Interposta.Info

İrəvanda savaş ritorikası artıb:

Siyasət
 16-05-2017, 11:51     978

İrəvan danışıqlar prosesində əvvəlkinə nisbətən daha destruktiv mövqe tutmağa başlayıb.

interposta.info
xəbər verir ki, bu sözləri Axar.az-a açıqlmasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, nəinki danışıqlar prosesi, Ermənistanın davranışları da tamamilə Rusiyanın inhisarındadır:

“Erməni tərəfi Dağlıq Qarabağa keçici statusun verilməsindən dəm vurur və onun hüdudlarından kənardakı ərazilərin isə mərhələ-mərhələ qaytarılmasını irəli sürür. Beş rayon məsələsini Rusiyanın təzyiqi ilə müəyyən müddətə gündəmə gətirirlər. Nəticədə isə danışıqlar prosesi dalana dirənir. Bu məsələdə irəliləyiş yalnız Rusiyanın xeyir-duası ilə baş tuta bilər. Moskva isə tələsmir. Üstəlik, Ermənistanda müharibə ritorikası xeyli artıb. Erməni tərəfi çox təkəbbürlü davranır, hətta şantaj xarakterli şüarlardan çəkinmir. Bəzi mənbələrin məlumatına görə, “İsgəndər”lər də daxil olmaqla, Moskva İrəvana ən azı 3 milyard dollarlıq silah göndərib. Bundan xeyli ruhlanan İrəvan isə danışıqlar prosesində əvvəlkinə nisbətən daha destruktiv mövqe tutmağa başlayıb. Bu isə danışıqlar prosesinin alt-üst olması deməkdir. Çünki müəyyən məsələlər var ki, razılaşdırılıb, bəziləri isə artıq öz həllini gözləyir. Ancaq İrəvanın qeyri-konstruktivliyi buna imkan vermir”.

Politoloq qeyd edib ki, Ermənistanın hər addımı danışıqlar prosesinin pozulmasına yönəlib:

“Rusiya nədənsə yaxasını kənara çəkərək susur. Belə bir vəziyyətin nə vaxta qədər davam edəcəyini söyləmək çətindir. Zənnimcə, indiki şəraitdə müharibəyə getmək lazım deyil. Rusiyanın Cənubi Qafqazdakı nüfuzunun zəifləməsini gözləməliyik və bu, baş verə bilər. İndiki şəraitdə ordumuzu gücləndirməliyik və nəzərə almalıyıq ki, qarşıda duran təkcə Ermənistan tərəfi deyil. Hər halda, Azərbaycanın ədalətli mövqeyinin qalib gəlməsi üçün şərait mütləq yaranacaq”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26