Interposta.Info

Müsəlman ölkələri Qüds üçün yenə də İstanbulda toplandı

Siyasət
 19-05-2018, 09:36     10 367

İslam Əməkdaşlıq Təşkilatının Qüds böhranına həsr olunmuş növbəti sammitindən nəsə gözləmək olarmı?

Mayın 18-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar sammiti keçirilib. Sammitin səbəbi ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi və buna etiraz edən fələstinlilərə qarşı zorakılıq tətbiq olunmasıdır. Bilindiyi kimi, yürüş keçirən fələstinlilərə müdaxilə edən İsrail ordusu 60-dan çox fələstinli öldürüb, 3 min nəfər isə yaralanıb.

Qeyd edək ki, bu, ötən ilin dekabrında keçirilən İƏT növbədənkənar sammitindən sonrakı toplantıdır. Məhz Trampın Qüds qərarına etiraz olaraq İƏT dönəm sədri Türkiyənin təşəbbüsü ilə İstanbulda İƏT sammiti keçirilib və ABŞ prezidentinin qərarı qınanılıb. Ancaq ümumilikdə müsəlman ölkələrinin reaksiyası Trampın qərarına və Fələstindəki vəziyyətə təsir etməyib. bu isə onunla izah olunur ki, müsəlman ölkələrinin bir çoxu, o cümlədən körfəz ərəb ölkələri və Misir İsraillə münasibətləri pisləşdirmək istəmir, əksinə, İsraili müdafiə edir.

Mayın 18-də İstanbulda öz işinə başlayan İƏT sammitində açılış nitqi söyləyən Türkiyənin xarici işlər naziri də bu vəziyyətə işarə edərək müsəlman ölkələrinin hamısının Qüds məsələsi ilə bağlı “əllərini daşın altına qoymaları” lazım gəldiyini deyib. Sitat: “Fələstin məsələsinin həlli üçün əlimizi daşın altına qoymalıyıq. Birlik olmalı və başqa ölkələrin ABŞ nümunəsini təkrar etməsinə imkan verməməliyik. ABŞ-ın addımı Yaxın Şərq sülh prosesini məhv edib. Sammitin yekun bəyannaməsində Qüdsün tarixi statusunun dəyiştirilməsinə imkan verməyəcəyimizi bəyan etməliyik. İsrail rəsmilərinin və müdafiəsiz inşalara güllə atan İsrail hərbçilərinin cavab verməsinə nail olmalıyıq”.

Qeyd edək ki, mayın 18-də İstanbulda Yenikapı meydanında Qüds məsələsi ilə bağlı etiraz mitinqi keçirilib. Yerli vaxtla saat 15-də başlayan aksiyanın təşkilatçısı Türkiyə Könüllülər Təşəkküllər Vəqfi olub. “Zülmə lənət, Qüdsə dəstək” şüarı ilə keçirilən aksiyaya Türkiyənin hazırkı prezidenti və eyni zamanda prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğan da dəvət olunub.

Görünən odur ki, dekabrda olduğu kimi, indi də Türkiyə həm İƏT-dəki rolundan, həm də diplomatik imkanlardan istifadə edərək İsrailin addımına qarşı beynəlxalq təzyiq yaratmaq niyyətindədir. Ancaq görünən odur ki, dekabrda olduğu kimi, bu dəfə də müsəlman aləminin elə də ciddi təsiri olmayacaq. Çünki hazırda ərəb ölkələri arasında bu mövzuda ciddi fikri ayrılıqları var. Üstəlik davam edən münaqişələr, Qətər, Suriya, Yəmən münaqişələri müsəlman və ərəb ölkələrinin daha təsirli və ciddi qərarlar qəbul etməsinə mane olur.

Məsələ ondadır ki, İslam Əməkdaşlıq Təşkilatı, keçmiş adı ilə İslam Konfransı Təşkilatı 1969-cu il avqustun 21-də əl-Əqsa məscidinin yandırılmasına təpki məqsədilə toplanmış konfransda yaradılıb. Ancaq yaranmasının əsas məqsədləri sırasında Fələstin-İsrail münaqişəsi olan bu təşkilat ötən 50 illik bir periodda hər hansı ciddi uğura imza ata bilməyib. 70-ci illərdə neft böhranına səbəb olsa da, nəticə etibarı ilə müsəlman ölkələri İsraili hətta iki dövlətli həll variantına razılaşdıra bilməyiblər. İƏT isə sadəcə toplantıları və qəbul etdiyi qınama bəyanatları ilə yadda qalıb. Hətta Türkiyə kimi, müsəlman ölkələri arasında ciddi nüfuza sahib olan dövlətin təşəbbüslərinə baxmayaraq bir çox ölkələr Qüdslə bağlı konfransa yüksək səviyyədə təmsilçi ilə qatılmaq belə istəmirlər.

Xatırladaq ki, ötən il dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı keçirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə “Qüdslə həmrəylik üçün birlikdə hərəkət” devizi altında keçirilən sammitə təşkilata üzv olan 57 ölkədən 48-nin təmsilçisi qatılıb. Onların arasında Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Sani, İran prezidenti Həsən Ruhani, Fələstin Dövlətinin başçısı Mahmud Abbas, İordaniya kralı II Abdulla da olub. Ancaq Səudiyyə Ərəbistanı və bir sıra region ölkələri dövlət başçısı səviyyəsində qatılmayıb./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26