Interposta.Info

Cəbhədə bizim əsgərlərimiz ölür -

Dünya
 1-05-2017, 12:46     581

Moskvada ötən həftəsonu Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü də nəticəsiz başa çatdı. Əslində gözlənilən idi. Çünki sülh prosesinə real dinamika verməli olan əsas vasitəçi dövlətin - Rusiyanın fəallığı gözə dəymirdi.

Başqa sözlə, nazirlərin Moskva təmasının hansısa nəticə verməsi üçün obyektiv zəmin formalaşmamışdı. Bu, olsa-olsa, müharibə riskini bir azca azaltmaq üçün rəsmi Moskvanın görüş xətrinə görüş təşəbbüsü idi. Necə deyərlər, Qarabağa dair daha bir nəticəsiz tədbirə “quş” qoyuldu. Bu, o deməkdir ki, sülh danışıqlarında ötən ilin iyunundan - prezidentlərin Sankt-Peterburq görüşündən sonra durğunluq davam edir.

Davam etdikcə də müharibə ehtimalı öz aktuallığını saxlayır. Konfliktin həllinin müstəsna olaraq, güc yolu ilə mümkünlüyünə inam sürətlə artır. Üçüncü on illikdir əzəli torpaqları işğal altında olan Azərbaycanda bu inam daha sürətlə böyüməkdədir.

***

Maraqlıdır ki, erməni ekspert çevrələrində də Qarabağ konfliktinin sülh yolu ilə nizama salınmasına inananlar çox deyil. Bu xüsusda 1 in.am nəşrinin şərhçisi Aram Amatuni hesab edir ki, problemin hərbi yolla həllinin olmadığı haqda yayılmış ritorikaya rəğmən, real siyasət rejimində hamıya aydındır ki, problem məhz hərbi yolla çözülə bilər.

“Yəni o vaxt çözülə bilər ki, münaqişə tərəflərindən biri digər tərəfdən hərbi məğlubiyyətə uğradılacaq. Əks halda dərin anlamda problemin məntiqi də belədir ki, 20 illik sülh prosesi ikinci fikrə sadəcə olaraq, yer saxlamayıb. Ən azı, daha iki on illik müddətdə istər erməni, istərsə də Azərbaycan tərəfi üçün nizamlamanın təklif edilən hər hansı güzəştli variantı məqbul olmayacaq - müxtəlif obyektiv və subyektiv səbəblərdən” - Amatuni yazıb.

Musavat.com-un məlumatına görə, erməni analitikin fikrincə, deməli, münaqişənin nizamlanması üçün bu nizamlama tərəflərdən birinin qələbəsi, digərinin isə məğlubiyyəti ilə başa çatmalıdır. “Mahiyyət etibarilə də nizamlama adlandırılan proses - məhz bu prosesin başa çatması deməkdir. Ancaq aprel müharibəsi göstərdi ki, konfliktin bitməsi və ya hərbi variant üzrə həlli mümkün deyil, ona görə ki, tərəflərdən heç biri digəri üzərində qələbə çalmaq və onu məğlub etmək iqtidarında deyil, xüsusən də status-kvo sərf etməyən tərəf Azərbaycan”, - deyə siyasi şərhçi qeyd edib.

***

Ancaq erməni şərhçinin sonuncu qənaəti ilə razılaşmaq çətindir. Məsələ ondadır ki, - bunu erməni tərəfi də yaxşı bilir, - Azərbaycan nəinki hərbi qüdrəti, eləcə də iqtisadi və insani potensialı da işğalçı ölkədən üstündür və Rusiya amili olmazsa, erməni hərbi birləşmələrinin işğal edilmiş ərazilərdən silah gücünə çıxarılması çox zaman ala bilməz. Yəni münaqişə tərəflərindən birinin - məhz Ermənistanın hərbi məğlubiyyəti ilə problemə son qoyular.

