Interposta.Info

Vasif Talıbovun işdən çıxardığı Azad Cabbarov kimdir? - DOSYEə

Ölkə
 13-07-2021, 18:59     239

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabarrov vəzifəsindən azad edilib. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb.

"İnterPosta" xəbər verir ki, Cabbarov Azad Vaqif oğlu 14 aprel 1981-ci ildə Lənkəran rayonunun Şovu kəndində anadan olub. 1998-2002-ci illərdə "Naxçıvan" Universitetinin hüquq fakültəsinin hüquqşünaslıq ixtisasını bitirib. 2002-ci ildə N saylı hərbi hissədə hərbi xidmətdə olub. 2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. 2010-2013-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisasını bitirib. 2008-ci il oktyabrın 6-dan 11-dək Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası "Azərbaycan Respublikasında gənclər siyasəti" proqramı üzrə qısamüddətli ixtisasartırma kursunda iştirak edib.

Azad Cabbarov 2004-2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi təyinatlı əməliyyat tağımında polis vəzifəsində çalışıb. 2007-2008-ci ildə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Əməliyyat şöbəsində inspektor-əməliyyat müvəkkili və şöbə rəisi vəzifəsində işləyib.

2008-2009-cu ilərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Dövlət quruculuğu, ərazi idarəetmə orqanları,deputatlarla və daimi komissiyalarla iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışan Azad Cabbarov 2009-2011-ci il tarixinədək Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir müavini vəzifəsini tutub.

2011-ci il aprel - iyul aylarında Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyində nazir müavini olub. 1 iyul 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri təyin edilib. 18 iyun 2019-cu il tarixində keçirilən iclasda Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri seçilib.

2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olan Azad Cabbarov partiyanın Naxçıvan Muxtar Respublikası təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədridir. YAP Gənclər Birliyinin İdarə Heyətinin və YAP Naxçıvan MR Təşkilatının İdarə Heyətinin üzvüdür.

Azad Cabbarov Milli Olimpiya Komitəsinin İdarə Heyətinin üzvüdür. Kikboksinq və budo idman növləri üzrə yüksək nailiyyətlər əldə edib.

1 fevral 2019-cu ildə Azərbaycan Gəncləri Günü münasibətilə və dövlət gənclər siyasətinin həyata keçirilməsində, gənclər hərəkatının formalaşmasında səmərəli fəaliyyətinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ailəlidir, iki övladı var.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26