Interposta.Info

Trampa qarşı müsəlman qəzəbi -Yetərli olacaqmı?

Siyasət
 10-12-2017, 00:46     10 510

“ABŞ geosiyasi və geoiqtisadi maraqlarının qorunması istiqamətində bu kimi böhranların yaranmasında maraqlıdır”

“Yəhudi lobbisi və İsrail hakimiyyəti bu qərardan məmnun olsa da, bu gün İsrail əhalisi ciddi təhlükə ilə üz-üzə qalıb”.

"XeberBiz" xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə ABŞ prezidenti D. Trampın Qüdsü İsrailin paytaxtı elan etməsindən sonra beynəlxalq aləmdə yaranan vəziyyəti şərh edərkən Pia-az açıqlamasında qeyd edib.

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması müsəlman dünyasında sanki bir çaxnaşma yaradıb. Bununla bağlı dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin fövqəladə iclası keçiriləcək. Toplantıya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ev sahibliyi edəcək. Müsəlman dünyası ilə yanaşı, BMT TŞ-nin 5 daimi üzvündən 4-ü Qüdsün İsrailin paytaxtı kimi tanınmasının əleyhinə çıxış edib. Bu dövlətlər Qüdsün İsrailin paytaxtı kimi tanınmasının BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olduğunu bildirublər. Artıq məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə toplantısı çağırılıb.

Dünən isə cümə namazından sonra demək olar ki, dünyanın bütün müsəlman ölkələrində ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına etiraz olaraq aksiyalar keçirilib. Aksiyalarda ABŞ-a qarşı kəskin fikirlər səsləndirilib. Bu aksiyaların daha da genişlənməsi, Fələstin-İsrail münasibətlərində gərginliyin pik həddə çatması istisna olunmur.

Bəzi analitiklərə görə, Trampın qərarı Yaxın Şərqdə yeni xaos yaratmaq məqsədi daşıyır və bu qərar zamanla Yaxın Şərqdə vəziyyəti çıxılmaz vəziyyətə salacaq. Hesab etmək olarmı ki, ABŞ-ın Yaxın Şərqdə daha böyük xaos yaranmasına geosiyasi ehtiyacı var? Həmçinin BMT TŞ-nın məlum narazlığı ABŞ-la müttəfiqləri arasında gərginliyin yaranmasına şərait yarada bilərmi?

Trampa qarşı müsəlman qəzəbi -Yetərli olacaqmı?

Məhəmməd Əsədullazadə: “Təəssüf ki,Ərəb liqasının bu proseslər fonunda təpkiləri yetərli deyil”.

ABŞ-ın Yaxın Şərqdə öz nizamini formalaşdırmağa çalışması üçün atdığı addımların beynəlxalq aləmdə xaosun böyüməsinə şərait yaratdığını vurğulayan politoloq Məhəmməd Əsədullazadəyə görə, bu vəziyyət ABŞ-BMT münasibətlərində gərginliyin artmasına da şərait yaradır:

“ABŞ prezidenti D. Trampın sələfilərin əleyhinə gedərək ABŞ-ın xarici siyasətində kardinal dəyişikliklər edərək, Qüdsü İsrailin paytaxtı elan etməsi Yaxın Şərqdə dini və geosiyasi qarşıdurmanın başlanmasına gətirir. ABŞ Konqrensi 1995-ci ildə Qüdsə səfirliyinin köçürülməsi üçün qərar qəbul etsə də, məhz həssas bir problem olan Qüdsün paytaxt elan edilməsi müəyyən siyasi məsələlərə görə ertələnirdi. Trampın bu qərarı seçki öncəsi verdiyi vəd və yəhudi lobbisinin təsirindən irəli gəlir. Bundan əlavə, İsrail ABŞ-ın Yaxın Şərqdə müttəfiqi və geosiyasi lahiyələrin həyata keçirilməsində başlıca dövlətdir. Təbii ki, bu qərar beynəlxalq böhranı dərinləşdirir və dünya nizaminin pozulmasına gətirib.

Hesab edirəm ki, BMT TŞ-nin beş daimi üzvünün Trampın bu qərarına qarşı çıxması müsbət nəticə verməyəcək. ABŞ böyük maliyyə imperiyasına, iqtisadi resursları inkişaf etmiş heç bir dövlətlə hesablaşmayan dövlətdir. BMT TŞ əlaqələrində ziddiyyət yaransa da, bu həlledici olmayacaq.

Məhəmməd Əsədullazadə: “ABŞ-ın Yaxın Şərqdə öz nizamini formalaşdırmağa çalışması regionu yenidən xaosa sürükləyir”.

Qeyd edim ki, ABŞ BMT-nin bir sıra təşkilatlarını maliyyələşdirilməsini dayandırıb. BMT ilə onsuz da münasibətlər gərgindir. ABŞ-ın Yaxın Şərqdə öz nizamini formalaşdırmağa çalışması regionu yenidən xaosa sürükləyir. Təəssüf ki,Ərəb liqasının bu proseslər fonunda təpkiləri yetərli deyil.

ABŞ-İsrail Fələstin lideri Mahmud Abbasa təzyiqlər edib, irəli sürülən sülh planını qəbul etdirməyə çalışacaqlar. Bu gün AB, Rusiya və Çinin təpkiləri beynəlxalq konyunkturanın gərginləşməsinin qarşısında acizdir. ABŞ İsraillə bildiyini etməklə, geosiyasi və geoiqtisadi maraqlarının qorunması istiqamətində bu kimi böhranların yaranmasında maraqlıdır.

Yəhudi lobbisi və İsrail hakimiyyəti bu qərardan məmnun olsa da, bu gün İsrail əhalisi ciddi təhlükə ilə üz-üzə qalıb. Fələstin-İsrail müharibəsi artıq yeni fazaya keçdi və ABŞ vasitəçilik missiyasına son qoydu”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26