Interposta.Info

Çeçenistanın Milli Qəhrəmanı video müraciətindən sonra özü və jurnalistlər təhdid edildi

Müxtəlif / Paradoks
 16-03-2022, 12:57     1 063

Fevralın 24-də Bakı vaxtı ilə səhər saat 7-də Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlanılıb. Hücumlar Ukraynanın şərqində, Rusiya sərhəddi ilə yanaşı, şimaldan Belarus və cənubda 2014-cü ildə Rusiyaya ilhaq edilən Krım bölgəsindən də həyata keçirilir. Artıq dünyanın bir sıra dövlətləri Ukraynaya dəstəyini ifadə edib.

Rusiya Milli Qvardiyasının (“Rosqvardiya”) Çeçenistanın Qroznı şəhərində dislokasiya olunmuş və Əhməd Kadırovun adını daşıyan 141-ci əlahiddə mexanikləşdirilmiş polku Ukrayna sərhədlərinə yeridilib. “Kadırov polku” formal olaraq “Rosqvardiya”nın tərkibində olsa da əslində Çeçenistan rəhbəri Ramzan Kadırova tabedir. Yayılmış kadrlardan görünür ki, Ukrayna sərhədlərinin cəmi bir neçə kilometrliyində polkun BTR-80 zirehli transportyorlarından, “Tiqr” və “Ural-VV” zirehli avtomobillərindən, habelə digər texnikasından ibarət böyük kalon hərəkət edir. Texnikanın “Kadırov polku”na aid olduğunu onların üzərindəki identifikasiya nömrəsindən müəyyən etmək mümkün olub. Kadırov polku”nun Ukrayna sərhədlərinə göndərilmək üçün Çeçenistandan yola çıxdığını göstərən kadrlar isə sosial şəbəkələrdə yayılıb.


Çeçenistanın Ukraynaya qarşı hərbi təcavüzündə iştirak etməsi Azərbaycan ictimaiyyətində də kəskin reaksiyalara səbəb olub. Şəhid qardaşı, Qazi, Çeçenistanın ilk Fəxri vətəndaşı və Çeçenistanın Millət Qəhrəmanı Arif Məhərrəmov məsələylə bağlı bəyanat yayıb. O Qafqaz xalqlarının vətənpərvərlərinə, vaynax xalqına, çeçen millətinin mərd nümayəndələrinə səslənərək, Ukraynın işğalçılara qarşı haqq savaşına dəstək olmağa çağırıb. Sözügedən müraciət mediada yayımlanandan sonra Arif Məhərrəmova və media nümyəndələrinə qarşı təzyiqlər olub.

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, Ziyalılar Mərkəzinin direktoru və Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan Arif Məhərrəmova dəstək olan ziyalılarımızdandır. O müsahibəsində qeyd edib ki, Arif Məhərrəmov Birinci və İkinci Qarabağ müharibələrində yaralı olmasına baxmayaraq, öz Vətən borcunu həmişə yerinə yetirib. Tural İrfan bu baxımdan da, Arif Məhərrəmovun Ukrayna-Rusiya müharibəsində də narahatlığını başa düşməli olduğumuzu vurğulayıb:

