Interposta.Info

Yəhudilər 2 min illik arzularını reallaşdırdılar

Dünya
 15-05-2018, 11:30     10 416

Qüds yenidən yəhudi paytaxtı oldu, fələstinlilər isə yenə də daşla müqavimət göstərdilər

İsrail dövlətinin qurulmasının 70 illiyi, gözlənildiyi kimi, aksiyalarla yadda qalıb. Fələstinlilərin Qəzzadan başlatdığı yürüşə İsrail ordusu silahla müdaxilə edib. Nəticədə 50-dən çox fələstinli öldürülüb, 1000-dən artıq insan isə yaralanıb. Ölü və yaralı sayının artacağı gözlənilir. Bununla da “geri dönüş yürüşü”nün başladığı 30 martdan bu yana ölən fələstinlilərin sayı 70-i keçib.

İsrail ordusu hərbçiləri yürüş keçirən fələstinlilərə qarşı həqiqi güllələrdən istifadə edir. Əməliyyata İsrail ordusu baş qərargah rəisi Qabi Eizenkot rəhbərlik edir.

Qeyd edək ki, ötən ilin dekabrında ABŞ prezidenti ölkəsinin Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməklə bağlı qərar qəbul edib. Daha doğrusu, 1995-ci ildən bu yana qəbul edilən, ancaq icrası dayandırılan qərarı icra etməklə bağlı göstəriş verib. Ötən gün twitter hesabından status paylaşan Tramp bu günü “İsrail üçün böyük gün” adlandırıb və izləyicilərini Fox telekanalından İsraildəki açılış mərasimini canlı şəkildə izləməyə çağırıb. Yerli vaxtla saat 15-də başlayan mərasimdə Trampın qızı İvanka və kürəkəni, eyni zamanda məsləhətçisi olan yəhudi əsilli Cared Kuşner iştirak edib.

Qeyd edək ki, Qüds şəhəri 1947-ci il BMT qətnaməsinə əsasən tərəfsiz şəhər statusu alıb, ancaq sonrakı illərdə İsrail əvvəlcə Qüdsün şərq hissəsini, 1967-ci ildən sonra isə qərbini ələ keçirib. İsrail hökuməti 1980-ci ildə qəbul edilən qərara əsasən İsrailin “bölünməz paytaxtı” elan edib. Ancaq dünyadan gələn təpkilərə görə heç bir ölkə səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək istəməyib.

Bu addımı ilk atan ABŞ-ın hazırkı prezidenti Donald Tramp oldu. Məhz bu səbəbdən İsrail hökuməti üzərində Donald Trampın və yəhudilərin xilaskarı, ikinci məbədi bərpa etdirən Əhəməni şahı Kuruşun rəsmi olan dəmir pullar buraxıb. Yeri gəlmişkən, Kuruş yəhudi tarixində və müqəddəs kitablarında adı keçən iki əcnəbi padşahdan biridir və yəhudilərin xilaskarı hesab olunur. Hazırkı İsrail rəhbərliyi Trampı məhz Kuruşla müqayisə edərək yəhudilərə öz müqəddəs şəhərlərini geri qaytarmış şəxs kimi təqdim ediblər. Tramp özü isə canlı bağlantı ilə çıxış edəcək.

O da məlum olub ki, hələlik ABŞ-ın Qüdsdəki konsulluğu müvəqqəti olaraq səfirlik funksiyasını həyata keçirəcək. Şəhərdə yeni və daha geniş ərazi tapıldıqdan sonra yeni səfirlik binası tikiləcək.

Avropa ölkələri mərasimə qatılmayacaq. Ancaq bir sıra dünya ölkələrinin, o cümlədən Avropadan Macarıstan, Rumıniya və Çexiyanın təmsilçiləri mərasimdə iştirak edib. Bazar günü təşkil olunan qalada çıxış edən baş nazir Netanyahu bildirib ki, istənilən halda Qüds İsrailin paytaxtı olaraq qalacaq. Netanyahu prezident Trampa da Qüdslə bağlı qərarına görə təşəkkür edib, deyib ki, İsrail və ABŞ heç zaman olmadığı qədər yaxın müttəfiqdir. Eyni zamanda o, qalaya qatılan 32 dövlətə müraciət edərək səfirlikləri Qüdsə daşımağa çağırıb və əlavə edib ki, bu addım sülhü daha da yaxınlaşdıracaq.

Qüdsün İsrailin paytaxtı kimi tanınması ABŞ-ın öz səfirliyini bu şəhərə köçürməsi ilə rəsmiləşir. Ya da başqa cür desək, rəsmiləşmə prosesi başlayır. İsrail buna 40 ildən sonra nail olur. İstənilən halda bu tarixi bir hadisədir. Yəhudilər 2 min ildən sonra Qüdsü yenidən İsrail dövlətinin, yəni bir yəhudi dövlətinin paytaxtı kimi rəsmiləşdirirlər. Aradan keçən 2 min il ərzində İkinci Məbədin romalılar tərəfindən yandırılmasından sonra dünyaya səpələnib və dövlət qura bilməyiblər. 19-cu əsrin sonlarında yenidən yəhudi dövləti qurmaq ideyası yarandıqdan sonra dünyadakı yəhudilərin Fələstinə köçürülməsi prosesi başlayıb. Uzun sürən mübarizədən sonra 1948-ci ildə İsrail dövləti yaranıb. Ancaq ötən 70 il 4 böyük müharibə və onlarla hərbi toqquşmalar yaşayan İsrail dövləti ərazilərini Fələstin torpaqları, yəni BMT qərarı ilə yaradılmalı olan Fələstin dövləti əraziləri hesabına böyüdüb. İndi isə yəhudilər müqəddəs kitablarında yer almış ideyanı reallaşdırıblar, bu İsrailin nəzərində böyük hadisədir.

Ancaq fələstinlər bu günü “Nəkba”, yəni “fəlakət günü” adlandırırlar. İndi isə bu tarixi fəlakət gününün rəsmiləşməsi baş verdi. Ərəblər isə hələlik yuxudadır. Dünən hadisənin miqyasının böyüməsindən sonra Ərəb Dövlətləri Liqası təcili toplantı çağırıb. Ancaq “təcili” adı verilən toplantının məlum qərarla əlaqədar olması gülüncdür. Aydın məsələdir ki, ciddi qərar gözlənilmir, hazırda bölünmüş, müharibələrdən yorulmuş ərəb ölkələrinin bir qismi İsraillə anlaşmanın tərəfdarı kimi çıxış edir. Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ kimi ölkələr açıq şəkildə İsraillə barışığın tərəfdarı olduqlarını bəyan ediblər. Görünən odur ki, ərəb cəmiyyəti barışmağa məcbur olacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26