Interposta.Info

İsrail hərbçilərilə toqquşmalarda ölən fələstinlilərin sayı 52-yə çatıb, 2400 yaralı var - YENİLƏNİB

Dünya
 14-05-2018, 20:36     10 395

ABŞ Prezidenti Donald Trampın Təl-Əvivdəki səfirliyin Qüdsə köçürülməsi qərarı bu gün icra ediləcək.

Axar.az xəbər verir ki, Qüdsdə ABŞ səfirliyinin yerləşdiyi küçədə böyük bir sevinc hissi hakim olduğu halda, sərhəddə etiraz sədaları getdikcə gərgin xarakter almaqdadır.

Səhər saatlarında iş yerlərini bağlayan bir çox fələstinli açılışa etiraz etmək üçün sərhədə yönəlib. İsrail ordusu isə səhər saatlarından etibarən sərhəddə gərginlik yaşanmasına səbəb ola biləcək addımlardan qaçmaq üçün havadan xəbərdarlıq vərəqələri paylayıb.

Qüdsdəki ABŞ səfirliyinin açılış mərasimi ilə əlaqədar ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp və həyat yoldaşı Cared Kuşner artıq İsrailə səfər edib. Donald Trampın özünün də açılışa telekonfrans vasitəsilə qatılması gözlənilir. AB qərara etiraz etdiyi üçün açılış mərasimində bir çox Avropa ölkəsi təmsil olunmayacaq. Lakin mərasimdə Macarıstan, Rumıniya və Çexiya təmsilçilərinin iştirakı gözlənilir.

Trampın Qüds açıqlamasından sonra səfirliklərini Qüdsə köçürmə qərarı qəbul edən Qvatemala və Paraqvay rəhbərlərinin də təbdirdə iştirak edəcəyi bildirilir.

ABŞ səfirliyinin köçürüləcəyi küçədə ABŞ və İsrail bayraqları ilə yanaşı, “Tramp İsraili böyük etdi” yazılmış lövhələr quraşdırılıb.

Qeyd edək ki, ötən gündən İsrail hökuməti minə yaxın xüsusi təyinatlı döyüşçünü Qəzza sərhəd zolağına və İordan çayının qərb sahilinə yerləşdirib.

Ordunun yaydığı məlumata görə, təhlükəsizliyi 3 quru qoşunları komandanlığı təmin edəcək. Bildirilir ki, HƏMAS-ın 14 və 15 may tarixlərində müxtəlif təxribatlarına qarşı ordu hazır vəziyyətə gətirilib.

Ərəb liqası ABŞ-ın qeyri-qanuni Qüds qərarına görə çərşənbə günü təşkilatın təcili şəkildə toplanacağını açıqlayıb.

Qəzza zolağının səhiyyə təşkilatı ərazidə İsrail əsgərlərinin atəş açması nəticəsində 2 fələstinlinin yaralandığını bildirib. Qəzza zolağı bölgəsində minlərlə insanın toplandığı qeyd olunur. Artıq etiraz aksiyaları genişlənməkdədir.

Qüdsdəki rəsmi açılış mərasimi öncəsində Hizbullah sərt mövqe nümayiş etdirib. ABŞ-ın səfirliyi köçürmək qərarının dəyərsiz olduğu qeyd olunub.

Bu arada, Qüdsdəki açılış mərasiminə 32 ölkənin - Əlcəzair, Anqola, Avstriya, Kamerun, Konqo, Demokratik Konqo Respublikası, Fil Dişi sahili, Çexiya, Dominikan Respublikası, Salvador, Efiopiya, Gürcüstan, Qvatemala, Honduras, Macarıstan, Keniya, Makedoniya, Myanma, Nigeriya, Panama, Peru, Filippin, Rumıniya, Ruanda, Serbiya, Cənubi Sudan, Tailand, Ukrayna, Vyetnam, Paraqvay, Tanzaniya və Zambiya - nümayəndələrinin qatılacağı açıqlanıb.

