Interposta.Info

Qarabağda qorxulu nisbi sakitlik –

Siyasət
 29-04-2017, 11:06     610

Azərbaycan düşmən tərəfə xəbərdarlıq etdi: “Seçim Ermənistan rəhbərliyinin, Sərkisyanındır”; ekspertlər isə Qarabağ ətrafındakı vəziyyətin nazirlərin üçlü Moskva görüşündən sonra da riskli qalacağı qənaətindədirlər...

Az qala, bir ilə yaxındır durğunluq yaşayan Qarabağ sülh danışıqlarının “buzu” deyəsən yazın gəlişi ilə açılır. Dünən Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü nəzərdə tutulurdu - hərgah, görüş öncəsi hökm sürən ab-hava, ələlxüsus da işğalçı ölkə rəsmilərinin davranışları nikbinliyə, ümidlərə ciddi əsas yaratmırdı.

Elə təcavüzkar ölkənin əsas havadarı hesab olunan Rusiyanın da Dağlıq Qarabağ konfliktinin həllində real səylər göstərmək istəyini görmək olmur. Belə iradəni ötən ilin iyunundan - prezidentlərin Sank-Peterburq görüşündən sonra ümumiyyətlə, müşahidə eləmirik. Kremlin Azərbaycana, Qarabağ məsələsinə yanaşmada nə dərəcədə qərəzsiz, daha doğrusu, qərəzli olduğu və ermənipərəst mövqe tutduğunu isə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxararovanın Moskva görüşü ərəfəsində Dilqəm Əsgərov mövzusunda danışarkən azərbaycanlı jurnalistləri təhqir etməsindən bir daha göründü. Bundan bir neçə ay qabaq isə Zaxarovanın rəhbəri - erməni kökənli Sergey Lavrov “Dağlıq Qarabağ Azərbaycanın daxili məsələsi deyil” deməklə Rusiyanın gerçək mövqeyini - ermənipərəst mövqeyi ortaya qoymuşdu.

Dünənki üçtərəfli Moskva təması məhz bu qəbildən xoşagəlməz, anti-Azərbaycan gəlişmələri fonuna təsadüf edirdi. O üzdən görüş ərəfəsində verilən rəsmi və qeyri-rəsmi şərh və açıqlamalar ən əvvəl bu kontekstdə diqqət çəkir. Görüşün KİV-lər üçün qapalı olması da müəyyən mənada maraq doğururdu. Yəni gerçəkdənmi tərəflərin hansısa ciddi məsələni müzakirə etməyə hazırlaşması barədə intriqalı situasiya yaranmışdı.
***
“Görüş Azərbaycanın Qarabağla bağlı mövqeyi dəyişməz olaraq qalır”.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüş ərəfəsi verdiyi açıqlamada deyib (Report). Onun sözlərinə görə, Moskvada görüş təşkil edilməsi təşəbbüsü sülh danışıqlarında vasitəçi kimi çıxış edən Rusiyaya məxsusdur. “Qarşıdakı danışıqlarda hər şey Ermənistan rəhbərliyinin siyasi iradəsindən asılı olacaq. Təbii ki, xarici işlər naziri yox, onun təmsil etdiyi ölkənin ali baş komandanını nəzərdə tuturam. Söhbət Qarabağ ətrafındakı işğal olunmuş ərazilərindən qoşunların çıxarılmasına hazırlıqdan gedir”, - deyə Azərbaycan XİN başçısı bildirib.

Nazir qarşıdakı danışıqlardan müsbət irəliləyiş, müəyyən razılaşmaların əldə olunmasını gözlədiyini vurğulayıb. O, həmçinin görüşün mətbuat üçün qapalı olmasının Rusiya XİN-in protokol xidmətinin tələbi olduğunu qeyd edib. “Görüşün bağlı qapılar arxasında keçirilməsi öz-özlüyündə nəsə maraqlı bir şey gözlənildiyindən xəbər verir”, - deyə Məmmədyarov ümidverici tonda əlavə edib.

“Moskva görüşü nəticəsiz qalacaq, çünki İrəvan hələ də sülh prosesindən və kompromislərin axtarışından yayınır”. Bu sözləri Axar.az-a Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin dünənki görüşünü şərh edən politoloq Tofiq Abbasov deyib. Ermənistanın heç bir ehtiyat variantının olmadığını bildirən politoloq İrəvanın bu haqda heç düşünmədiyini də qeyd edib.

“Hakimiyyətdə olan erməni elitası işğalçı komandadır. Sərkisyan və onun yaxın ətrafı, eyni zamanda Edvard Nalbəndyan da diplomat kimi bu prosesə cəlb olunub. Bunların əsas məqsədi Azərbaycan torpaqlarını zəbt etməkdir. Ermənistanın başında duran bu komandanın fəaliyyəti Dağlıq Qarabağ siyasi danışıqlar prosesini gülləbaran edir. Ermənilər Moskva görüşündən yayınmaq istədilər. Ancaq Rusiya siyasi və mənəvi cavabdehlik daşıdığından, bu, baş tutmadı. Həmsədrlər isə təmaslar qırılacağı təqdirdə müharibə ehtimalının artmasından ehtiyat edirlər. Azərbaycan kompromislərə hazırdır, ancaq bir şərtlə ki, torpaq məsələsi, ərazi bütövlüyü müzakirə obyekti ola bilməz” - ekspert bildirib.

