Interposta.Info

Tanınmış iqtisadçı

Siyasət
 25-04-2017, 09:43     515

Natiq Cəfərli: “Rövşən Ağayevin bu günə qədər hakimiyyətlə bağlı nə aqressiv çıxışları olub ki, ona hər hansı bir təzyiq olsun?”

Tanınmış iqtisadçı ekspert Rövşən Ağayev üzvü olduğu REAL Hərəkatından istefa verib. Bu barədə iqtisadçı özü sosial şəbəkədə açıqlama yayıb. O, istefasını belə əsaslandırıb: “2011-ci ildən bəri İdarə Heyətinin (İH) üzvü olduğum REAL Hərəkatından ayrılmaqla bağlı qərar vermək mənim üçün çox çətin oldu. Səbəbləri haqda çox qısa bunları deyəcəyəm. Hərəkatın lideri İlqar Məmmədov artıq 4 il 2 aydır həbsdədir.

Təşkilatın İH-nin hər bir üzvü belə şəraitdə onun əvəzinə çalışmalı, liderin yoxluğunu hiss etdirməməli və REAL-ı öz hədəflərinə yaxınlaşdırmaq üçün daha fədakar olmalı idi. Bizə qoşulan üzvlərin, eləcə də təəssübkeşlərin gözləntisi də bu idi. Təəssüf ki, müxtəlif səbəblərdən bir İH üzvü kimi mən vəzifənin öhdəsindən gələ bilmədim. Qərar qəbul edərkən yanaşmam bu olub ki, hər bir kəs gərəkli ola biləcəyi yerdə olmalı, faydası toxuna biləcəyi işin qulpundan yapışmalıdır. Ötən 6 ildə REAL-ın proqramının işlənməsi xaric, bu təşkilata mənim heç bir töhfəm dəyməyib. Bacarmayan kənara çəkilib bacaranların yolunu açmalıdır. Ümid edirəm ki, İlqar Məmmədovun həbsdən çıxması uzun çəkməyəcək və onun liderliyi ilə REAL Azərbaycanın gələcək siyasi həyatında öz layiqli yerini tutacaq. Bilirəm ki, bəzi üzvlərimizin, xüsusən gənclərimizin bizlərdən gözləntiləri yüksək idi. Gözləntilərini doğrulda bilmədiyim həmin insanların hamısına bir üzr borcum var...”
Tanınmış iqtisadçı


interposta.info xəbər verir ki, REAL Hərəkatının icra katibi Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında Rövşən Ağayevin istefasına münasibət bildirib. Onun dediyinə görə, istefadan əvvəl Rövşən Ağayevlə bir neçə dəfə görüşü olub və müzakirə aparıblar. Rövşən Ağayevi istefa verməməyə dəvət etsə də, fikrindən daşınmayıb: “Şəxsi münasibətlərimizdə heç bir problem yoxdur. Biz Rövşən bəyin istefasından təəssüflənirik. Formal olsa da, REAL-dan getdi. Rövşən bəyin istefası ilə bağlı yazdıqları səmimidir. Doğrudan da REAL-ın müxtəlif işlərində onun yaxından iştirakı üçün vaxt çatmırdı. Təşkilati işlərdə yaxından iştirak edə bilmirdi. Ona görə də xeyli vaxt idi özündə belə bir fikir yaranmışdı ki, əgər təşkilatın işində yaxından iştirak edə bilmirəmsə, qərarverici vəzifədə ola bilmərəm. Biz onunla uzun müddət danışdıq. Çünki Rövşən bizim üçün çox dəyərli insandır, hansı təşkilatda necə təmsil olunmağından asılı olmayaraq dostumuzdur. Bu gündən sonra da biz onun bir ekspert kimi iqtisadi analizlərindən REAL-ın işində istifadə edəcəyik, görüşlərimiz olacaq. Rövşən Ağayev ölkə üçün dəyərli mütəxəssisdir. Təşkilatımızın mövqe sənədlərinin hazırlanmasında onun fikirlərindən istifadə edəcəyik. Amma təşkilati işlərdə yaxından iştirak edə bilmədiyi üçün istefa verməyi doğru bildi. Biz onu bu fikrindən çəkindirməyə çalışdıq, təəssüf ki, verdiyi qərarı dəyişmədi. Biz onun qərarına hörmətlə yanaşırıq. Bəlkə də ölkədə ilk dəfə idi ki, məhz Rövşən bəy tərəfindən belə bir yanaşma ortalığa qoyuldu. Ola bilər ki, bu, yeni istefa mədəniyyətinin başlanğıcı olsun”.
N.Cəfərli istefada hökumətin rolunun olub-olmadığı barədə suala cavabında dedi ki, bu amil yoxdur: “Son 20 ildə müxalifət təşkilatlarından istefalar baş verəndə həmişə başqa səbəblər, əsasən hakimiyyətin təzyiqi və ya şirnikləndirməsi səbəbləri axtarılıb. Çox zaman bu cür səbəblər öz təsdiqini tapıb. Amma Rövşən Ağayevin istefasının səbəbini özü açıqlayıb. Mən də qeyd etdim ki, o, təşkilatın işində yaxından iştirak edə bilmədiyi üçün istefa verməyi doğru hesab elədi. Rövşən bəyin bu günə qədər hakimiyyətlə bağlı nə bir aqressiv çıxışları olub, nə hər hansı çağırışları olub ki, ona hər hansı bir təzyiq olsun. Əksinə, mənim bildiyimə görə, Rövşən Ağayevin mütəxəssis kimi yazılarından, hazırladığı sənədlərdən hökumət də müəyyən proqramlarda istifadə edib. Məsələn, kənd təsərrüfatının inkişafı ilə bağlı yol xəritəsinə baxanda gördüm ki, orada yazılanların təxminən üçdə biri Rövşən Ağayevin hazırladığı təkliflərdir”.

N.Cəfərli REAL-ın hazırkı durumu barədə də danışdı: “Biz ilk yola çıxanda cəmi 7 nəfər idik. Bundan başqa REAL-ın heç bir üzvü yox idi. 7 nəfərdən ibarət İdarə Heyəti olaraq bu hərəkatı təsis etdik. Bu gün İdarə Heyətində 10 nəfər təmsil olunur, 21 nəfərlik Məclisimiz təsis olunub. Ölkənin müxtəlif bölgələrində və Bakı şəhərində nəzərdə tutduğumuz proqrama uyğun olaraq məclislərimizi təsis edirik. Biz böyük inzibati ərazilərin yaradılmasına çalışırıq və buna uyğun da məclisləri qururuq. Bakı və regionlarda 21 Məclis təsis edilib. Hər bir Məclisdə də 70-80 üzv var, hər bir Məclisin sədri, İdarə Heyəti var. Bu, onu göstərir ki, REAL böyüyən təşkilatlardan biridir. Amma təbii ki, basqılar, sədrimizin 4 ildən artıqdır həbsdə olması, mənim həbs olunmam hadisəsi ətrafımızda olan bəzi çevrələri çəkindirdi. Bütün insanlardan eyni fədakarlıq gözləmək doğru deyil. Biz ətrafımızda olan insanları mümkün qədər hədəfə gətirməməyə çalışırıq. Biz eyni zamanda yerimizdə saymırıq. Hər həftə Məclis toplantılarımız olur. Toplantılarımız və tədbirlərimiz barədə məlumatların yayılmasına daxili senzura qoymuşuq ki, qoşulan insanları, gəncləri qoruya bilək. Bu da bəzən belə bir rəy formalaşdırır ki, REAL heç bir fəaliyyət göstərmir”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26