Fələstinlilərlə İsrail ordusu arasında toqquşma baş verib. Anadolu Agentliyinin məlumatına görə, İsrail əsgərlərinin açdığı atəş nəticəsində 1 nəfər həlak olub, yaralıların sayı 93-ə çatıb.

Qəzzada etirazçılarla hərbçilər arasında baş verən toqquşmalar nəticəsində ölən fələstinlilərin sayı 7-yə çatıb. 165 nəfərin isə yaralandığı bildirilir.

Qəzzada toqquşmalar nəticəsində ölü və yaralıların sayı durmadan artır.

Son məlumatlara görə, İsrail hərbçilərinin açdığı atəş nəticəsində 16 nəfər həlak olub. Yaralıların sayı isə 500-dən çoxdur.

interposta.info



***20:23

Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda ölən fələstinlilərin sayı 52 nəfərə çatıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidra məlumat verib.

Yaralananların sayının isə 2400 nəfərdən çox olduğu bildirilir.

***18:15

İsrail ordusu ilə toqquşmada ölən fələstinlilərin sayı 49 nəfərə çatıb.

"Report" “The Jerusalem Post”a istinadən xəbər verir ki, hadisələr zamanı minlərlə fələstinli yaralanıb.

Fələstinlilərin ABŞ-ın İsraildəki səfirliyini Qüds (Yerusəlim) şəhərinə köçürməsinə etiraz olaraq keçirdikləri kütləvi aksiyalarda ölənlərin sayı artmaqda davam edir.

Son məlumata görə, İsrail əsgərlərinin Qəzza zolağı ilə sərhəddə aksiyaçılara odlu silahdan açdığı atəş nəticəsində ölən fələstinlilərin sayı 16-ya yüksəlib, yüzlərlə yaralının olduğu bildirilir.

Fələstinlilər İsrail və ABŞ əleyhinə aksiyanı davam etdirirlər.

* * *14:30

ABŞ-ın İsraildəki səfirliyini paytaxt Təl-Əvivdən Qüdsə köçürməsinə qarşı Qəzza zonasının inzibati sərhəd bölgəsində fələstinlilər kütləvi etiraz aksiyası və “Qayıdış marşı” yürüşü keçirirlər.

Xarici KİV xəbər verir ki, hazırda Qəzzanın İsraillə sərhəddində 10 mindən çox etirazçı toplaşıb. Onlardan bəziləri sərhəd hasarını keçməyə cəhd ediblər. İsrail ordusunun müdaxiləsi nəticəsində 21 yaşlı fələstinli ölüb, 28 nəfər isə yaralanıb.

Qeyd edək ki, ABŞ səfirliyinin Qüdsə köçürülməsi zamanı fələstinlilərin sərhəd bölgəsinə gəlməsini önləmək üçün İsrail ordusu Qəzza zonasına əlavə 2 briqada, İordan çayının qərb sahilinə isə 1 piyada briqadası göndərib.

Xatırladaq ki, martın sonundan indiyədək Qəzza zonasında israillilərlə fələstinlilər arasındakı toqquşmada 50-dən çox fələstinli ölüb. Odlu silahdan istifadə etdiyini etiraf edən İsrail beynəlxalq birliyin ittihamlarını rədd edərək, bunu özünümüdafiə kimi təqdim edir.(azvision.az)

İsrail hərbçilərilə toqquşmalarda ölən fələstinlilərin sayı 52-yə çatıb, 2400 yaralı var - YENİLƏNİB
İsrail hərbçilərilə toqquşmalarda ölən fələstinlilərin sayı 52-yə çatıb, 2400 yaralı var - YENİLƏNİB
İsrail hərbçilərilə toqquşmalarda ölən fələstinlilərin sayı 52-yə çatıb, 2400 yaralı var - YENİLƏNİB

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26