Interposta.Info

Bakıda adam öldürən "Barselona" azarkeşinə 12 il hökm oxundu -

Ölkə
 17-04-2018, 16:01     10 509

Keçmiş məhkumu öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Sadiq Nəhmətovun cinayət işi üzrə növbəti məhkəmə iclası baş tutub.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə S.Nəhmətov özünü təqsirli bildiyini deyərək söyləyib ki, həmin vaxt mərhumun xalası oğlugildə işləyib:

"Orada içki içmişdim. Evə gəlib gördüm qapı açıqdır, televizor da yoxdur. Qonşu Gülbəniz dedi ki, Zahir aparıb. Zahir əvvəl də məndən televizoru istəmişdi, verməmişdim. Çünki özünün də televizoru yox idi. Biz ikimiz də futbol azarkeşi idik, bir yerdə baxırdıq. Həmin gün də “Barselona”nın oyunu var idi, futbola baxacaqdım. Gəlib gördüm televizor yoxdu, əsəbiləşdim. Öyrəndim ki, o, televizoru başqasına satıb. Mən də bıçaq götürüb məhəlləyə düşdüm. Feyruzla dayanmışdı, söhbət etdik, söyüş söydü, mən də vurdum. Amma neçə bıçaq vurduğumu bilmədim. Zahir televizoru satdığını etiraf etmədi. Öldürmək fikrim yox idi, qorxutmaq üçün bıçaq götürmüşdüm”.

Şahid Sunamhacı Hacıağayeva deyib ki, Z.Hacıağayev onun qaynı olub: “Zahirin bir qardaşı var, o da cəza evindədir. Hadisəni mən sonradan bilmişəm. Zahir atası ilə yaşayırdı, hadisədən öncə atası təzə rəhmətə getmişdi. Onun narkotik çəkdiyini bilirdik. İndi şikayətçi deyiləm, bu, onların öz aralarında olan məsələdir".

Prosesdə Sadiq Nəhmətovun vəkili müdafiə çıxışı edib. Vəkil S.Nəhmətovun əməlindən peşman olmasını, gənc olmasını, azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini istəyib.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən S.Nəhmətov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib. Belə ki, Əmircan qəsəbəsində 1965-ci il təvəllüdlü Zahir Hacıağayevi 1981-ci il təvəllüdlü tanışı S.Nehmətov bıçaqlanaraq öldürülüb. Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən S.Nəhmətov tutulub.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, qətlə yetirilən Z.Hacıağayev əvvəllər məhkumluq həyatı yaşayıb. Onun tüfeyli həyat sürdüyü bildirilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26