. Azərbaycan uzun illərdir ki, ən yüksək tribunalardan separatizmə münasibətdə ikili standartların tətbiqinin yolverilməz olduğunu, bunun bütün bəşəriyyət üçün fəlakətə çevrilə biləcəyini deyir. Zaman ölkəmizin haqlı olduğunu dəfələrlə sübuta yetirib. İspaniyada baş verənlər isə bir Avropa İttifaqı ölkəsində cərəyan etdiyi üçün “soyuq su” effekti yaratdı. Ayrı-ayrı ölkələrdə yaşayan etnik azlıqları heç bir əsas olmadan “müdafiə etməklə”, ən önəmsiz hadisənin ətrafında siyasi şoular düzənləməklə həmin ölkələrdə öz nüfuz müvəkkillərini yetişdirməyə çalışanlar bu yanaşmanın bumeranq effekti verdiyinin şahidi oldular. Kataloniyada separatçılara qarşı sərt tədbirlərin həyata keçirilməsi və Avropa İttifaqının mərkəzi strukturlarının, beynəlxalq təşkilatların baş verənləri İspaniyanın daxili işi kimi dəyərləndirməsi, şübhəsiz ki, ciddi hüquqi president yaradır".

Siyasi şərhçi Nəzakət Məmmədova proseslərin İspaniyaya ciddi zərbə vurduğunu söylədi: “İspaniyada baş verən separatizm dalğası artıq Avropa Birliyini ciddi şəkildə narahat etməyə başlayıb. Çünki bu meyl Avropanın digər ölkələrinə də yayılaraq son nəticədə birliyin zəifləməsinə gətirib çıxara bilər. Xüsusilə də İngiltərənin ”Brexit" məsələsindən sonra bu, Avropa Birliyini parçalanmaya aparacaq bir hadisə hesab olunur. Artıq Fransa da bu prosesdən narahat olmağa başlayıb. Çünki tarixi Kataloniyanın bir hissəsi indiki Fransa ərazisinə daxil olub. ABŞ-dakı prezident seçkiləri, Almaniyada parlamentə radikal partiyanın daxil olması, Fransada Le Penə dəstək verilməsi, İngiltərədə Brexit kimi məsələlərdə olduğu kimi yenə də Rusiya proseslərə kibermüdaxilədə ittiham olunur. Rusiyanın AB-ni parçalamaq planlarının tərkib hissəsi görülən bu hadisədə ABŞ da ittiham olunur. Lakin bir fakt dəqiqdir ki, separatizm və referendum İspaniyanın beynəlxalq imicinə mənfi təsir göstərməklə yanaşı, ölkə büdcəsinə də 1 milyard dollara yaxın zərər vurub. Ölkə əhalisinin 16 faizinin yaşadığı Kataloniya bölgəsi İspaniyanın ümumdaxili məhsulunun 20 faizinə malikdir. İspaniyanın ən inkişaf etmiş bölgəsidir. Burada yayılan separatizm ölkəyə xeyli zərər vurur. Avropa Birliyinin bu məsələdə İspaniyanı dəstəkləməsi aydın görünür. Çünki birlik separatizmin yayılmasından narahatdır. Əks halda, İspaniya polisinin müəyyən zorakılıq hərəkətlərinə qınama olardı. Amma əksinə, Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramının son sammitində münaqişələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı çərçivəsində həlli prinsipini bəyan edən sənədi qəbul etməklə separatizmə olan münasibətini ortaya qoydu. Düşünürəm ki, dövlət bu cür addımlar atmaqla doğru hərəkət edir. Çünki vaxtında bu cür xaosun qarşısı alınmazsa, sonradan daha böyük problemlər baş verə bilər. Bir qrup separatçı ucbatından münaqişə və müharibələr alovlana bilər. Bu prosesə dəstək verilərsə, o zaman dünya nizamı yenidən qurulmalıdır, dövlətlərin sərhədləri dəyişdirilməli, hər bir etnik xalq özünə dövlət qurmalıdır. Bu isə sonsuz müharibələrə, silahlı qarşıdurmalara, milyonlarla insanın həyatını itirməsinə səbəb ola bilər. Əgər vaxtında Qarabağda da Azərbaycan bu cür sərt tədbirlər görsəydi, indi nə Qarabağ münaqişəsi olardı, nə bir milyon insan qaçqına çevrilərdi, nə də üzləşdiyimiz problemlərin heç bir olmazdı"./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26