BƏƏ-də gözlənilən görüş: Razılıq əldə oluna bilərmi? (ŞƏRH)

"Nəqliyyat kommunikasiya xətlərinin açılması məsələsində müəyyən irəliləyişlər mümkündür".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında gözlənilən görüşü şərh edərkən deyib.
Amma ekspertin fikrincə, orada sülh müqaviləsi imzalanmayacaq:
"BƏƏ-in həm Azərbaycan, həm də Ermənistanla normal münasibətləri var. Bu kontekstdə həmin ölkə Azərbaycan və Ermənistan nümayəndələrinin görüşünə şərait yarada, vasitəçilik edə bilər. Ancaq bu görüşdən konkret ciddi nəticələrin çıxacağını düşünmək hələ tezdir. Azərbaycanın iki şərti var. Bu şərtlər yerinə yetirilmədən Azərbaycanın yekun sülh müqaviləsini imzalayacağı gözlənilmir".
Həmsöhbətimiz düşünür ki, Bakı, İrəvan, həm də Ankara ABŞ-ın dəhlizlə bağlı təklifini qəbul edə bilərlər:
"Bununla belə, tərəflər arasında nəqliyyat kommunikasiyaların açılmasında konkret müzakirə ediləsi məsələlər var. Düşünürəm ki, bu məsələdə müəyyən irəliləyişlərin əldə edilməsi mümkündür. Paşinyanın Türkiyə səfərindən sonra Rusiyanın İrəvan və Bakıya təzyiqləri artıb. Moskvanın Azərbaycan və Ermənistana yönəlik bu davranışı da Rusiyanın həmin nəqliyyat kommunikasiya xətləri açılacağı təqdirdə oyundankənar vəziyyətdə qalması ehtimalı ilə əlaqədar ola bilər. Habelə ABŞ-ın nəqliyyat dəhlizinin açılması ilə bağlı konkret təklifləri də ortalıqdadır. Ola bilsin, bu məsələ Paşinyanla Ərdoğan arasında da ciddi müzakirə olunub. Deməli, Bakı, İrəvan, həm də Ankara ABŞ-ın təklifini qəbul edə bilər".
Qeyd edək ki, "Middle East Eye” nəşrinin məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın bu ayın sonlarında Dubayda görüşü planlaşdırılıb. Sonuncu dəfə iki ölkə lideri Avropa siyasi birliyinin Tiranadakı tədbirində görüşüblər.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26