Fahişələrin xoşbəxtliyindən azadlıq başlayar...

***
Bilirəm...qulaqların cingildəyir.
Səndən danışıram elə...
Qaranlıq da darısqal yoxluğunda əyilə-əyilə
gözləyir gəlməməyini...
Yadındamı..saçlarımın ağ çiçək açdığı gün...
bir ovuc kədərə büküb ,sevindirdin son məktubundakı
üç nöqtəni...
Qollarıma hələ də anlada bilmirəm ki,
dizlərim sevdiyim deyil..ay qucağı boş qalmış...
Ürəyimə hələ də anlada bilmirəm ki,
gözdən ürəyə yol var,ürəkdən gözə yox...
ay sinəmdə daş qalmış...
Bilirəm...qulaqların cingildəyir.
Səndən danışıram elə...
Səsim də balıqların şirin sükutuna qarışıb..
Birdən geri dönərsən...çaşıb...
payız haçandı ötdü...
Qar da yağdı.
Bənövşələrə danışıram səndən,
ipisti ürəyimdə üşüməyindən....
Bu gün üç nöqtələr günüdü.
Unutmamısan ki...
xəbərin var,ölməyindən.....?
***
Adam gözünün içindən qocalır,
dodağından üşüyür,
saçının ucundan qocalır...
...Görünməyən ada olur,
sevdalı qadınının ürəyi də hətta,
boş ciblərinin səyahətində.
...Bu gün də evə pulsuz gedirəm,
bu gün də romantik görünməyəcək həyat.
Şəraba müsəlman qəzəbidi qadın ehtiyacı ödənmədikcə...
Qucaqlar arasındakı məsafədi ehtiyac.
Pəncərələrdən yarpaq-yarpaq töküldükcə
kasıb kişi siluetləri
qadın ayaqları altına ,
cənnətin təzə rəsmini çəkir rəngli vitrinlərə iri üzüklü
kapitalizm barmaqlar...
...Rəssamların da xəyanətidi firçaya ,
rəngi getmiş öpüşlərə qızıl suyu çəkmək.
...Sənsə,
şeirlərini satırsan, şair !
As kipriklərindən görünsün bu qaranlıqda heç olmasa
Sən ki rəssam deyilsən...
***
Qadınlar hələ də sükutdu,
unudulmuş azadlıqdı
bir ağac yolçuluğunda...
...İndi mən bütün mahnılarda sual,
Sən,bütün nöqtələrin sonrası.
Ürəyindən yanıq xəsarəti alan adam üçün
azadlıq sevgisizlikdi...
Çünki qılıncların kəsdiyi yerdən göyərirsə həqiqət.
...Sən məni ,mənsə dünyamı dəyişdim.
İndi canımda bir yağışlıq boş yer göynədir.
Sevgisiz kişi ürəyində hər gün bir qadın ölür,
sevgisiz qadın qollarında isə kişi heykəli...
Bu ürək ki ,məndə var,gözümdən yüyürdükcə
qadın canından qopub səpələndim Məcnun qaranlığına...
Hər gün qadın məğlubiyyətinə sevinməkdisə həyat,
bütün ayrılıqlar qadın qələbəsidir..
Fahişələrin xoşbəxtliyindən azadlıq başlayar...
Eldar İSMAYILOĞLU
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26