Interposta.Info

Prezidentlərin Vyana görüşündən ötən bir ilin əsas dərsi

Siyasət
 17-05-2017, 10:19     489

işğalçı ölkədən daha çox hərbi ritorika, özündənrazı davakar bəyanatlar eşidilir, nəinki sülhə yardımçı olan davranış. Bu da o anlama gəlir ki, təcavüzkar ölkə konstruktiv mövqedən bu gün də çox uzaqdır.
*****
Sözsüz ki, işğalçı ölkənin belə radikal tövr sərgiləməsinin tək səbəbi onun özünə, cəzasızlığa arxayınçılığıdır. Bu arxayınçılığı onda yaradan isə əlbəttə ki, hər şeydən əvvəl Rusiyadır, Rusiya ilə hərbi-siyasi müttəfiqlikdir. Kremlin erməni işğalına de-fakto qarant durması, Ermənistanı öz forpostuna çevirməsidir.

Amma erməni tərəfindəki cəzasızlıq hissi təkcə Rusiya amili ilə də bağlı deyil. Nə yazıq ki, illərdir Ermənistana qarşı Qərbi təmsil edən iki əsas vasitəçi dövlət - ABŞ və Fransa da loyal münasibətdədir. Xristian amili və gizli xristian təəssübkeşliyi, digər faktorlar Qərbə imkan vermir ki, Ermənistana olduğu kimi - işğalçı qismində yanaşsın, ondan Dağlıq Qarabağla bağlı BMT TŞ-nin qətnamələrini yerinə yetirməyi tələb eləsin.
Halbuki Krım, Abxaziya və Cənubi Osetiya məsələlərində həmin Qərb - ABŞ və Avropa işğalçı Rusiyaya qarşı ən sərt mövqe tutub, ona sanksiyalar tətbiq edir. Amma işğalçı Ermənistana gələndə Amerika və Avropa yumşalır, sanki işğalçı ilə işğala məruz qalanın yerini dəyişdirir. Azərbaycan prezidenti İlham Əliyevin dəfələrlə qeyd elədiyi kimi, yeri gələndə BMT qətnamələri cəmi bir neçə saatın içində yerinə yetirilib, di gəl ki, Qarabağa dair analoji qətnamələr 25 ildir kağız üzərində qalır.
*****
Bu fonda təbii ki, müharibə riskinin qalması və artması məntiqlidir. Fakt budur ki, ilin 5-ci ayı yarı olsa da, sülh danışıqlarında hər hansı pozitiv hərəkətlilik müşahidə olunmur. Belə davam edərsə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu yay bölgəyə nəzərdə tutulan səfəri də növbəti nəticəsiz ziyarət kimi tarixə düşəcək. Çünki pozitiv dinamika üçün belə səfərlər kifayət deyil, vacibdir ki, səfərlərarası dövrdə də danışıqlar prosesi dayanmasın, intensiv şəkildə davam eləsin, irəli aparılsın.

Söhbət həm də xarici işlər nazirləri səviyyəsində davamlı təmaslardan gedir. Və belə görüşlər də ən azından prezidentlərin daha səmərəli təması üçün zəmin yaratmalıdır. Bu isə yoxdur. Üfüqdə belə şey görünmür. Rusiya Ali Məhkəməsinin iki gün öncə Ümumrusiya Azərbaycanlıları Konqresini ləğv etməsi ilə Moskvanın bir az da ermənipərəst mövqe sərgiləməsi isə göstərdi ki, xüsusən də Rusiyadan tezliklə optimal addımlar gözləməyə dəymir.

Yeri gəlmişkən, ötənilki 4 günlük aprel müharibəsindən az sonra baş tutmuş prezidentlərin Vyana görüşündən (16 may 2016) bir il ötür. Həmsədrlərin və üç vasitəçi dövlətin xarici siyasət idarələri başçılarının da qatıldığı həmin görüşlə bağlı böyük bir ümid var idi ki, nəhayət, aparıcı dövlətlər işğalçını ağla gətirəcək və böyük sülh anlaşması yönündə əsas əngəl aradan qalxacaq.