“Ukrayna-Rusiya müharibəsi zəmnində bizim bir çox milli ruhda olan vətənpərvər insanlarımız da narahatlıq keçirir. Bununla bağlı öz haqlı mövqelərini də bildirirlər. Çünki vaxtilə bu əzab-əziyyətlərə biz də dövlət və xalq olaraq məruz qalmışıq. Birinci Qarabağ müharibəsində Xocalı faciəsini yaşamışıq. Bundan əlavə isə 20 Yanvar faciəsini yaşamışıq. Burda xüsusilə Azərbaycan xalqının dəyərli qəhrəman övladı Çeçenistanın Milli Qəhrəmanı və Fəxri Vətəndaşı Arif Məhərrəmovun adını çəkmək istəyirəm. O 20 Yanvar hadisələrində də iştirak edib və yaralanıb. Həmçinin Xocalı faciəsi zamanı əhalinin xilas olmasında fəaliyyətləri olub. Bundan əlavə Birinci və İkinci Qarabağ müharibələrində yaralı olmasına baxmayaraq öz Vətən borcunu həmişə yerinə yetirib. Ukrayna-Rusiya müharibəsində də onun narahatlığını başa düşmək olar. Çünki vətənpərvər insanlar bu cür durumlarda səssiz dayana bilmirlər. Arif Məhərrəmov yenə də öz haqq səsini Çeçen xalqına çatdırmışdır. Eyni zamanda digər tərəfləri sülhə dəvət etmişdir. Qan tökülməsindən çəkindirmək üçün öz video müraciətini hazırlamışdır. Biz də Arif Məhərrəmovun dostları və onu sevən insanlar olaraq, həmin müraciəti əlimiz çatan media qurumlarında və öz sosial şəbəkə hesablarımızda yaydıq. Həmçinin mən də öz yaxın dostum olan media rəhbərindən video müraciəti yayımlamasını xahiş etdim. O da sağ olsun ki, yayımladı. Amma bilirsiniz ki, bu kimi məsələlərdə müsbət düşünən və vətənpərvər insanlarla yanaşı qaranlıq düşünən insanlar da olur. Bunu bəziləri “beşinci kalon” və başqa adlarla adlandıra bilər. Bu qara qüvvələr həmişə mövcud olublar”.

Tural İrfan onu da qeyd edib ki, Arif Məhərrəmovun video müraciətini yayımlayan media nümayəndəsi təzyiqə məruz olub. O eyni zamanda video müraciətin altında təhdid mesajları yazanların da olduğunu xatırladıb:

“Arif Məhərrəmova qarşı da zaman-zaman bu cür təxribat əməlləri baş verib. Onun qəhrəmanlığına qarşı çıxışlar olur. O müharibə görmüş adamdır. Bu baxımdan psixologiyası tamam fərqlidir. İstəyirlər ki, təzyiq göstərərək onu susdursunlar. Haqqı deməməsinə çalışırlar. Bu prizmadan həmin video müraciət yayılandan sonra həmin jurnalist dostumuza qarşı və mənim youtobe kanalıma hücumlar oldu. Nəticədə uzun illər fəaliyyət göstərən youtobe kanalım bloklandı. Eyni zamanda video müraciətin altında təhdid mesajları yazmağa başladılar. Sonra rəyləri dərhal sildilər. Həmin jurnalist dostumuza da təhdid dolu mesajlar yazmağa başladılar. Video müraciət silməyini istədilər. Lakin dostumuz bununla razılaşmayıb və videonu silməyib. Həmin günün axşamı jurnalist dostumuz müəmmalı şəkildə avtomobil qəzasına düşdü. Şükür ki, hazırda sağ-salamtdır. Ümid edirik ki, aidiyyatı qurumlar araşdırma aparacaq. Həqiqət üzə çıxacaq və haqq öz yerini tapacaq. Arif Məhərrəmovun video çıxışı yayılandan sonra bu hadisələr baş verməyə başladı. Hətta Arif müəllimin özünə qarşı da təzyiqlər edilmişdi. Azərbaycan dövləti qüdrətləndikcə və Arif Məhərrəmov kimi qəhrəmanlarımız səsini çıxardıqca qaranlıq qüvvələr də narahat olmağa başlayır. Lakin bu şəxslər təxribat əməlləri ilə heç nəyə nail olmayacaqlar. Bu cür canlı qəhrəmanlarımız həmişə yaşayıb və yaşayacaqlar. Gələcək nəsillərimiz üçün nümunə olacaqlar. Haqq-ədalət də öz yerini tapacaq”.

Məsələylə bağlı Arif Məhərrəmovla əlaqə saxladıq. O təhdidlərə baxmayaraq bundan sonra da Ukraynaya dəstəyini ifadə edəcəyini vurğulayıb. Arif Məhərrəmov onu da əlavə edib ki, Ukraynaya dəstək video müraciətindən sonra, ona sosial şəbəkə hesabında yüzlərlə Ukraynalının yazaraq təşəkkür etdiyini qeyd edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26