Interposta.Info

Bu gün Laçın rayonundan Şəhid Tural Həsənovun şəhadətə qovuşduğu gündü - FOTO

Manşet
 30-12-2023, 22:21     91 909

Laçın rayon Mişni kənd sakini Şəhid Tural Həsənovun anım tədbiri baş tutdu
Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinə tabeli Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyi və Laçın rayon Mədəniyyət Mərkəzinin klub və Mədəniyyət evlərinin təşkilatçılığı ilə şəhid Tural Həsənovun anım tədbiri keçirilib.
Əvvəlcə şəhid Tural Həsənovun məzarı ziyarət olunub, məzarı üzərinə gül dəstələri qoyulub, şəhidin əziz xatirəsi anılıb.
Tədbirdə Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinə tabeli Laçın Dövlət Rəsm Qalereyasının, Sarı Aşıq Xatirə Muzeyinin əməkdaşları, Laçın şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin müəllimləri, şəhid ailələri, qazilər, şəhidin döyüş yoldaşları, ailə üzvləri, müəllimləri, məktəblilər iştirak ediblər. Vətəninin azadlığı uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Aparıcı Tural Həsənovun döyüş yolu haqqında geniş məlumat verib.
Tədbirdə çıxış edənlər, Tural Həsənovun şərəfli ömür və döyüş yolundan bəhs edib, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində ordumuzun qazandığı qələbədən, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.
Sonra Laçın rayon 7 saylı tam orta məktəbin hazırladığı kompozisiya nümayiş olunub, Bakı şəhər 294 saylı tam orta məktəbin şagirdlərinin ifasında şeirlər söylənilib, Laçın şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin müəllimlərinin müşayiəti ilə Azərbaycanın Əməkdar artisti Ehtiram Hüseynovun ifasında milli musiqi nömrələri səsləndirilib.
Sonda şəhidimizin bacısı çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə təşəkkür edib. Tədbirin təşkilatçılarına və iştirak edənlərə şəhidin ailəsi adından təşəkkür edib.
Tural Həsənov 1997 -ci il iyun ayının 15-də Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olub. 2003-cü ildən Qaradağ rayonunun Ümid qəsəbəsindəki 294 saylı orta məktəbin 1-ci sinfinə daxil olub. 2014-cü ildə həmin məktəbi bitirib və elə həmin il Lənkəran Dövlət Universitetinin İngilis dili (tərcüməçi) fakültəsinə qəbul olub. 2018-ci il iyul ayı çağırışı ilə hərbi xidmətə başlayıb. 2020-ci il dekabr ayının 30-da Xocavənd yolunda xidməti maşınlarında minaya düşərək şəhidlik məqamına yüksəlib. Tural ölümündən sonra Ölkə Başçısının müvafiq Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26