Interposta.Info

Nur ələdi aləmə Şəmsim mənim

Müxtəlif
 19-09-2018, 23:42     10 494

Mərahim Nəsib Şeirlər

Qəlbim dərgah, eşq ola dərsim mənim,
Nur ələdi aləmə Şəmsim mənim.
Keçdi ölüm quyusundan həqiqət,
Kənanda dəfn olundu nəfsim mənim.
Dərviş qəlbim neyzən geyib gələndən,
Səmazəndən bədən geyib gələndən,
Boyanmışam gecələrin rənginə,
Eşqin fəsli kəfən geyib gələndən.
Fəryadım var sükunətin içində,
Susdum eşqə həqiqətin içində.
Məşuqumda qalıb vüsal orucum,
İftarı da şəhadətin içində.
***
İndi mənim yuxumda hər gecəlik qonaqsan,
Yuxum kimi yaxınsan, yuxum kimi uzaqsan.
Qəlbə girəndən sonra qorxma gözdən iraqsan,
Könül ki, aşiq oldu göz nəyə lazımdı ki?
Üzün elə güldü ki, gül də susub dayandı,
Tapanda gerçək eşqi əl də susub, dayandı.
Könül dinəndən bəri dil də susub, dayandı,
Eşqin xanimanında söz nəyə lazımdı ki?
Asimana yüksəlib ruhuma ruh çəkəndən,
Bu tükənməz sevginin əlindən ah çəkəndən,
Ruhum uçub məşuqun yanında diz çökəndən,
Quru cismin çökdüyü diz nəyə lazımdı ki?
Bir-bir uçub ömürdən illər sənə getməsə,
Zəncirləri tərk edib qullar sənə getməsə,
Fanidən üz döndərib yollar sənə getməsə,
Qədəm qoyan hər addım, iz nəyə lazımdı ki?
Susub-susub dinləyib sözün görəndən bəri,
Tərk elədim cismimi özün görəndən bəri.
O məşuqun çöhrəsin, üzün görəndən bəri,
Bu dünyada başqa bir üz nəyə lazımdı ki?
***
İçimdən bir insan çıxıb qarşıma,
Qucaqlayıb basır məni bağrına.
Qalsam da mən özümlə öz aramda,
Nəzər salmaz bu acıma, ağrıma.
Hər dan yeri söküləndən səmaya,
Ucalıram ruhum ilə, özüm mən.
Parçalana-parçalana qalandan,
Heç bilmirəm nə ruham, nə sözəm mən.
İki yolun ayrıcında mən qərib,
Ruhdan bədən, bədəndən də ruh dərib.,
Göz yaşımı söz yaşıma hər sərib,
Yoldan yola səfər edən izəm mən.
Bədənimdən biçiləndən kəfənim,
Gedən azdır, çox olsa da gələnim.
Yandırandan ruh evimi bədənim,
Öz külündən alovlanan közəm mən.
Var olanın yoxunda var olandan,
Eşqə düşüb kədərə yar olandan,
Qüsurları görməyə kor olandan,
Həqiqətin özün görən gözəm mən.
***
Dar ağacı bədənimdə daşa dönüb dar qalar,
Qara ömrüm son nəfəsdə birazca da qaralar.
Günəş qürub eləyəndə əlbətdə ki, saralar,
Eşq xəncəri bədənimi soyanda dərk eylədim.
Camal ilə, kamal ilə vəsf olunan afəti,
Qiptə edib qısqanacaq hurilərin cənnəti.
Yetmiş iki yerdə taxıb çıxardığım zinəti,
Öz ruhumda, öz canımda sayanda dərk eylədim.
Qol gücünə tapılanı ruh gücünə qazandım,
Hər zərrənin bir zərrədə olduğuna inandım.
Çox düşündüm, çox axtardım, əvvəl-axır dayandım,
Ürəyimi al qanımda yuyanda dərk eylədim.
Məqam çatdı, köç başladı, seyrə düşdü uzağım,
Bir əbədi dost əlində yandı sönən çırağım.
Niyə erkən hazırlaşdı başqa yurda ayağım?
Bu aləmdən o aləmə qoyanda dərk eylədim.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26