Interposta.Info

Kriptovalyuta bazarında önəmli gün: Gözləntilər nədir?
 

İqtisadiyyat
 21-09-2022, 19:37     257

Bu gün kriptovalyuta bazarında çox önəmli gündür. Çünki sentyabrın 21-i axşam saatlarında faiz artımı ilə bağlı ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) qərarı gözlənilir.

Bunu "Report”a kriptovalyuta üzrə ekspert Elnur Quliyev bildirib.

O qeyd edib ki, hazırda kriptovalyuta bazarında orta stabil vəziyyət hökm sürür. Bitkoinin qiyməti 18-19 min ABŞ dolları arası dəyişir.

"Bu gün əsas gözlənti faizlərlə bağlıdır. Əgər faiz gözləntisi 1% artırılsa, kriptovalyuta bazarında və ümumiyyətlə, maliyyə bazarında bir çöküş müşahidə edəcəyik. Qiymətlərin aşağı düşəcəyini də demək olar.

Hazırda kriptovalyuta bazarı çox sıx halda ümumi fond bazarı ilə korrelyasiya olunur. Yəni, fond bazarının istiqaməti və məşhur S&P 500 və Nasdaq indeksləri hansı istiqamətdə gedirsə, kriptovalyuta bazarının qiymətləri də o istiqamətdə hərəkət eləyir.

Əgər baza olaraq 1% artırılsa, bu ABŞ dolları indeksini qaldıracaq və əksinə, fond bazarında, kriptovalyuta bazarında qiymətlərin enməsi müşahidə olunacaq", - E. Quliyev bildirib.

Ekspert başqa bir ehtimalı da nəzərdən keçirib:

"Əgər faizlər 0,75 % qalxsa, bu gözləntilər gözlənti kimi qalacaq. Və ola bilsin ki, müəyyən müddətdə kriptovalyuta bazarında qiymətlərin qalxması müşahidə olunsun. Amma bu müvəqqəti olacaq. Çünki ümumi trend aşağı doğru gedir. Dünyada baş verəcək maliyyə gərginliyi və ABŞ iqdisatiyyatında ressesiya xəbərləri ilə ümumi trendin aşağı getdiyini müşahidə etmək olar. Bu vəziyyət yaxın aylarda hətta bitkoinin qiymətinin 14-15 min ABŞ dolları arasına düşməsinə səbəb ola bilər”.

Qeyd edək ki, hazırda, kriptovalyuta bazarında ən bahalı koin bitkoindir. Bir tokenin qiyməti 18,891 min ABŞ dollardır. İkinci və üçüncü yerdə isə "Ethereum” 1 338 ABŞ dolları və "Tether” 1 000 ABŞ dolları ilə qərarlaşıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26