Interposta.Info

Rusiya Azərbaycanın yanında olmayacaq, çünki...

Siyasət
 7-11-2017, 11:44     5 641

Ekspertlərdən fərqli mövqe və təkliflər

Dağlıq Qarabağ məsələsində regionda söz sahibi olan Rusiyanın mövqeyinin həlledici amil olduğu sirr deyil. Çox az sayda insan tapılar ki, belə olmadığını düşünsün. Ermənistanın Rusiyanın forpostu olması faktı isə şimal qonşumuzun əlini bu məsələdə bir qədər gücləndirir.

Xüsusilə Kremlin istəyi yetər ki, İrəvan qeyd-şərtsiz Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltsın. Ancaq siyasətdə istəklər qarşılıqlıdır və ekspertlər dəfələrlə bəyan edib ki, Rusiya prezidenti əvəzini almadan Azərbaycanın xeyrinə münaqişəni həll etməyəcək. Baxmayaraq ki, Azərbaycan Rusiyanın maraqlarına toxunacaq heç bir addım atmır, Rusiyanın maraqları əleyhinə olan heç bir geosiyasi layihələrdə iştirak etməyib, Rusiyaya dost münasibətdə olduğunu hər fürsətdə isbatlayır, onun Qarabağ məsələsinə münasibətini dəyişmək mümkün olmur.

Azərbaycan Dağlıq Qarabağ məsələsinə münasibətdə Rusiyanın ən azından neytral qalması, yaxud da Azərbaycanın yanında olması üçün nələri edə bilər və etməlidir?

Bəzi siyasi ekspertlər hesab edir ki, Türkiyənin son zamanlar Rusiya ilə yaxınlaşması Azərbaycanın bu məsələdə imkanlarını artırır. Azərbaycan bu yaxınlaşmadan mümkün qədər yararlanmağa çalışmalıdır. Bunun üçün Türkiyə hakimiyyəti ilə ciddi iş aparılmalıdır. Ankara Moskvanın mövqeyinə təsir edə və Rusiyanın Qarabağ məsələsində heç olmasa neytrallaşdırılması rolunu oynaya bilər.

Eyni zamanda Bakı Moskvaya mesajlarını çatdırmalıdır ki, əgər Rusiya münaqişəni ədalətli həll edə bilməyəcəksə, işğalçının yanında olmaqda davam edəcəksə, Avrasiya İttifaqının güclənməsi planından birdəfəlik vaz keçməli olacaq. Daha bir mesaj bu olmalıdır ki, Dağlıq Qarabağ münaqişəsi Şimali Qafqazın qonşuluğundadır. Əgər münaqişə həll edilməmiş bu formada qalacaqsa, bu, Şimali Qafqaz xalqları üçün bir stimul rolunu oynayacaq. Dağlıq Qarabağdakı 70-80 min erməniyə müstəqillik istəyirsinizsə, Qafqazda o zaman iki milyona yaxın çeçen niyə müstəqil dövlət qurmamalıdır?! Bu mesajlar Rusiyada Şimali Qafqaza yaxın ərazilərdə müstəqillik uğrunda mübarizə aparan qrupun, millətin, etnosun mövcudluğunun Rusiyanın strateji təhlükəsizliyi üçün təhlükə mənbəyi olduğu rəyini möhkəmlədər. Nəticədə Moskva Dağlıq Qarabağ münaqişəsinin mümkün qədər tez həllində maraqlı ola bilər.

Ekspertlər hesab edir ki, “Biz bir-birimizdən ayrı mövcud ola bilmərik” deyən Rusiyanın Putin administrasiyasına siyasi dillə bunu çatdırmaq gərəkdir ki, Azərbaycanla Rusiyanın strateji müttəfiqliyi Qarabağın bütövlükdə və şərtsiz azad edilməsi şərti ilə mümkündür. Çünki nə qədər ki, Qarabağın işğalında Rusiyanın həlledici rol oynadığını istər dolayısı, istərsə də birbaşa onun üzünə vura bilmiriksə, onda aparılan mübarizənin nəticəsi olmayacaq, Rusiyanı Ermənistandan qoparmaq da mümkün olmayacaq.

Rusiya Azərbaycanın yanında olmayacaq, çünki...


AMİP katibi Əli Orucov isə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Azərbaycan və Türkiyənin nə etməsindən asılı olmayaraq Rusiyanın mövqeyini xeyrimizə dəyişmək mümkün deyil: “Rusiya xarici işlər nazirinin ildə bir dəfə dediyi mövqe var ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Lakin əməldə Azərbaycanın ərazilərini işğal edən ermənilərə dəstək verir, hətta Dağlıq Qarabağın müstəqilliyinə çalışır. Rusiyanın Azərbaycana qarşı mövqeyi tarixən dəyişməz qalıb. Torpaqlarımızı tikə-tikə parçalayan da məhz Rusiya olub. Moskva heç vaxt Azərbaycanın dostu və strateji müttəfiqi olmayıb. Bəzən deyirlər, biz bu güzəşti etsək, bu cür davransaq Moskva Qarabağ problemində bizə dəstək verəcək və sair. Bu ümidləri və fərziyyələri puç hesab edirəm. Biz Rusiyaya doğru nə qədər isti addımlar atsaq belə, onu Ermənistandan ayıra və səmimi müttəfiqimizə çevirə bilməyəcəyik. Qarabağ problemi də, Ermənistanın Azərbaycana təcavüzkarlığı da məhz Rusiyanın ”xidmətləridir". Bu münaqişədən Rusiya təkcə işlədilməsinə icazə və imkan vermədiyi silah satışından milyardlarla vəsait qazanır. Bütün regionu tam nəzarətində saxlayır. Bunları itirməyə razı olar? Əlbəttə ki, razı olmaz. Rusiya Qarabağ məsələsində heç vaxt nə Azərbaycanın yanında olacaq, nə də bitərəf qalacaq. Bu, ancaq Qarabağ daxil, Azərbaycanın yenidən Rusiya köləliyinə qayıtması nəticəsində mümkün olar. O zaman da Qarabağ probleminin birdəfəlik Azərbaycanın xeyrinə həllinə kəsin inamım yoxdur.

Sadəcə olaraq, indiki halda Moskvanı aqressivləşdirmək, regiondakı prinsipial maraqlarına toxunmaq olar və bu, ciddi fəsadlar yaradar"./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26