Interposta.Info

Akademiklərin yazdığı 7 cildlik “Azərbaycan tarixi”nə sərt tənqidlər səngimir

Müxtəlif
 25-01-2020, 00:16     369

Faiq Ələkbərli: “Ümumiyyətlə isə 7 cildlik “Azərbaycan tarixi”ni yığışdırmaq lazımdır”
img
Azərbaycan Respublikası dövlət müstəqilliyi əldə etdikdən sonra, təbii olaraq, tariximizə yeni yanaşmalar meydana gəlməyə başladı. Əsas məsələ totalitar Sovet rejiminin 70 ildə saxtalaşdırdığı Azərbaycan tarixinin yenidən yazılması idi. Sovet dövründə saxtalaşdırılan, təhrif edilən Azərbaycan tarixinin milli ruhda yazılması, təhrif edilən səhifələrinin bərpa edilməsi əsas məsələ kimi tarixşünaslığın qarşısında dururdu.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun müəllifliyi ilə 7 cildlik “Azərbaycan tarixi”nin yazılmasına, yaradılmasına qərar verildi. Azərbaycan dövlətinin ayırdığı maliyyə hesabına nəşr edilən “Azərbaycan tarixi”nin ilk cildləri işıq üzü görər-görməz, mütəxəssislərin ciddi iradları ilə qarşılandı. Söhbət nəşrin cildlərində yer alan tarixi faktların bir-birinə zidd olması, eləcə də tarixə, tarixi şəxsiyyətlərə, tarixi dövrlərə dolaşıq münasibətlərdən gedirdi.

Məlumat üçün bildirək ki, AMEA-nın Tarix İnstitutu tərəfindən ilk dəfə 1998-2003-cü illərdə nəşr edilən və Azərbaycan tarixinin ən qədim zamanlardan 2002-ci ilə qədər olan dövrünü əhatə etdiyi 7 cildlik “Azərbaycan tarixi”nin I cildində “Azərbaycan dünyanın ən qədim insan məskənlərindən və sivilizasiya mərkəzlərindən biri olduğu”, Azərbaycan tarixinin ən qədim zamanlardan başlayaraq eramızın III əsrinin birinci rübü ilə başa çatan böyük bir dövrünü əhatə etdiyi”, “Azərbaycan tarixi”nin II cildində isə III əsrdən tutmuş, XIII yüzilin I rübünədək olan dövrü tədqiq edilmiş, sasanilərin və ərəblərin hakimiyyətləri zamanı baş verən siyasi-ictimai, iqtisadi-mədəni dəyişikliklərin araşdırıldığı qeyd edilməklə yanaşı, həm də burada xilafətin zəiflədiyi dövrdə təşəkkül tapan Azərbaycan feodal dövlətlərinin tarixi, səlcuq yürüşü və onun nəticələri, Azərbaycan Atabəyləri dövlətinin yaranması və süqutu, eləcə də dövrün ictimai, iqtisadi, mədəni həyatı və maddi mədəniyyətinin bu cilddə geniş şərh olunduğu bildirilir.

Nəşrin III cildində orta əsrlər tarixinin XIII əsrdən başlayaraq son dövrü işıqlandırıldığı, monqol əsarəti və onun nəticələri, burada təşəkkül tapan Azərbaycan dövlətlərinin tarixi, onların yaranması və süqutu, xanlıqlar dövrü, xalqımızın xarici işğalçıların təcavüzünə qarşı azadlıq mübarizəsi, eləcə də dövrün ictimai-iqtisadi, mədəni həyatı ətraflı şərh olunub.

IV cilddə “XIX əsr Azərbaycan tarixinin əsas sahələri əhatə olunmuşdur. XIX əsrin başlanğıcında Çar Rusiyası Şimali Azərbaycanı istila etdi, yurdumuzun şimal torpaqları Rusiya imperiyasının tərkibində qaldı. Cilddə istilanın gedişi, Çar Rusiyasının Şimali Azərbaycanı ucqar müstəmləkəyə çevirməsi siyasəti, xalqın ona qarşı mübarizəsi, ölkənin sosial-iqtisadi, siyasi və mədəniyyət tarixi, əsrin son rübündə burada kapitalist münasibətlərinin qərarlaşması, bununla əlaqədar sənayenin, kənd təsərüfatının inkişaf xüsusiyyətləri. Sosial dəyişikliklər, siyasi-ictimai hadisələr, eləcə də xalqımızın millət kimi təşəkkül tapması, milli şüurun yüksəlişi, Azərbaycan dili və mədəniyyətinin inkişaf mərhələləri işıqlandırılıb” - deyə qeyd edilir. .

