Interposta.Info

Azərbaycan–Özbəkistan əlaqələri: qardaşlıq və strateji tərəfdaşlığın möhkəm təməlidir

Siyasət / Manşet
 Bu gün, 00:36     4 657

Azərbaycanla Özbəkistan dərin tarixi köklərə malik olan dost və qardaş ölkələrdir. Bu ölkələrin xalqları ortaq mədəniyyəti, eyni dil ailəsinə olan mənsubiyyəti, dini etiqadı və milli dəyərləri ilə bir-birinə bağlıdır.
2025-ci il iyul ayının 2-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi dövlət səfəri iki ölkə arasındakı bağların daha da möhkəmləndiyini bir daha sübut edir. Belə ki, Prezidentlərin təkbətək görüşü, həmçinin cənab İlham Əliyevin və cənab Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi, sənədlərin mübadiləsi mərasiminin keçirilməsi iki dost və qardaş ölkə arasında əməkdaşlığı daha da gücləndirir.
Səfər çərçivəsində hər iki dövlət başçısı mətbuata bəyanatlarla çıxış etmişlər. Cənab İlham Əliyevin bəyanatı Azərbaycan ilə Özbəkistan arasında formalaşmış dərin dostluq və strateji müttəfiqlik münasibətlərinin yüksək səviyyəsini bir daha nümayiş etdirdi. Dövlət başçısının sözlərindən aydın olur ki, iki ölkə arasında imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilə yalnız siyasi deyil, həm də iqtisadi və mədəni sahələrdə davamlı və səmərəli əməkdaşlığın əsasını təşkil edir.
Dövlət səfəri zamanı aparılan müzakirələr və qəbul edilən qərarlar bir daha göstərdi ki, Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq qarşılıqlı hörmət və etimada əsaslanır. Xüsusilə, iqtisadi sahədə həyata keçirilən islahatlar və birgə layihələr bu münasibətlərin praktik nəticələrini ortaya qoyur. İnvestisiya Fondunun yaradılması, layihələrin bu fond vasitəsilə maliyyələşdirilməsi, həmçinin fondun həcminin genişləndirilməsi planları bu əməkdaşlığın davamlı inkişaf perspektivinə malik olduğunu təsdiqləyir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Özbəkistanın idman sahəsində əldə etdiyi uğurlar-xüsusilə də futbol üzrə dünya çempionatının final mərhələsinə çıxması-bu ölkədə gənclərə verilən dəyərin və düzgün dövlət siyasətinin nəticəsidir. Bu, yalnız idman sahəsində deyil, eyni zamanda bütün sosial-iqtisadi sahələrdə həyata keçirilən sistemli islahatların göstəricisidir. Azərbaycanın bu inkişafı sevinclə izləməsi isə iki ölkə arasında qardaşlıq münasibətlərinin nə qədər dərin olduğunu göstərir.
Sahəvi nazirliklərin iştirakı ilə keçirilən müzakirələrdə iqtisadiyyat, energetika, kənd təsərrüfatı, tikinti və turizm sahələrində konkret layihələrin gerçəkləşdirilməsi istiqamətində razılıqlar əldə olunub. Xüsusilə, kənd təsərrüfatı sahəsində-pambıqçılıq və ipəkçilik istiqamətində-Özbəkistanın təcrübəsindən yararlanmaq və birgə müəssisələrin yaradılması mühüm əhəmiyyət daşıyır.
Nəqliyyat və logistika sahəsində də əməkdaşlığın inkişafı, Orta Dəhliz çərçivəsində şaxələndirilmiş marşrutların yaradılması ilə bağlı birgə fəaliyyət planı bu tərəfdaşlığın regional və beynəlxalq əhəmiyyətini artırır. Eyni zamanda, Azərbaycanın nəqliyyat infrastrukturunun bu yükləri qəbul etməyə hazır olması, regionda onun aparıcı mövqeyini də gücləndirir.
Prezident İlham Əliyev Qarabağ bölgəsinin bərpasında Özbəkistanın rolunu xüsusi vurğulamaqla, bu sahədə göstərilən yardımı yüksək qiymətləndirdi. Belə ki, Füzulidə Özbəkistan tərəfindən inşa edilən məktəb və Xankəndidə yaradılan tikiş fabriki həm təhsil, həm məşğulluq, həm də sosial-iqtisadi dirçəliş baxımından mühüm əhəmiyyətə malikdir. Bu isə, həm də Özbəkistanın yalnız sözdə deyil, əməli şəkildə Azərbaycanın yanında olduğunun bariz nümunəsidir.
Səfirliyin yeni binasının açılması və Bakıda “Ağ şəhər” layihəsi çərçivəsində inşa ediləcək “Özbəkistan Parkı” layihəsi isə iki ölkənin mədəni və diplomatik münasibətlərinin daha da inkişaf etdirilməsinə xidmət edəcəkdir. Bu park təkcə, Özbəkistanı Azərbaycanda simvolik cəhətdən təmsil etməyəcək, həm də Bakı sakinləri, xarici turistlər və qonaqlar üçün maraqlı və dəyərli bir məkana çevriləcəkdir.
Beləliklə, Prezident İlham Əliyevin bəyanatı bir daha göstərdi ki, Azərbaycan–Özbəkistan münasibətləri sadəcə dövlətlərarası əməkdaşlıq deyil, ortaq tarixə, mədəniyyətə, dəyərlərə və gələcəyə əsaslanan qardaşlıq modeli üzərində qurulubdur. Bu münasibətlər həm bölgədə sabitliyin qorunmasında, həm də iqtisadi və sosial inkişafın təmin edilməsində mühüm rol oynayır və gələcəkdə daha da dərinləşəcəyinə heç bir şübhə yoxdur.

Milli Məclisin deputatı Rövşən Muradov

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26