Interposta.Info

Trampın Qüds qərarı Vaşinqtonun, yoxsa Moskvanın işinə yaradı?

Müxtəlif
 14-12-2017, 09:49     9 998

Politoloq: “Yaxın Şərqdə yeni bir savaş başlatmaq istəyən ABŞ-İsrail və bəzi Ərəb ölkələrinin işbirliyi ilə qurulan planı tamamilə pozmaq üçün mütləq mənada İslam dövlətlərindən ibarət, əməli fəaliyyətdə olacaq bir müsəlman ordusu yaratmaq lazımdır”


“ABŞ və İsraillə əməkdaşlıqda, iş birliyində olan və Qüdsə qarşı sövdələşmə planının içərisində yer alan xəyanətkar ölkələr İstanbula gəlməsələr də, 48 ölkənin iştirakı ilə baş tutacaq İslam Əməkdaşlıq Təşkilatının toplantısının verəcəyi qərarlar bütövlükdə İslam dünyasının birlik nümayişi, eyni zamanda da ABŞ və İsrail müttəfiqliyinə ciddi bir cavab ola bilər”.


"XeberBiz" xəbər verir ki, bu sözləri Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısını və Trampın verdiyi Qüds qərarından sonra Rusiyanın Yaxın Şərqdəki mövqeyini Pia.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüdslə bağlı fövqəladə iclası başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın istəyi ilə keçirilən iclasda 16 ölkənin lideri, 3 ölkənin baş naziri, 1 ölkənin baş nazirinin müavini iştirak edir. İclasda iştirak edən ümumi dövlətlərin sayı 48-dir. Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, ümumilikdə, 9 islam ölkəsi bu toplantıya qatılmayacaqlar. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin bu gün İstanbulda başlayan fövqəladə zirvə toplantısının açılışında Qüdsü İsrailin paytaxtı kimi tanımayan və ABŞ prezidenti Donald Trampın bununla bağlı qərarını dəstəkləməyən dövlətlərə təşəkkür edib. Türkiyə prezidenti 1947-ci ildən indiyədək Fələstin ərazisinin kiçildiyinin əks etdirən xəritəni nümayiş etdirib və deyib: “Əvvəllər İsrailin ərazisi nə böyüklükdə idisə indi Fələstinin ərazisi o boyda olub”.

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri Qüds ərtafında baş verənlərlə bağlı PİA.AZ-ın əməkdaşının sualların cavablandırıb.
Trampın Qüds qərarı Vaşinqtonun, yoxsa Moskvanın işinə yaradı?


Natiq Miri: “ABŞ İslam dünyasında, eyni zamanda qlobal səviyyədə öz nüfuzuna ciddi zərbə vurarkən, Rusiya bu məsələdə obyektiv mövqe tutmaqla İslam dünyasına bir addım daha da yaxınlaşdı”.

- Natiq müəllim, bu gün İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısı keçirilir. Toplantının bağlı hansı addımların atılacağından asılı olmayaraq Trampın verdiyi qərar Rusiyanın Yaxın Şərqdəki mövqelərinə necə təsir edə bilər?

- Türkiyənin təşəbbüsü ilə təşkil olunan İslam Əməkdaşlıq Təşkilatının İstanbulda növbəti toplantısına başlaması və islam dövlət liderlərinin bir araya gəlməsi təbii ki, İsrail-ABŞ ittifaqına qarşı bir növ çəkindirici xarakter daşıyır. Çünki 48 ölkədən ibarət İslam ölkəsinin bir araya gəlməsi, bu ciddi mənada İslam dövlətlərinin, dünyasının bir mesajı olaraq dəyərləndirilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, toplantı öncəsində Dünya İslam Birliyi alimlərinin İslam dövlətlərinin liderlərinə çağrışı olub. Bu çağrışda birlik və ciddi strateji qərarların qəbul olunması istənilib.

Düşünürəm ki, İslam Əməkdaşlıq Təşkilatının əsas qəbul edəcəyi qərarlar da bu konteksdə olmalıdır. Doğrudur bu prosesə İslam Birliyinə xəyanət edən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misir kimi dövlətlər var. Çox təəssüf ki, ABŞ və İsraillə əməkdaşlıqda, iş birliyində olan və Qüdsə qarşı sövdələşmə planının içərisində yer alan xəyanətkar ölkələr İstanbula gəlməsələr də, 48 ölkənin iştirakı ilə baş tutacaq İslam Əməkdaşlıq Təşkilatının toplantısının verəcəyi qərarlar bütövlükdə İslam dünyasının birlik nümayişi, eyni zamanda da ABŞ və İsrail müttəfiqliyinə ciddi bir cavab ola bilər.

Natiq Miri: “Dünay İslam Birliyinin alimlərinin çağrışına əməl edərlərsə və birlik nümayiş etdirərlərsə, bu zaman İslam Əməkdaşlıq Təşkilatının toplantısında qəbul ediləcək qərarlar ABŞ-İsrail birliyinə çox ciddi cavab olacaq”.