“Azərbaycan tarixi” çoxcildliyinin V cildində XX yüzilliyin son dərəcə mühüm hadisələrlə zəngin olan ilk iki onilliyi işıqlandırılıb. “Azərbaycan xalqının bütün həyat sahələrini əhatə edən köklü dəyişikliklərin baş verdiyi həmin dövrdə kapitalist istehsal münasibətlərinin iqtisadiyyatda aparıcı mövqe tutması, maarifçiliyə əsaslanan milli özünüdərk və ictimai şüurun milli dövlətçiliyi bərqərar etməklə nəticələnən böyük bir inkişaf mərhələsi keçməsi, ədəbiyyat və mədəniyyətin coşqun inkişafı, sosial-iqtisadi təkamül, cəmiyyətin digər mühüm proses və hadisələri bu cilddə diqqət mərkəzinə çəkilib.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə nəticələnən milli-azadlıq hərəkatından geniş bəhs olunan bu cilddə Cümhuriyyətin müxtəlif sahələrdəki fəaliyyəti və onun süqutuna səbəb olan amillərlə yanaşı, milli dövlət quruculuğunda mühüm tarixi-siyasi əhəmiyyəti də şərh edilir”.

Nəşrin VI cildində isə “Vətən tarixinin mürəkkəb və ziddiyyətli dövrlərindən biri olan 20-30-cu illərin uğurlu və məşəqqətli tarixi hadisələri nəzərdən keçirilir. Sovet hakimiyyətinin qurulması, "milli" dövlət quruculuğu, sənayeləşdirmə və kollektivləşdirmə, mədəni həyat, idarəetmənin zorakılıq, görünməmiş cəza tədbirləri ilə müşayiət olunan inzibati-amirlik sistemi, eləcə də yeni cəmiyyət qurmağın bütün ağırlıqlarını çiyinlərində daşıyan milyonlarla zəhmətkeşin gərgin əmək fəaliyyəti indiyədək öyrənilməmiş arxiv sənədləri və dövri mətbuat materialları əsasında tam və hərtərəfli şərh olunur”.

“Azərbaycan tarixi”nin VII cildi Azərbaycanın 1941-ci ilin iyun ayından 2002-ci ilədək olan mürəkkəb, ziddiyyətli tarixi dövrünü əhatə edir. Kitab üç bölmədən ibarətdir. I bölmədə Azərbaycanın İkinci Dünya Müharibəsi dövrü tarixi, II bölmədə 1945-1991-ci illərdə, xüsusən 1970-ci illərdə və 1980-ci illərin birinci yarısında iqtisadi və mədəni yüksəliş, 80-ci illərin sonlarında başlanan milli oyanış, demokratik hərəkat, III bölmədə isə respublikanın suverenliyinin bərqərarlaşdırılması, müstəqil dövlətçiliyin qurulması və möhkəmləndirilməsi, ölkənin iqtisadi, siyasi, mədəni inkişafı arxiv sənədləri, dövri mətbuat materialları və mövcud elmi ədəbiyyat əsasında şərh olunur.

Qeyd etdiklərimiz Tarix İnstitutunun cildlərin məzmunu ilə bağlı verdiyi şərhlərdir.

Bəs görəsən mütəxəssislər niyə 7 cildlik “Azərbaycan tarixi”nin dərindən redaktə edilməsini, yaxud yenidən yazılmasını istəyirlər?

