Interposta.Info

Milli Məclisin deputatı Rövşən Muradov: "“8 Noyabr” Elektrik Stansiyası ölkənin ən iri enerji mənbəyidir"

Manşet
 Bu gün, 18:52     1 554

Ölkəmiz energetika sahəsində mühüm bir mərhələni geridə qoymaqla özünün ən böyük elektrik stansiyası olan “8 Noyabr” stansiyasını istifadəyə verdi. Bununla da enerji müstəqilliyimiz bir az da möhkəmləndi. Mingəçevirdə elektrik stansiyasının açılışı zamanı cənab İlham Əliyevin nitqi Azərbaycanın enerji siyasətinin strateji istiqamətlərini, gələcək perspektivlərini və uğurlarını aydın şəkildə nümayiş etdirdi. Bu stansiyanın istifadəyə verilməsi təkcə, texniki-iqtisadi məsələ deyil, həm də milli qürur və Zəfər rəmzimiz olaraq xüsusi əhəmiyyət daşıyır.
1880 meqavat gücə malik olan “8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın müasir enerji sisteminin ən böyük və ən səmərəli infrastruktur layihələrindən biri sayıla bilər. Bu stansiya ölkənin enerji istehsalı gücünü artırmaqla yanaşı, Mingəçeviri nəinki ölkəmizin, həm də bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi kimi tanıtmışdır. Hazırda Azərbaycan üzrə elektrik enerjisinin 40 faizindən çoxu məhz, bu şəhərdə istehsal olunur. Bu göstəricilər həm ölkənin daxili tələbatının qarşılanmasına, həm də ixrac imkanlarının artırılmasına imkan verir.
Prezident İlham Əliyev çıxışında vurğulamışdır ki, bu stansiyanın cəmi iki il ərzində inşa olunması həm mühəndislik, həm də idarəetmə və təşkilatçılıq baxımından böyük nailiyyətdir. Müqayisə üçün qeyd olunur ki, sovet dövründə 300 meqavat gücündə bir blokun istifadəyə verilməsi yeddi ilə başa gəlmişdi. Belə sürətli infrastrukturun yaradılması Azərbaycanın bu sahədə formalaşmış təcrübəsinin, yerli kadr potensialının və beynəlxalq tərəfdaşlarla uğurlu əməkdaşlığının nəticəsidir.


Azərbaycan enerji strategiyasında beynəlxalq əməkdaşlığa da xüsusi önəm verir. “8 Noyabr” Elektrik Stansiyasının tikintisində İtaliya və Çin şirkətlərinin iştirakı bu sahədə çoxtərəfli əməkdaşlığa nümunədir. İtaliya hazırda Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır, Çin isə əsas tərəfdaş ölkələr sırasında önəmli mövqeyə malikdir. Bu iki ölkəyə rəsmi dövlət səfərləri və imzalanmış strateji sənədlər-enerji, ticarət və texnologiya sahələrində böyük nəticələrin əldə olunmasına gətirib çıxarıbdır. Xüsusilə, Çinlə bərpaolunan enerji sahəsində görülən işlər Azərbaycanın yaşıl enerji strategiyasına birbaşa xidmət edir.
“8 Noyabr” Elektrik Stansiyasının fəaliyyəti sayəsində gələcəkdə ölkənin həm enerji istehsalı artacaq, həm də şərti yanacaq sərfiyyatı azalacaqdır. Bu isə ölkə daxilində təbii qaza olan tələbatı azaldmaqla onun dünya bazarlarına ixrac olunmasına şərait yaradacaqdır. Prezident İlham Əliyev çıxışında bu məsələyə toxunaraq qeyd etmişdir: “Azərbaycan qazına beynəlxalq bazarda böyük tələbat mövcuddur və qənaət edilən hər kubmetr qaz ixrac üçün yeni imkanlar yaradır. Bu yanaşma Azərbaycanın iqtisadi gəlirlərini artırmaqla yanaşı, ölkənin enerji ixracatçısı kimi mövqeyini daha da möhkəmləndirir”. Bundan əlavə, cənab İlham Əliyev enerji təhlükəsizliyi məsələsinə xüsusi diqqət edərək, yaradılan enerji infrastrukturunun milli təhlükəsizliyin əsas komponentlərindən biri olduğunu vurğulamışdır. Azərbaycanın Avropa üçün etibarlı enerji tərəfdaşı kimi tanınması təsadüfi deyil. Hal-hazırda Azərbaycan qazı 12 ölkəyə, o cümlədən 10 Avropa ölkəsinə ixrac olunur. Geniş ixrac coğrafiyası və sabit təchizat imkanları sayəsində Azərbaycan Pan-Avropa enerji təhlükəsizliyinə mühüm töhfə verir.
Prezident həmçinin, çıxışında Ermənistanın İkinci Qarabağ müharibəsi zamanı Mingəçeviri və enerji infrastrukturumuzu hədəf almasını da xatırlatmışdır. Bu, bir daha sübut edir ki, enerji obyektləri təkcə iqtisadi deyil, həm də strateji və təhlükəsizlik baxımından hədəf sayılır. Lakin, Azərbaycanın qətiyyəti və Ordumuzun qüdrəti sayəsində bu təhdidlərə layiqli cavablar verilmişdir. Müharibədən sonra ölkədə sabitlik və inkişaf bərpa olunmuş, enerji infrastrukturunun gücləndirilməsi isə bu sabitliyin əsas sütunlarından birinə çevrilmişdir.
Stansiyanın “8 Noyabr” adlandırılması da xüsusi mənəvi və simvolik məna daşıyır. Belə ki, 8 noyabr təqvim günü Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin simvoludur və xalqın birliyinin, dövlətin gücünün bariz nümunəsidir. Beləliklə, elektrik stansiyasının bu cür adlandırılması təkcə, texnoloji layihə deyil, həm də milli qürur və tarixilik baxımından bir müqəddəs abidə ola bilər.
Nəticə etibarilə, “8 Noyabr” Elektrik Stansiyasının açılışı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu enerji siyasətinin, düşünülmüş strategiyanın və milli maraqlara xidmət edən məqsədyönlü fəaliyyətin parlaq nəticəsidir. Bu stansiya Azərbaycanın iqtisadi, siyasi və enerji müstəqilliyini daha da möhkəmləndirərək ölkəni regionun mühüm güc mərkəzlərindən birinə çevirəcəkdir.

Milli Məclisin deputatı, i.e.d., prof. Rövşən Şahbaz oğlu Muradov

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26