Sadəcə bu məsələni sözdə deyil, əməli fəaliyyətdə gercəkləşdirmək lazımdır. Yəni sözün əsl mənasında bir İslam Birliyini bərqərar etməklə konkret iqtisadi, siyasi və hərbi yöndə qərarlar qəbul olunmalıdır. Söhbət ondan gedir ki, regionda İsrail təklənməlidir, İsrailə qarşı konkret iqtisadi sanksiyaların tətbiq olunması, diplomatik münasibətlərin dayandırılması haqqında qərarlar qəbul olunmalıdır. Bu məsələ həm də ABŞ-a aid edilməlidir və bu yöndə xəbərdar edici bəyanat qəbul olunmalıdır. Ən nəhayət də Yaxın Şərqdə yeni bir savaş başlatmaq istəyən ABŞ-İsrail və bəzi Ərəb ölkələrinin işbirliyi ilə qurulan planı tamamilə pozmaq üçün mütləq mənada İslam dövlətlərindən ibarət, əməli fəaliyyətdə olacaq bir müsəlman ordusu yaratmaq lazımdır. Bu yöndə konkret strateji qərarlar qəbul olunmalıdır.

Yəni sözdə Səudiyyə Ərəbistanının təşəbbüsü ilə yaradılan İslam ordusundan söhbət getmir. Söhbət əməli fəaliyyətdə ola biləcək ordunun yaradılmasından gedir. Bu hərbi güc Yaxın Şərqdə sülhü təmin etmək üşüm fəaliyyətə keçməlidir. Yalnız bununla Qüdsün tamamilə yəhudiləşdirilməsinin qarşısın almaq və Yaxın Şərqdə çıxarıla biləcək savaşı dayandırmaq olar. Düşünürəm ki, bu məsələdə əgər aparıcı müsəlman ölkələri səmimi olsalar və Türkiyə-İranın ciddi əməkdaşlığı ortada olarsa, bu yöndə konkret qərar qəbul etmək olar. Buna görə də tələsməyək və sabahı gözləyək. Həqiqətən də Dünay İslam Birliyinin alimlərinin çağrışına əməl edərlərsə və birlik nümayiş etdirərlərsə, bu zaman İslam Əməkdaşlıq Təşkilatının toplantısında qəbul ediləcək qərarlar ABŞ-İsrail birliyinə çox ciddi cavab olacaq.

Natiq Miri: “Trampın Qüds həmləsi Yaxın Şərqdə Ərəb ölkələrinin mövqelərini ciddi şəkildə sarsıtdı”.

- ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanıması Rusiyanın Yaxın Şərdə olan mövqelərinin daha da güclənməsinə və müsəlman dövlətləri ilə böyük ittifaqın yaranmasına səbəb ola bilərmi?


- Əlbəttə böyük ittifaqın yaranmasına səbəb ola bilər. Çünki əgər ABŞ bu qərarı ilə İslam dünyasında nüfuzun itirirsə və bu müqəddəs yer boşalırsa, bunu tutacaq olan ölkə ikinci dünya gücü olan ölkə Rusiyadır. Çünki bildiyimiz kimi Rusiya Qüdsü birmənalı olaraq İsrailin paytaxtı kimi tanımadı. Əksinə Qərbi Qüdsü, yəni Qüdsün yalnız qərb hissəsini İsrailin paytaxtı və Qüdsü ikidövlətin paytaxtı olaraq Şərq və Qərb Qüds olaraq bölünməsini irəli sürdü. Bu da təbii ki, gələcəkdə Fələstin-İsrail probleminin həllində ikidövlətli həll planını dəstəkləyir.

Əslində bütün dünya, eyni zamanda Avropa Birliyi, Rusiya və digər dövlətlər, islam ölkələri də ikidövlətli həll planını dəstəkləyirlər. Bu həll planında da Qüdsün Şərq hissəsi Fələstinin paytaxtı olaraq nəzərdə tutulub. ABŞ isə Qüdsü İsrailin paytaxtı olaraq tanıması ilə bütövlükdə Fələstin-İsrail problemində birtərəf olduğunu və xüsusilə də İsraildən yana tərəf olduğunu ortaya qoydu. Bu da ABŞ-ın Fələstin-İsrail problemində vasitəçiliyinə böyük körpü salmış oldu. Bundan sonra artıq ABŞ-ın bu problemin həllində vasitəçi olması çox problemli görsənir. Buna görə də düşünürəm ki, ABŞ İslam dünyasında, eyni zamanda qlobal səviyyədə öz nüfuzuna ciddi zərbə vurarkən, Rusiya bu məsələdə obyektiv mövqe tutmaqla İslam dünyasına bir addım daha da yaxınlaşdı. Təbii ki, Rusiya İslam dünyasının gözündə daha cəlbedici bir ölkə kimi göründü. Buna görə də bu prosesin içərisində uduzan tərəf ABŞ oldusa, qazanan tərəf Rusiya oldu.