“…türklərin Azərbaycan ərazisində aborigen xalq olması faktı inkar olunur”
AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli bizimlə söhbətində 7 cildlik “Azərbaycan tarixi” ilə bağlı ciddi irad irəli sürən mütəxəssislərlə razılaşdığını bildirdi. O da hesab edir ki, bu akademik nəşrdə kifayət qədər ideoloji qüsur var: “Biz 7 cildlik “Azərbaycan tarixi”ndə olan qüsurlar haqqında dəfələrlə danışmışıq, bu məsələyə öz mənfi münasibətimizi bildirmişik. Özü də bu kitab yenidən yazılmayıb. Bu əsasən Sovet dövründə yazılıb. Ölkəmiz müstəqillik əldə etdikdən sonra çox cüzi dəyişikliklərlə əvvəlcə kiril, daha sonra isə latın əlifbası ilə nəşr edilən 7 cildlik “Azərbaycan tarixi” Azərbaycan xalqının maraqlarına, dünyagörüşünə uyğun deyil. Bütün hallarda, 7 cildlik “Azərbaycan tarixi”nin birinci cildində bir hadisə ilə bağlı bir cildində bir söz deyilir, digər cildində isə onunla bağlı tamam əks fikir qeyd edilib. Nəşrin VI-VII cildlərinə gəlib çatanda birinci cildlə altıncı, yeddinci cild arasında hansı bağlar olduğu məlum olmur. Burada söhbət Azərbaycan xalqının keçdiyi yoldan gedir. Çox təəssüflər olsun ki, 7 cildlik “Azərbaycan tarixi”nin birinci və ikinci cildlərində Azərbaycan xalqının soykökü tamamilə irandillilərə, yaxud qafqazdillilərə bağlanır, türklərin Azərbaycan ərazisində aborigen xalq olması faktı inkar olunur. Beləliklə, orta məktəblərin 5-ci, 6-cı sinif “Azərbaycan tarixi” dərsliklərində isə bunun əksinə olaraq, vaxtilə mövcud olmuş kutilər, lulibilər, Manna, Midiya və digər dövlətlərin, dövlət quruluşlarının türklərlə bağlı olması izah olunub. 7 cildlik “Azərbaycan tarixi”ndə bu cür ziddiyyətlər kifayət qədərdir. Yəni orta məktəblərdə tədris olunan “Azərbaycan tarixi” dərsliklərində bir çox məsələnin izah və şərhi ilə 7 cildlik “Azərbaycan tarixi” kitabındakı izahlar və şərhlər çox vaxt üst-üstə düşmür. Bu da istər orta məktəb şagirdlərində, istərsə də ali məktəb tələbələrində qarışıq, ziddiyyətli fikirlər yaranır. Tələbə və şagirdlər çaş-baş qalırlar, bilmirlər hansı kitaba inansınlar. Eyni zamanda, təkcə problem Azərbaycan xalqının kökünün türk olması, yaxud türklərin bura gəlmə və yaxud yerli olması ilə bağlı deyil. Hətta 7 cildlik “Azərbaycan tarixi”ndə orta əsrlərdəki türk dövlətlərinə, türk dövlətlərinin başçılarına çox mənfi münasibət var. Nəinki onlara mənfi münasibət var, hətta Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar işğalçı kimi, iranlı kimi qələmə verilir. Biz bilirik ki, akademik Ramiz Mehdiyevin tarixi mövzuda yazdığı kitablarında istər Şah İsmayıla, istər Nadir şah Əfşara, Ağa Məhəmməd şah Qacara, eləcə də xanlıqlar dövrünə həsr edilən əsərlərində, kitablarında onlar Azərbaycan şahları, başçılıq etdikləri dövlətlər isə Azərbaycan-türk dövlətləri kimi təqdim olunub. Hesab edirəm ki, tariximizə yenidən baxmaq, hadisələrə yenidən münasibət bildirmək, ümumiyyətlə isə 7 cildlik “Azərbaycan tarixi”ni yığışdırmaq lazımdır. Fikrimcə, 7 cildlik “Azərbaycan tarixi” ölkənin hər yerindən yığışdırılmalı, onun əvəzinə Azərbaycan türklərinin ruhuna uyğun yeni bir akademik şəkildə tarix kitabı yazılmalıdır”.

F.Ələkbərlinin sözlərinə görə, əks təqdirdə yeni nəslin şüurunda bizim bu günümüzə və gələcəyimizə mənfi fikirlər yaranacaq. Bunun tək yolunun isə 7 cildlik “Azərbaycan tarixi”nin yığışdırılması ilə bağlı olduğunu deyən F.Ələkbərli qeyd edir ki, bu kitab gənclərin fikrinin formalaşmasında mənfi rol oynayır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26