Interposta.Info

Elxan Şahinoğlu: “Bu adam nə edirsə, Azərbaycan əleyhinə edir”

Siyasət
 11-12-2017, 09:48     9 100

Zahid Oruc: “Onun açıqlaması əslində çox ciddi açılıma ehtiyacı olan bəyanatdır”

Rusiyanın erməni mənşəli xarici işlər naziri Sergey Lavrov ötən həftə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışarkən bəyan etdi ki, münaqişənin həlli üçün üç prinsipə - ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və güc tətbiq etməmək prinsiplərinə tərəflər razıdırlar.

Lavrovun bu açıqlaması ortaya suallar çıxarıb. Azərbaycan dövləti ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, Azərbaycan ərazilərində ikinci erməni dövləti yaranmasına imkan verilməyəcək, erməni xalqı artıq bir dəfə öz müqəddəratını kənar güclərin köməyi ilə təyin edib Ermənistan dövləti yaradıb.

Belə net mövqe ortada olduğu halda Sergey Lavrov bu açıqlamanı hansı məqsəd üçün, nədən verə bilər? Lavrov bu açıqlama ilə nə etmək istəyir? Azərbaycan məgər öz müqəddəratını təyinetmə prinsipini qəbul edir?


Bir sıra siyasi ekspertlər hesab edir ki, Sergey Lavrov Avropa İttifaqının 24 noyabrda Brüsseldə keçirilən “Şərq tərəfdaşlığı” sammitində qəbul olunan yekun bəyannamədə bir xüsusi müddəadan bir erməni olaraq narazı və narahat olub. Belə ki, sözügedən bəyannamədə münaqişələrin ərazi bütövlüyü, ölkələrin suverenliyi prinsipləri əsasında həll edilməsi bir daha təsbit olunur, haqqında söhbət gedən münaqişələr kimi isə Dağlıq Qarabağ, Krım, Abxaziya, Osetiya, Dnestryanı bölgə göstərilir. Sergey Lavrov bu sənədin ermənilərin xeyrinə olmadığını bilir və görünür, buna görə də üç prinsip məsələsini dilə gətirib.

Deputat Zahid Oruc isə bildirdi ki, bu prinsiplər uzun illərdi sülh danışıqlarında yer alır: “Gerçəkdən də Azərbaycan tərəfinin buna münasibəti tamamilə mənfi olsaydı, ən azı, bəyanatlarda, yaxud həmsədrlərin görüşlərinin yekunlarına dair hər hansı açıqlamalarda qeyd edilən müddəa ümumiyyətlə yer almazdı. Hər kəsə bəllidir ki, əgər siyasi vasitələrlə tənzimlənmədən danışılırsa, burada ilk növbədə prinsiplər razılaşdırılır. Yalnız ondan sonra irəliyə atıla biləcək o mühüm addımlarla bağlı detallı razılaşmalardan söhbət gedə bilər. Yəni tutaq ki, hansısa konkret yaşayış məntəqəsinin azad olunması, oraya əhalinin köçürülməsi, təhlükəsizlik tədbirləri, birgə yaşayış fəaliyyəti, sonra oradakı idarəçilik prinsipləri, qarşılıqlı münasibətlər, beynəlxalq qarantiyalar ayrıca sənəddə təsbit oluna bilər. Hər halda, dünyada indiyə qədər mövcud olan münaqişələrin çözülməsi ilə bağlı gedilən yol bundan ibarət olub. Ancaq öz müqəddəratını təyinetmə ilə bağlı məsələyə yanaşmanın özündə çox böyük fərqlər və ziddiyyətlər mövcuddur. Biz bu barədə danışanda hətta Madrid prinsiplərinin ortaya qoyulduğu zamandan bu yana ermənilər bəyan edə bilərlər ki, Azərbaycan həmin məsələyə müsbət reaksiyasını göstərib. Bir sıra hallarda deyilən üç istiqamətlərdən kənara da çıxıb bəyan edə bilərlər ki, ATƏT-in Helsinki yekun aktının müddəalarını Azərbaycan qəbul elədiyini söyləyib. Məsələdə dediyim ziddiyyət buradadır. İş ondadır ki, həqiqətən beynəlxalq hüququn özünün vəziyyəti son dərəcə bərbaddır. Çünki 1975-ci ildə ATƏT formalaşdırılanda - hansı ki, artıq 2-ci Dünya müharibəsindən sonrakı dövrdə BMT ərsəyə gəldi və görəndə ki, artıq müxtəlif qitələr üzrə təhlükəsizlik proseslərinə müdaxilə imkanları çətinləşir, o zaman sovetlər birliyinin təkidi ilə məhz ATƏT formalaşdırıldı. Həmin dövrdə müqəddəratını təyinetmə hüququ yalnız konkret etnik toplumlara mənsub olduqları dövlətlərin sərhədləri daxilində verilirdi. Bu, heç bir halda həmin ölkənin suveren hüquqlarını aradan qaldırma, sərhədlərini pozmağı nəzərdə tutmurdu. Bu gün də beynəlxalq hüquqda əslində bu cürdür. Azərbaycan beynəlxalq hüquqda nəzərdə tutulan məhz bu məqamı önə çəkir. Ermənilər isə öz müqəddəratını təyinetmə prinsipini ayrıca müstəqil dövlət yaratmaq hüququ kimi elan edir və bununla da beynəlxalq hüququ açıq-aşkar pozurlar. İndi Sergey Lavrovun haqqında söhbət gedən açıqlaması əslində çox ciddi açılıma ehtiyacı olan bəyanatdır. ”Lavrovun anlamında öz müqəddəratını təyinetmə Dağlıq Qarabağa müstəqil dövlət yanaşmasıdırmı, yoxsa yox" sualı çox mürəkkəb sualdır. Bizim mövqeyimiz ondan ibarətdir ki, öz müqəddəratını təyinetmə hüququ verilsə də bu, heç bir halda Azərbaycan sərhədlərinin pozulması, o ərazidə suveren hüquqlarımızın tapdalanması anlamına gəlmir və gəlməməlidir".

