Interposta.Info

Canları çıxsa da, təzminatı ödəyəcəklər

İqtisadiyyat
 20-11-2020, 09:37     485

Ekspert: “Ölkəmizin tam haqqı var ki, Ermənistanın son 30 ildə bizə vurduğu bütün zərərlərin ödənməsini tələb etsin”
Azərbaycan Ermənistanın işğalından azad etdiyi ərazilərdə bərpa işlərindən əvvəl düşmən ölkənin işğalı nəticəsində dəyən zərəri hesablayacaq. Bu barədə ölkə Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında məlumat verib. Bildirib ki, azad olunmuş ərazilərə beynəlxalq ekspertlər dəvət olunacaq, dəyərləndirmə aparılacaq, daha sonra həmin mötəbər dəyərləndirmələr əsasında beynəlxalq məhkəmələrdə Ermənistana qarşı təzminat tələbi ilə iddialar qaldırılacaq.

İqtisadçı-ekspert Elman Sadiqov bildirir ki, başa çatan müharibələrdən sonra təzminat davasının açılması dünya təcrübəsində dəfələrlə baş vermiş haldır: “Bu, tamamilə yeni bir məsələ deyil. Tarixən müharibə edən ölkələr arasında təzminat ödənməsi halları baş verib. Adətən məğlub olan dövlət qalib gələnə vurduğu zərərin əvəzini ödəyir. Xüsusilə də əgər müharibənin başlanmasında bilavasitə günahkardırsa, müharibəyə birinci başlayıbsa, işğalçılıq siyasəti həyata keçiribsə. O cümlədən Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirib. 30 ilə yaxın bir dövrdə xüsusilə həm kənd təsərrüfatı, həm faydalı qazıntılar, həm turizm baxımından münbit olan, gəlir gətirən torpaqlarımızı işğal altında saxlayıb, ondan gəlir götürüb. İkinci məsələ bundan ibarətdir ki, müharibənin səbəbi Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları olub. Yəni müharibəni başladan, başlanmasında əsas günahkar olan da, məğlub olan da Ermənistandır. Üçüncü məsələ budur ki, müharibə bütünlüklə Azərbaycanın ərazisində gedib. Bütün hərbi əməliyyatlar, dağıntılar Azərbaycan ərazisində baş verib. Bu əməliyyatlar nəticəsində torpağa vurulan zərərin aradan qaldırılması onilliklərlə vaxt aparacaq. Dördüncü məsələ bundan ibarətdir ki, Ermənistan sülhməramlıların münaqişə ərazisinə yerləşdirilməsindən sonra boşaltmalı olduğu 3 rayona da əlavə zərərlər vurub. Beşinci məsələ isə budur ki, müharibə nəticəsində Azərbaycana demoqrafik zərər vurulub - şəhid olanlar, qazi olanlar var. Onların hər birinə görə dəyən zərər hesablanmalı, təzminata dair iddialara daxil edilməlidir. Yəni Ermənistanın günahı üzündən Azərbaycana külli miqdarda zərər vurulub və bu dövlət həmin zərəri ödəməlidir”.

Eksperti fikrincə, təzminat iddialarının hazırlanması üçün beynəlxalq qiymətləndirici şirkətlərlə yanaşı, beynəlxalq səviyyəli hüquqşünaslarla da əməkdaşlığa başlanmalıdır: “Həmin hüquqşünaslarla beynəlxalq hüququn tələblərinə uyğun iddialar hazırlanmalıdır. Bu iddiaların qaldırılması Ermənistanın necə vəhşi bir dövlət olduğunu dünyaya çatdırmaq üçün ən gözəl vasitələrdən biridir. Təzminat davaları adətən bir neçə illər davam edən proseslərdir. Bu proseslərin gedişi Ermənistanın işğalçı dövlət imicinin formalaşdırılması, gündəmdə saxlanması üçün əlverişli imkanlar yaradacaq. Hətta təzminatı ödətdirə bilməsək belə, məsələnin illərlə beynəlxalq səviyyədə gündəmdə saxlanması Ermənistan üzərində çox ciddi təzyiqlər formalaşdırmağa imkan verəcək. Ermənistan gücünü müxtəlif məhkəmələrdə qaldırılan iddialarla bağlı proseslərə yönəldəcək, ölkəmizə qarşı hansısa əlavə ittihamlar irəli sürməyə vaxt belə tapmayacaq”.