Politoloq onu da qeyd edib ki, Ermənistanın əldə edəcəyi ən böyük qənimət sülhdür, çünki İrəvan müharibədən şiddətli şəkildə qorxur: “Hazırda Ermənistanda keçid dövrüdür, prezident üsul-idarəsi ilə vidalaşırlar. İndi parlament üsul-idarəsinə keçmək üçün bunlara vaxt lazımdır. Çox güman ki, Sərkisyanın portfelində heç bir alternativ yoxdur, o, səlahiyyətləri bitənə qədər hakimiyyətini qoruyub saxlamaq istəyir. Ancaq əsas qayəsi hakimiyyətdən məğlub edilməmiş şəkildə getməkdir. Sərkisyan rıçaqları öz varisinə verəcək və ona qədər də özünü qalib kimi aparacaq. Bu, açıq seçilir. Belə başa düşürəm ki, Azərbaycan tərəfindən Ermənistana möhlət verilib və bu möhlət daimi ola bilməz. Ermənistanda keçid dövründən sonra yeni sistem qüvvəyə mindikdə rəsmi İrəvan mütləq öz mövqeyini açıqlamalıdır. Bunun Madrid prinspiləri, Lavrov planı və ya həmsədrlərin vahid ortaq planı olacağı isə artıq ikinci dərəcəli məsələdir”.

“Danışıqlar prosesində durğunluq birbaşa İrəvana sərf edir. Rusiya, ABŞ və Fransanın susqunluğu nəticəsində Ermənistan mövcud status-kvonu saxlamaq imkanı əldə edir”.

Politoloq Arzu Nağıyev bu fikirdədir. Onun sözlərinə görə, Qarabağla bağlı hazırkı vəziyyət çox risklidir və lokal hərbi əməliyyatlarla nəticələnə bilər.

“Danışıqlar prosesində durğunluq birbaşa İrəvana sərf edir. Rusiya, ABŞ və Fransanın susqunluğu nəticəsində Ermənistan mövcud status-kvonu saxlamaq imkanı əldə edir. Əgər Moskva görüşündən də bir nəticə çıxmazsa, o zaman təzyiq vasitələri işə düşə bilər. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün istənilən addımı atmağa hazırdır. Ermənistan müharibədən çəkindiyini hər addımda göstərir”, - siyasi şərhçi vurğulayıb.

Ekspert Moskva görüşünün də nəticəsiz bitəcəyini düşünür: “Düzdür, belə görüşlərin olmaması ermənilərin xeyrinədir. Aydın məsələdir ki, Lavrovun məqsədi də bir görüntü yaratmaqdır. Ancaq erməniləri masa arxasında əyləşdirmək üçün bütün imkanlarımız var”.
***
Azərbaycan doğrudan da belə imkanlara malikdir. Söhbət ilk növbədə hərbi qüdrətimizdən, ordumuzun gündən-günə artan döyüş qabiliyyətindən gedir. Azərbaycan Silahlı Qüvvələrinin intensiv davam edən hərbi təlimləri bu qənaəti daha da gücləndirir.

Elə Moskva görüşündən cəmi iki gün sonra - mayın 1-dən 5-dək Azərbaycanda qardaş Türkiyənin hərbi qüvvələri ilə birgə təlimlər başlayacaq. Bundan az öncə isə Azərbaycan özü 30 min hərbçinin, yüzlərlə zirehli texnika və artilleriya qurğusu, digər müasir döyüş sistemlərinin qatıldığı hərbi manevrlər həyata keçirmişdi.

Bir sıra siyasi müşahidəçilərə görə, Moskvanın əlüstü nazirlərin üçtərəfli görüş təşkil etməsinin əsas motivi də Azərbaycanın müharibə hazırlıqlarını gücləndirməsi, üstəlik, bunu həm də qardaş Türkiyə ilə birgə etməsi səbəb olub. Hər necə olmasa, Moskva görüşünün yekunu bu incə məqamı da özündə əks etdirməli idi.

Bu arada işğalçı ölkə 2017-ci il üçün öz canlı hərbi itkilərinin sayını açıqlayıb. Rəsmi məlumata görə, onların sayı 20-dir. Lakin müstəqil hüquq müdafiəçiləri hesab edir ki, onların sayı daha çoxdur və təbii ki, Azərbaycanın son 4 aydakı itkiləri ilə müqayisədə qat-qat böyükdür (Elə dünən düşmən Qarabağda daha bir işğalçı əsgərini itirib). İstənilən halda, təkcə bu göstərici də Ermənistanın müharibə qabiliyyətinin hansə səviyyədə olması haqda dolğun təsəvvür yaradır.
Biz hələ düşmən ölkədə orduya çağırışçı probleminin yaşandığını demirik. Bu da məntiqlidir. Çünki müharibə vəziyyətində olan, ildən-ilə daha sürətlə boşalan Ermənistanda heç kəs, heç bir ağlı başında olan gənc Sərkisyan rejimi uğrunda həyatını qurban vermək istəmir. Əgər işğalçı ölkənin arxasında Rusiya dayanmasaydı, onun ordusu pis-yaxşı rus silahları ilə təchiz edilməsəydi, ümumiyyətlə, Ermənistanın işğalçılığı bunca sürməzdi. Azərbaycanla qarşıdurmanın absurdluğunu dərk edən İrəvan konstruktiv mövqe tutmaq zorunda qalardı.
***
Əfsus ki, Rusiya da problemin həllini tezləşdrmək niyyətində deyil. Onu Qarabağ məsələsindən, erməni hərbçilərinin mənasız ölümlərindən daha çox, bölgədə öz hərbi, geosiyasi maraqları düşündürür. Dünənki Moskva görüşü həm də bu acı reallıq fonunda reallaşmalı idi. Yəni ki, nazirlərin üçlü görüşü Qarabağ ətrafındakı sükutu savaşın xeyrinə də poza bilər.../musavat.com
P.S. Yazı nazirlərin Moskva görüşündən öncə hazırlanıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26