Interposta.Info

Müsəlman dünyası Qüdslə bağlı İstanbula toplanır -

Siyasət
 8-12-2017, 09:48     10 528

Ekspert: “Ölkəmizin seçim qarşısında qalacağını söyləmək üçün əsas yoxdur, amma...”

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması müsəlman dünyasını ayağa qaldırıb. Artıq bununla bağlı dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin fövqəladə iclası keçiriləcək. Toplantıya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ev sahibliyi edəcək.

Bu barədə prezidentin mətbuat katibi İbrahim Kalın məlumat yayıb. O, Ərdoğanın qərara reaksiya göstərdiyini və Fələstinin dövlət başçısı Mahmud Abbas başda olmaqla, ərəb və İslam dünyasının, eləcə də Malayziya, Tunis, İran, Qətər, Səudiyyə Ərəbistanı, Pakistan, İndoneziya kimi dövlətlərin rəhbərləri ilə telefon danışığı apardığını və bu danışıqların davam etdiyini bildirib.

İ.Kalın onu da bildirib ki, Ərdoğan çağırış məktubu yayaraq, Qüdsün statusuna və bölgə sülhünə dair həssaslıq göstərən proses qarşısında İslam ölkələri arasında mövzu ilə bağlı birgə hərəkət etmək və koordinasiya yaratmaq üçün İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar zirvə yığıncağını çağırıb.

Azərbaycanın bu yığıncaqda mövqeyi indidən ciddi müzakirələr doğurub. Çünki bu toplantıda əsas hədəf ABŞ və İsrail olacaq. Növbədənkənar iclasda isə iştirak edəcək hər bir ölkə veriləcək qərarın ya lehinə çıxmalıdır, ya da buna məcburdur. Bu da Azərbaycan-İsrail əlaqələrinə və Azərbaycan-Qərb münasibətlərinə təsirsiz ötüşməyə bilər.

Amma istənilən halda rəsmi Bakının Qüdsün birtərəfli qaydada İsrail paytaxtı kimi tanınmasına qarşı çıxacağı realdır. Azərbaycan XİN-in ilkin açıqlaması da belə deməyə əsas verir. Digər tərəfdən, Azərbaycan İƏT-ə böyük önəm verir. Çünki bu quruma üzv ölkələr Dağlıq Qarabağı Azərbaycan ərazisi, Ermənistanı işğalçı kimi tanıyıb.

Politoloq Elçin Mirzəbəyli öncəlliklə Trampın Qüdsü paytaxt kimi tanımasına olan baxışlarını izah etdi: “Bu, Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyəti daha da dərinləşdirəcək. Belə bir qərarın verilməsini iki aspektdən dəyərləndirmək olar: 1. Media, hərbi-sənaye kompleksi və iri maliyyə korporasiyaları tərəfindən təklənmiş Tramp hakimiyyətini qorumaq və bu məqsədlə yəhudi lobbisinin dəstəyini qazanmaq üçün belə qərar qəbul edib. Sirr deyil ki, Trampın miqrasiya siyasəti ABŞ-dakı böyük etnik qrupların, xüsusilə də ispandilli əhalinin ABŞ prezidentinə olan münasibətini daha da pisləşdirib. Diaspor və lobbilərə qarşı açdığı savaş da Trampın mövqelərinə ciddi təsir göstərib. Qüdsün İsrailin paytaxtı kimi tanınmasından sonra belə bir mənzərə yaranır ki, Trampın məqsədi heç də lobbiçiliyin, diaspor qurumlarının ABŞ-ın daxili və xarici siyasətinə təsirini azaltmaqdan ibarət deyilmiş. Tramp bu savaşı ABŞ-da yalnız bir nüfuzlu diasporun və diaspor amilinə söykənən lobbiçiliyin qalması üçün açıbmış.

Donald Tramp Fələstin problemi ətrafında gərginliyi artırmaqla problemi birdəfəlik, həm də Sina yarımadasının hesabına həll etmək istəyir. Bu, dolayısıyla ərazi mübadiləsi anlamına gəlir. Qüds İsraildə qalır, Sina isə Misirin razılığına əsasən Fələstinə verilir. Sina ilə bağlı məsələ uzun illərdir ki, gündəmə gətirilir. Son günlər Türkiyə rəsmiləri də ABŞ-ın İŞİD-i Sina yarımadasına gətirəcəyini deyirlər. Çox güman ki, bu fikirlərin əsasında ciddi faktlar dayanır.

Ola bilsin ki, İŞİD, yaxud hər hansı başqa bir terror təşkilatı Sina yarımadasında baş qaldırır. Misir ABŞ və İsrailin köməyi ilə ərazini terrorçulardan təmizləyir və Fələstinə güzəştə gedir. Trampın qərarının görünən tərəflərindən biri də budur ki, ABŞ prezidenti gərginliyi artırmaqla “çibanı” yetişdirmək istəyir. Çox güman ki, Vaşinqton bu məsələ ilə bağlı nüfuz dairəsində olan ərəb dövlətlərinin də razılığını alıb. Amma Qüds məsələsi elə bir məsələdir ki, heç bir ərəb dövlətinin lideri açıq şəkildə Qüdsün İsrailin paytaxtı olmasını dəstəkləyə bilməz. Bu məsələ uzun illərdir ki, müsəlman ölkələrinin konsolidasiyasını təşkil edən əsas amillərdən biridir. Qüds rəmzi məsələdir və bu problemin yeganə həlli ərazinin neytrallığının təmin olunması və üç səmavi dinin mərkəzi statusuna sahiblənməsidir. Qüds məsələsi dinin siyasətlə iç-içə olduğu bir çox region dövlətlərinin ideoloji hədəflərinin əsasını təşkil edir. Qüdsün İsrailin paytaxtı olması ilə barışmaq həmin dövlətlərin ideoloji sistemlərini də çökdürə bilər".

Politoloq münaqişələrin həlli ilə bağlı Azərbaycanın mövqeyini İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar toplantısında da nümayiş etdirəcəyini söylədi:
“Azərbaycanın münaqişələrin həllinə münasibətdə olduqca doğru və reallığı əks etdirən bir yanaşması var. Bakı bütün problemlərin həllinə hüquqi müstəvidən yanaşır və beynəlxalq hüququn norma və prinsiplərinə üstünlük verir. Bu baxımdan ölkəmizin seçim qarşısında qalacağını söyləmək üçün əsas yoxdur. Azərbaycanın seçimi beynəlxalq hüquq və BMT qətnamələridir. Qüdsün İsrailin paytaxtı kimi tanınması BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir. Artıq BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən Rusiya, Fransa, Böyük Britaniya və Çin Trampın qərarının səhv olduğunu bəyan ediblər. Göründüyü kimi, ABŞ bu məsələdə təklənib. Artıq məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə toplantısı çağırılıb. Bəllidir ki, BMT TŞ-nin 5 daimi üzvündən 4-ü Qüdsün İsrailin paytaxtı kimi tanınmasının əleyhinədir. ABŞ-ın veto hüququ olduğu üçün toplantıda hər hansı bir qərar qəbul olunmaya bilər”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26