Interposta.Info

Mehri və Naxçıvan quru yolu: “Bu məsələni bir vaxt Prezident də dilə gətirmişdi...” (ŞƏRH)

Müxtəlif
 9-11-2020, 17:38     619

"Mehri dəhlizi ilə Naxçıvana qısa quru yolun açılması və bu məsələnin müzakirəsi çox tezdir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Şahin Cəfərli deyib. Politoloq bunun kifayət qədər mürəkkəb məsələ olduğunu vurğulayıb:

"Bəri başdan demək çətindir ki, Azərbaycan bu şərtləri masada qoyacaq, ya yox. Bundan əlavə, Azərbaycan bu şərtləri qoyarsa, Ermənistan tərəfinin münasibəti və eləcə də masada iştirak edən vasitəçi dövlətlərin buna münasibəti necə olacaq? Açığı, bununla bağlı birmənalı fikirlər söyləməkdə çətinlik çəkirəm”.

Şahin Cəfərli bu məsələnin gündəmdə olduğunu vurğulayıb:

"Prezident İlham Əliyev də bir müddət öncə öz müsahibələrinin birində erməni tərəfinə təklif eləmişdi ki, əgər münaqişə həll olunarsa, Azərbaycan Dağlıq Qarabağdan Ermənistana dəhliz verəcəksə, əvəzində siz də bizə Naxçıvanla Azərbaycanın digər ərazisi arasındakı əraziləri birləşdirəcək bir dəhliz verəcəksiniz. Burada Mehri dəhlizindən söhbət gedir. Eyni zamanda Azərbaycan təklif edib ki, Ermənistanla Rusiya arasında əlaqə Gürcüstan vasitəsi ilə həyata keçirilir. Gürcüstandan keçən yol isə qış aylarında donur və bağlanır. Azərbaycan tərəfi bunu da təklif edib ki, əgər Ermənistan münaqişənin həllinə razılaşacaqsa, güzəştlər edəcəksə, biz eyni zamanda Ermənistanla Rusiyanı birləşdirə də bilərik. Yəni, Ermənistanla Rusiya arasındakı iqtisadi ticarət əlaqələrində bu dövlətlər bizim ərazimizdən - Azərbaycan ərazisindən istifadə edə bilər. Bu məsələ əvvəlki illərdə də gündəmə gəlib, amma erməni tərəfi bu təkliflərin heç birinə isti yanaşmayıb”.

Növbəti mərhələdə Azərbaycan bu mövqedə qalırmı? Hansı təklifləri masaya qoyacaq?

Politoloq hələlik bu sulların cavablarının məlum olmadığını deyib:

"Münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi məlumdur. Prezident tərəfindən dəfələrlə bildirilib ki, əgər Ermənistan işğal altındakı əraziləri boşaltmağa razıdırsa və bununla bağlı hər hansı qrafik tədim edərsə, biz müharibəni dayandırmağa hazırıq. İlk mərhələdə əsas hədəfimiz işğal altında olan ərazilərin azad olunması, yaxud da boşaldılmasıdır. Digər məsələlər sonrakı mərhələlərdə gündəmə gələ bilər”.

Ermənistanın Azərbaycana vurduğu zərərlə bağlı təzminat məsələsinə gəlincə, Şahin Cəfərli bunun üçün beynəlxalq komisiyanın yaranmasına ehtiyac olduğunu deyib:

"Bu məsələdə beynəlxalq quruma ehtiyac var. Azərbaycanın birtərəfli qaydada hansısa bir rəqəm ortaya qoyması çətin olar, daha doğrusu, qarşı tərəf bunu qəbul eləməz. Azərbaycana dəyən zərəri hesablamaq üçün yaxşı olar ki, beynəlxalq ekspertlər qrupu yaradılsın və onların rəyi ortaya qoyulsun. Azərbaycan bu məsələni həmin rəylər əsasında sülh müqaviləsinin imzalanma ərəfəsində gündəmə gətirə bilər”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26