E.Sadiqovun fikrincə, Ermənistandan törətdiyi vəhşiliklərə görə təzminatın alınması kifayət qədər realdır: “İndi Ermənistandan 50 milyard dollar təzminat alınması söhbəti gedir. Düşünürəm ki, bu, birdəfəlik ödənilməli məbləğdir. Əgər müəyyən müddət ərzində ödəniləcəksə - 5-10 ilə, onda məbləğ 60-80 milyard dollara qədər artırılmalıdır. Ola bilsin ki, Ermənistan təzminatı ödəməyə imkanının olmadığını elan etsin. Bu zaman onlar təzminatın əvəzini torpaqla ödəməlidilər. Biz bu tələblə çıxış edə bilərik. Ümumiyyətlə, təzminat iddialarını qaldırmaqla Azərbaycan heç nə uduzmayacaq, heç də dünyada bütün təşkilatlar, dövlətlər ermənilərin tərəfdarı deyil, yaxud Azərbaycanın düşməni deyil. Bundan əlavə, öz ərazilərində bizim kimi problemlər yaşayan ölkələr də az deyil, bu baxımdan, biz xeyli dəstək də ala bilərik. Bu iddiaların qaldırılması həm də dünyada digər dövlətlərə ərazi iddialarında olan ölkələrə bir dərs olacaq ki, hansısa münaqişəyə başlamazdan öncə yaxşı fikirləşsinlər. Nəhayət, bir məsələni də qeyd edim ki, vurulan zərərin müqabilində kiçik bir məbləğin belə təzminat olaraq Ermənistan tərəfindən bizə ödənməsi Qarabağla bağlı bütün iddiaların birdəfəlik dəfni demək olacaq”.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvü Ramil Osmanlı bildirir ki, ölkəmizdə Ermənistan işğalı nəticəsində vurulan zərərin qiymətləndirilməsi bir dəfə həyata keçirilib: “Bizim qiymətləndiricilər yaradılmış İşçi Qrupunda təmsil olunublar, qiymətləndirmə prosesində iştirak ediblər. Ölkədə kifayət qədər peşəkar qiymətləndiricilər var. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvləri işğal olunmuş və cəbhəboyu ərazilərə dəyən zərərin hesablanması üzrə İşçi Qrupa daxil edilmişdilər. Lakin təəssüf ki, 2018-ci ilin sonlarında bu İşçi Qrup ləğv olundu, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin aparatına birləşdirildi. Bununla bağlı biz 2016-cı ildə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq MDB üzrə həmkar qurumların iştirakı ilə Qəbələdə beynəlxalq seminar təşkil etdik. Yəni yerli qiymətləndirici şirkətlərin bu prosesi həyata keçirmək üçün yetərincə potensialı var. Bu gün bir sıra beynəlxalq qiymətləndirici şirkətlərin Azərbaycandakı sifarişləri məhz yerli mütəxəssislərin cəlb olunması ilə reallaşdırılır. Dövlət nə zaman istəsə, biz bu prosesdə iştirak etməyə hazırıq”.

Mütəxəssisin fikrincə, ilk növbədə 44 günlük müharibə dövründə cəbhəboyu ərazilərdə əhaliyə dəyən zərər hesablanmalıdır: “Daha sonra mülki və sosial infrastruktura, sahibkarlara dəyən zərər qiymətləndirilməlidir. Daha sonra işğaldan azad edilən və minalardan təmizlənən ərazilər üzrə qiymətləndirmələr başlanmalıdır. Bütün qiymətləndirmələrin nəticələri beynəlxalq məhkəmələrin tələblərinə uyğun şəkildə iddia ərizələrinə daxil edilməli və Ermənistana qarşı təzminat iddiaları qaldırılmalıdır”.

Politoloq, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlının sözlərinə görə, müharibələrdən sonra qaldırılan təzminat iddiaları dövlətləri yenidən eyni səhvləri təkrarlamaqdan çəkindirməyin əsas yollarından biridir: “Yəni heç bir dövlət fikirləşməməlidir ki, digərinə nə qədər istəsə zərər vuracaq, sülh müqaviləsi, yaxud razılaşma imzalanandan sonra hər şey yaddan çıxacaq. Lakin türklər demiş, heç kimin elədiyi yanına kar qalmamalıdır. Bir tərəf hüquqazidd əməlləri ilə digərinə zərər vurubsa, mütləq bunun qarşılığı olmalıdır. Azərbaycan tərəfinin təzminat iddialarının qaldırılması qərarı çox vacib və zəruridir. Ölkəmizin tam haqqı var ki, Ermənistanın son 30 ildə bizə vurduğu zərəri - 1994-cü ilə qədər davam edən müharibə, atəşkəs, həmçinin son 44 günlük müharibə dövründə vurulan bütün zərərlərin ödənməsini tələb etsin”.

Politoloqa görə, təzminatın alınması prosesi həm də regional və beynəlxalq şəraitdən asılı olacaq: “Necə nəticələnməsindən asılı olmayaraq, Azərbaycan iddialarını qaldırmalı, onların qəbul olunması üçün israrlı olmalıdır. Bu, həm maddi baxımdan, həm də mənəvi baxımdan Ermənistana böyük təzyiq imkanları yaradacaq bir proses olacaq”./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26