Təəssüflər olsun ki, nəinki daha bir şans əldən buraxıldı, üstəlik, nəticəsiz bitən Vyana təmaslarından keçən bir ildə bu yöndə ciddi hər hansı sülh təşəbbüsünün şahidi də olmadıq - nə fərdi qaydada, hansısa həmsədr dövlət səviyyəsində, nə də ortaq səylərin məhsulu kimi. Əsas səbəb əslində deyildi - işğalçı yenə özünü cəzasız hiss etməyə başlayıb.
*****
Bundan sonrakı gözləntiləri, sülh və müharibə ehtimallarını şərh edən politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli nikbin deyil.
“İrəvan danışıqlar prosesində əvvəlkinə nisbətən daha destruktiv mövqe tutmağa başlayıb”. Bu sözləri o, axar.az-a açıqlamasında deyib. Politoloq bildirib ki, nəinki danışıqlar prosesi, Ermənistanın davranışları da tamamilə Rusiyanın inhisarındadır.

“Erməni tərəfi Dağlıq Qarabağa keçici statusun verilməsindən dəm vurur və onun hüdudlarından kənardakı ərazilərin isə mərhələ-mərhələ qaytarılması variantını irəli sürür. Beş rayon məsələsini Rusiyanın təzyiqi ilə müəyyən müddətə gündəmə gətirirlər. Nəticədə isə danışıqlar prosesi dalana dirənir. Bu məsələdə irəliləyiş yalnız Rusiyanın xeyir-duası ilə baş tuta bilər. Moskva isə tələsmir”, - deyə sabiq dövlət müşaviri qeyd edib.

Onun sözlərinə görə, üstəlik, Ermənistanda müharibə ritorikası xeyli artıb. “Erməni tərəfi çox təkəbbürlü davranır, hətta şantaj xarakterli şüarlardan çəkinmir. Bəzi mənbələrin məlumatına görə, ”İsgəndər"lər də daxil olmaqla, Moskva İrəvana ən azı 3 milyard dollarlıq silah göndərib. Bundan xeyli ruhlanan İrəvan isə danışıqlar prosesində əvvəlkinə nisbətən daha destruktiv mövqe tutmağa başlayıb. Bu isə danışıqlar prosesinin alt-üst olması deməkdir. Çünki müəyyən məsələlər var ki, razılaşdırılıb, bəziləri isə artıq öz həllini gözləyir. Ancaq İrəvanın qeyri-konstruktivliyi buna imkan vermir" - politoloq bildirib.

Ekspertin əminliyinə görə, Ermənistanın hər addımı danışıqlar prosesinin pozulmasına yönəlib. “Rusiya nədənsə yaxasını kənara çəkərək susur. Belə bir vəziyyətin nə vaxta qədər davam edəcəyini söyləmək çətindir. Zənnimcə, indiki şəraitdə müharibəyə getmək lazım deyil. Rusiyanın Cənubi Qafqazdakı nüfuzunun zəifləməsini gözləməliyik və bu, baş verə bilər. İndiki şəraitdə ordumuzu gücləndirməliyik və nəzərə almalıyıq ki, qarşıda duran təkcə Ermənistan tərəfi deyil. Hər halda, Azərbaycanın ədalətli mövqeyinin qalib gəlməsi üçün şərait mütləq yaranacaq”, - deyə politoloq sonda əlavə edib.

Gerçəkdən də mövcud mürəkkəb şərtlər, müharibə variantı Azərbaycandan daha çevik hərəkət etməyi və incə diplomatiya aparmağı, ilk növbədə də təhlükəli Rusiya amilini nəzərə alıb daha uyğun zamanı gözləməyi tələb edir./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26