Interposta.Info

Lavrov Qarabağla bağlı

Siyasət
 8-03-2017, 13:44     1 061

Lavrov Qarabağla bağlı

Yalan danışmayacağam. Ermənistan və Azərbaycan bir neçə mühüm aspekt üzrə razılığa gəlməkdən uzaqdır.

Bunu Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışan nazir bildirib ki, Moskva həm Bakı və İrəvanla ikitərəfli münasibətləri çərçivəsində, həm də Minsk Qrupunun həmsədri kimi prosesə yardım etməyə hazırdır:

"Biz bütün addımları ABŞ və Fransa tərəfindən hazırlanan prinsipial yanaşmalar çərçivəsində atırıq. Ancaq etiraf etmək lazımdır ki, tərəflər Qarabağ nizamlanmasının mühüm aspektləri üzrə razılaşa bilmirlər”. Lavrovun fikrincə, müəyyən müddəalar üzrə "razılaşmalar” mövcuddur:

"Yekun paket üçün mühüm olan iki-üç konkret mövzu hələlik müzakirə olunmur. Amma biz münaqişənin nizamlanacağına ümid edirik. Ətraf rayonların qaytarılması və orada yaşayan insanlar nəzərə alınmaqla Dağlıq Qarabağın statusunun müəyyən edilməsi mühüm məqamlardır. Eyni zamanda beynəlxalq sülhməramlı qüvvələr mövzusu da müzakirə olunmalıdır”.

Lavrovun açıqlamaları ilə bağlı Şərq.az-a fikirlərini bölüşən siyasi ekspert Elçin Mirzəbəyli deyib ki, Rusiya XİN rəhbərinin sözləri etiraf yox, Kremlin mövqeyidir:

"Tərəflər razılığa gələ bilmirlər yanaşması növbəti dəfə Ermənistanın mövqeyinin müdafiə olunması deməkdir. Heç kimə sirr deyil ki, Rusiya işğalçı Ermənistana təzyiq göstərmək gücünə malikdir. Rusiyanın düşmən ölkədə hərbi bazası mövcuddur. Ermənistan Kremlin iradəsindən kənar heç bir addım atmaq iqtidarında deyil. Ermənistan təcavüzkar, Azərbaycan isə işğala məruz qalan tərəfdir. Ancaq bu reallığa rəğmən Rusiya tərəflər arasında bərabərlik işarəsi qoyur. Deməli, faktiki olaraq işğalçını dəstəkləyir. Moskvanın hansısa formada Ermənistana təzyiq göstərmək niyyəti yoxdur”.

Ekspertin sözlərinə görə, "Rusiya münaqişəni həll etməyi bacarmır” düşüncəsi yanlışdır:

"Rusiya bunu çox yaxşı bacarır, sadəcə etmək istəmir. Çünki indiki şəraitdə Rusiyanın geo-siyasi maraqları bunu tələb edir. Kreml vassalı olan Ermənistana, Dağlıq Qarabağ probleminə ön cəbhəsi kimi baxır. Çox güman ki, Rusiya yaxın müddətdə bu niyyətindən əl çəkməyəcək.

Kremlin yanaşması eyni zamanda "Rusiya münaqişənin həllində açar rolu oynayır” düşüncəsindən imtina edilməsi kimi də dəyərləndirilə bilər. Görünür, Moskva münaqişənin həlli ilə bağlı məsuliyyəti öz üzərinə götürmək istəmir. Rusiyanın istəyi odur ki, Ermənistandakı seçkilər təlatümsüz baş tutsun və hakimiyyət bir formadan başqa formaya məxməri yolla keçsin”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26