Natiq Miri: “Qüds və Livanda baş verən hadisələrdən sonra Səudiyyə Ərəbistanının iç üzü ortaya çıxdı”.

- Səudiyyə Ərəbistanın Qüdslə bağlı mövqeyi İranın regiondakı mövqeyinə necə təsir edə bilər və sünni ərəblərdən gözlədikləri köməyi ala bilməyən Fələstin Adminstrasiyasının yeni müttəfiq axtarışları regionda hansı geosiyasi dəyişikliklərə səbəb ola bilər?

- Səudiyyə Ərəbistanı Yaxın Şərqdə baş verən proseslərin tərkib hissəsi olaraq götürülməlidir. Çünki bu ilin may ayında Donald Tramp ABŞ-a prezident seçiləndən sonra Yaxın Şərqə ilk səfəri oldu və Səudiyyə Ərəbistanında bütün Ərəb liderlərini topladı. Bu toplantıda çox məxfi bir strateji plan razılaşdırıldı ki, bu planın içərisində Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və digər bəzi Ərəb ölkələri bu prosesdə yer aldılar. Yəni bir növ İslam dünyasına xəyanət edən bu ölkələr bu gün Fələstinin başına gətirilən hadisələrin əsas hərəkətverici qüvvəsi kimi dəyərləndirilməlidir.

Buna görə də düşünürəm ki, Donald Trampın son Qüds həmləsi İslam dünyasında Səudiyyə Ərəbistanı və digər bu xəyanətin içində yer alan Ərəb dövlətlərinin mövqelərini çox ciddi şəkildə sarsdı. Əgər əvvələr Səudiyyə Ərəbistanı bütün Ərəb dünyasını arxasına alaraq İrana qarşı çıxmağa şərait yaratmaq istəyirdisə, yəni anti-İran cəbhəsi formalaşdırmaq istəyirdisə, artıq Qüds və Livanda baş verən hadisələrdən sonra Səudiyyə Ərəbistanının iç üzü ortaya çıxdı və ABŞ-İsrail ittifaqı ilə əməkdaşlıqda olduğu üzə çıxdığına görə, artıq anti-İran cəbhənin formalaşdırılması Səudiyyə Ərəbistanı üçün çox çətin olacaq.

Həmçinin İrana qarşı bir cəbhə almaq prosesində Rusiya təbii ki, Səudiyyə Ərəbistanına və onun dəstəkləyicisi olan Birləşmiş Ərəb Əmirlikləri və Misirə bu yöndə dəstək verməyəcək. Doğrudur Rusiyanın Ərəb ölkələrində müəyyən geosiyasi maraqları var. Amma konkret geosiyasi əməkdaşlıqdan söhbət gedirsə, bu gün Avrasiya məkanında ən güclü format Rusiya-Türkiyə-İran üçlüyü formatıdır. Dününürəm ki, Rusiya bundan sonra da bu formata üstünlük verməkdə davam edəcək. Yəni Rusiya anti-İran cəbhəsi formalaşdırmaq istəyən Səudiyyə Ərəbistanının yanında deyil, İranın yanında yer almaqda davam edəcək.

Natiq Miri: “Gələcəkdə Səudiyyə Ərəbistanında xalqın hakimiyyətə qarşı çıxması prosesini də müşahidə edə bilərik”.

Buna görə də Trampın son Qüds həmləsi başda Səudiyyə Ərəbistanı olmaqla xəyanətkar Ərəb ölkələrinin mövqelərini Yaxın Şərqdə çox ciddi şəkildə sarsdı. Bütün bunlara görə də bu Ərəb ölkələri guya sözdə ABŞ və İsrailin siyasətinə qarşı çıxdılar. Amma əməli naliyyətdə biz bunu görmədik. Konkret olaraq İstanbulda baş tutacaq İslam Əməkdaşlıq Təşkilatının toplantısına gəlməməklə həmin dövlətlərin dolayısı ilə ABŞ-ın növbəti sifarişini yerinə yetirdikləri də üzə çıxdı. Artıq islam toplumlarında bundan sonra Səudiyyə Ərəbistanının mövqeləri getdikcə zəifləməkdə davam edəcək.

Hətta gələcəkdə Səudiyyə Ərəbistanında xalqın hakimiyyətə qarşı çıxması prosesini də müşahidə edə bilərik. Çünki bildiyimiz kimi ABŞ-ın cocuğu vəliyət şahzadəsi Məhəmməd Bin Salmanın saray çevrilişi ilə hakimiyyətə gəlmə prosesi artıq başladılıb və islahatlar adı ilə islama zidd davranışlar ortalığa qoymaqla, bu gün Səudiyyə toplumunda çox ciddi narazılıqlar yaranıb. Həmçinin Səudiyyə hakimiyyətinin içərisindəki bir çox qəbilələr də artıq bu siyasətdən narazı durumdadırlar. Bütün bu məsələlər təbii ki, Səudiyyə Ərəbistanının həm daxildə, həm də Yaxın Şərqdəki mövqelərini ciddi şəkildə zəiflədir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26