Politoloq Elxan Şahinoğlu isə qeyd etdi ki, Sergey Lavrov xarici işlər naziri olduğu müddətcə Moskvanın Qarabağ istiqamətindəki təşəbbüslərinin münaqişənin ədalətli həllinə təkan verəcəyi gözlənilmir: “Bu adam nə edirsə, Azərbaycan əleyhinə edir, Qarabağla bağlı sadəcə il ərzindəki açıqlamalarını analiz etdikdə birinin də bizim xeyrimizə olmadığı qənaətinə gələrik. Azərbaycan ərazi bütövlüyü, Ermənistan isə xalqların öz müqəddəratı prinsipini əsas götürür və hər ikisi Helsinki Yekun aktına istinad edir. Azərbaycanın mövqeyi belədir ki, ermənilər xalq olaraq öz müqəddəratlarını bir dəfə müəyyənləşdiriblər və Ermənistan dövləti yaradıblar, Azərbaycan torpaqlarında ermənilərə ikinci dəfə öz müqəddəratlarını təyin etmək hüququ verilməyəcək. Bunu Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bildirib. Bu, Azərbaycan prezidentinin beynəlxalq aləmə mesajıdır ki, ”Dağlıq Qarabağın müstəqilliyinə yol açacaq referenduma heç bir halda icazə verilməyəcək". Ermənistan hakimiyyəti isə tam əksinə referendum təminatı almadan torpaqların bir hissəsini də boşaltmağa razı deyil. Həllin düyünə düşməsi bununla bağlıdır. Lavrov heç zaman ermənilərin istəyini arxa plana keçirərək, qeyd-şərtsiz Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına razı olmayacaq. Bu siyasət bölgədə gərginliyi artıracaq. Bölgədə istənilən təxribat 2016-cı ilin aprel döyüşlərinin təkrarlanmasına səbəb ola bilər. 2016-cı ilin yayında Bakıda böyük idman yarışları keçiriləcəkdi və məntiqlə bölgədə sabitliyə riayət olunmalı idi. Ancaq bu faktorun özü belə aprel toqquşmasının qarşısını almadı. Bu baxımdan 2018-ci ilin seçki ili olmasına baxmayaraq, danışıqlarda irəliləyişin əldə olunmaması atəşkəsin yenidən intensiv pozulmasına və cəbhə bölgəsindəki gərginliyin artmasına gətirib çıxara bilər. Azərbaycan və Ermənistan kifayət qədər silahlanıb. Bu silahlar və hərbi texnika vasitəsilə cəbhə bölgəsində mövqelərini gücləndirilməsinə çalışacaqlar. Əgər Ermənistan ordusu Qarabağda status-kvonu qorumağa çalışırsa, Azərbaycan ordusu tam tərsinə status-kvonu dəyişməyə çalışır. Bu da vasitəçilər üçün bir başqa dilemmadır ki, bunu həll edə bilmirlər. O ki qaldı, Lavrova, o gələn il də azərbaycanlı və erməni həmkarını mütəmadi olaraq Moskvaya səfərə dəvət edəcək, özü də bölgəyə səfərlər edəcək, ancaq hamısı boş vaxt itkisi olacaq"./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26