İş də ondadır ki, Azərbaycan təkcə Ermənistanın yox, həm də Rusiyanın hərbi birləşmələri ilə, bir işğalçı ilə deyil, iki işğalçı ilə qabaq-qənşərdir. Rəsmi İrəvanı arxayın salan, onu sülh danışıqlarını sabotaj etməyə həvəsləndirən əsas amil də budur. Odur ki, dinc həll yollarının effekt vermədiyini nəzərə alan Azərbaycan Rusiya amili ilə bağlı ən əlverişli məqam-fürsəti səbirlə gözləməyə məcburdur.

İndilikdə isə Azərbaycan, sözsüz ki, təcavüzkar üzərində əzici hərbi üstünlüyünü təmin eləmək üçün gərəkənləri edəcək. Buna Ermənistandan fərqli olaraq, bizim iqtisadi potensialımız da imkan verir. Ən əsası, Azərbaycan kasıb və sürətlə boşalan Ermənistanı bahalı silahlanma yarışına cəlb eləməklə onun olan-qalan iqtisadiyyatını da çökdürməyi hədəf almalıdır.

***

Bu arada işğalçı ölkənin rəhbərliyi, Müdafiə Nazirliyi çağırışçı problemi yaşayan erməni ordusunu canlı qüvvə sarıdan komplektlışdirmək üçün alternativ yollar axtarışına çıxıb. Gənclər ən müxtəlif bəhanələrlə orduya, daha doğrusu, işğal altındakı ərazilərdə ucuz ölümə şirnikləndirilir. Gerçəkdən də erməni əsgərlərinin Azərbaycan torpaqlarında, Ağdamda, Füzulidə nə iti azıb ki, burada havayı ölümə də tuş gəlsinlər?

İrəvandakı Milli və Strateji Tədqiqatlar Mərkəzinin direktoru Manvel Sərkisyan müdafiə naziri Viqen Sərkisyanın bu qəbildən yaxınlarda irəli sürdüyü “millət-ordu” konsepsiyasına şübhə ilə yanaşır. Politoloq deyib: “Bizdə cəbhə xəttində hansısa yeni situasiya haqda çox danışırlar. Deyirlər ki, rəqib daima silahdan istifadə edir və bizim əsgərlərimiz həlak olur. Deyirlər ki, bu, olduqca ciddi problemdir və bu haqda düşünmək lazımdır. Belə bir şey olmamalıdır. Sərhədlərin möhkəmləndirilməsinin heç bir əhəmiyyəti yoxdur. Başqa, daha sadə həqiqət var: 18 yaşlı oğlan uşağı, üstəlik, kasıb ailədən olan uşaq sərhədə göndərilir və orada təhlükə altına düşür. O, ön cəbhəyə getməməlidir. Problem bundadır. Ön cəbhəyə yalnız istəyi olanlar göndərilməlidir. İstənilən xalqda, əgər qanunla normal şərait yaradılıbsa, insanlar var ki, belə riskli hərbi xidmətə razı olur. Yəni insan özü seçir. Söhbət bir neçə min insandan gedir. Əgər bu qəbildən aktual məsələlər həll olunmursa, bunun yerinə başqa təkliflər gəlirsə - 3 illik hərbi xidmət əvəzinə pul və s. - demək, burada başqa məqsədlər güdülür”.

***

Sərkisyanın dedikləri əslində bir daha Ermənistanda orduya çağırışçı probleminin nə dərəcədə kəskin şəkil aldığını bariz təsdiq edir. Yoxsa ki, indi də erməni gənclərini şirnikləndirmək üçün “ordu-xalq” konsepsiyası ortaya atılmazdı. Bütün bunlar obrazlı ifadə eləsək, suda boğulanın saman çöpündən yapışması kimi bir şeydir.

Nə qədər ki, erməni xalqı Azərbaycanla açıq hərbi qarşıdurmanın perspektivsizliyinə əminlik hasil etməyib, o vaxta kimi də onun canlı itkiləri azalmayacaq. Ağır maddi, sosial-iqtisadi məhrumiyyətlər, ölkənin sürətlə boşalması da öz yerində.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26