Interposta.Info

“Kreml Ermənistanı cəzalandıracaq” -

Siyasət
 28-04-2017, 12:43     662

Rusiya uzun fasilədən sonra təşəbbüsü ələ alıb Qarabağ münaqişəsi ilə bağlı danışıqlara ev sahibliyi edəcək. Belə ki, keçən ilin aprel döyüşlərindən sonra ilk dəfə Qarabağ münaqişəsinin həlli ilə bağlı bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirlərinin görüşü nəzərdə tutulub.

Görüşlə bağlı Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov bu gün Moskvada keçiriləcək Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edib. O bildirib ki, Moskva görüşü Dağlıq Qarabağ münaqişəsi üçün olduqca əhəmiyyətlidir: "Bu görüş Ermənistanın ya münaqişənin "Kazan düsturu” çərçivəsində həllinə razılaşmasını, ya da danışıqlar prosesindən tamamilə yayınmasını müəyyən edəcək”.

interposta.info xəbər verir ki, politoloq Elxan Şahinoğlu Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünü BakiPost.az-a şərh edərək deyib ki, burada Moskvanın əsas məqsədi münaqişəni həll etmək yox, mövcud vəziyyəti qorumaqdır: "Kremlin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşünü təşkil etməkdə nə marağı var? Axı Moskvanın əsas məqsədi münaqişəni həll etmək yox, mövcud vəziyyəti qorumaqdır. Rusiya hakimiyyəti aprel ayından çox qorxurdu. Düşünürdülər ki, Azərbaycan ordusu bir il bundan öncəki hərbi əməliyyatı təkrarlaya bilər. Bu baş vermədi. Rusiya rəsmilərinin Azərbaycana çoxsaylı səfərləri nəticəsini verdi. Ancaq bu ümumilikdə hərbi toqquşma ehtimalını azaltmayıb. Snayperlərimiz fəal işləyirlər, elə gün olur ki, işğalçıların iki hərbçisi məhv edilir. Yəni onsuz da atəşkəsə riayət olunmur. Rusiyanın təklifləri isə bizi qane etmir.

Rusiyalı politoloq və özünü prezident Vladimir Putinin yaxın çevrəsindəki ekspert kimi təqdim edən Sergey Markova inansaq bu gün xarici işlər nazirlərinin Moskva görüşündə Ermənistan Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll planına razılaşmasa Kreml tərəfindən cəzalandırılacaq. Markov ötən il də deyirdi ki, 2016-cı ilin sonuna qədər Ermənistan 5 rayonu boşaldacaq və azərbaycanlı məcburi köçkünlər geri dönəcəklər. Əlbəttə, Markovun Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi alqışa layiqdir. Ancaq arzuları reallıq kimi göstərmək də yanlışdır, Azərbaycan cəmiyyətinin başının altına yastıq qoymaq lazım deyil. Bunun bizə xeyrindən çox zərəri var”.

Ermənistan rəsmilərinin "biz növbəti görüşdə iştirak etməyəcəyik” açıqlamalarına gəlincə, politoloq bildirib ki, ermənilərin belə bir fikir söyləməsi isə oyundan başqa bir şey deyil: "Guya narazıdırlar. Ancaq əslində Moskva görüşündə birbaşa özləri maraqlıdırlar. Çünki bilirlər ki, Kreml Ermənistanın maraqları əleyhinə addım atmayacaq. Əskinə, naz eləməklə Azərbaycanda "əgər Ermənistan danışıqlarda iştirak etmək istəmirsə, Moskvanın dəvətindən imtina edirsə, deməli bu avtomatik bizim xeyrimizədir, ona görə də Kremlin görüş təklifinə biz düşünmədən razılaşmalayıq” müzakirələrinin genişlənməsinə şərait yaradırlar. Biz görüşə dərhal razılaşırıq, bizdən sonra onlar da razılaşır, danışıqlar başa çatır, biz görüşdən narazı, onlar isə razı qayıdırlar. Belə görüşdən niyə imtina etsinlər ki? Bu da informasiya müharibəsinin tərkib hissəsidir. Status-kvonun, o cümlədən atəşkəsin uzanmasına yol açan bütün müzakirələr Ermənistanın xeyrinədir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26