Interposta.Info

Neftin ucuzlaşması şəraitində Azərbaycan iqtisadiyyatında kataklizmlər gözlənilir?

İqtisadiyyat
 6-02-2018, 11:18     9 980

İqtisadçı-ekspert: “Manatın dollar qarşısında müvəqqəti müvazinətini qoruyub-saxlaması effektiv monetar siyasətlə bağlı deyil”

“Qeyri-neft ixracatından ölkənin dollar əldə etmə imkanları yoxdur. Əgər 2014-cü ildə qeyri-neft ixracatımızı 1,6 mlrd. dollar idisə, hazırda bu rəqəm 1,5 mlrd. dollardan artıq deyil. Yəni, biz hələ 3 il əvvəlki səviyyəyə çatmamışıq”.

Bu sözləri iqtisadçı-ekspert Məhəmməd Talıblı “Fitch” beynəlxalq reytinq agentliyinin manatla bağlı proqnozunu Pia.az-a şərh edərkən qeyd edib.

Xatırladaq ki, “Fitch” beynəlxalq reytinq agentliyi tərəfindən yayılan məlumatda bildirilib ki, manat iki il müddətində öz dəyərini qoruyub saxlayacaq. Lakin bu əminlik Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmovun son açıqlamasında özünü hiss etdirmir. Elman Rüstəmov bu il üçün AMB-nin əsas hədəflərini açıqlayarkən manatın dəyərinin neftin qiymətindən asılı olacağını vurğulayıb. “Mərkəzi Bank çevik məzənnə rejimini saxlayacaq. Mərkəzi Bank milli valyutanın fundamental makroiqtisadi amillərdən irəli gəlməyən qısamüddətli dəyişkənliyinin qarşısının alınması məqsədilə məhdud sayda və həcmdə valyuta bazarına müdaxilə edə bilər”, deyə ölkənin baş bankiri bildirib. O da faktdır ki, son zamanlar dollar qarşısında öz dəyərini qoruyan manat avro qarşısında dəyər itirir.

Neftin ucuzlaşması, ya da dolların bahalaşması şəraitində Azərbaycan iqtisadiyyatında hansı kataklizmlər gözlənilirmi?

Məhəmməd Talıblı: “Dollar tələbatını ödəmək üçün Mərkəzi Bank daraldırılmış valyuta kanalı müəyyənləşdirib. Ona möhkəm nəzarət hesabına manat müvazinəti davam edir”.

Neftin ucuzlaşması başlayandan bir neçə ay sonra büdcə xərcləmələrində çətinliklər yarana biləcəyin vurğulayan iqtisadşı-ekspert Məhəmməd Talıblı qeyd edib ki, iri investisiya layihələrinin həyata keçirilməsi və s. xərclərdə problemlər yaşana bilər. Bu da eyni zamanda manatın dollar qarşısında dəyərinə də təsir edəcək:

“Manatın dollar qarşısında müvəqqəti müvazinətini qoruyub-saxlaması effektiv monetar siyasətlə bağlı deyil. Sadəcə xarici şoklar bizim iqtisadi maraqlara uyğun formada üst-üstə düşür. Bu da neftin qiymətinin ortalama həddinin ötən ilin müvafiq dövrlərinə nisbətən yüksək olması ilə bağlıdır.

Qeyri-neft ixracatından ölkənin dollar əldə etmə imkanları da yoxdur. Əgər 2014-cü ildə qeyri-neft ixracatımızı 1,6 mlrd. dollar idisə, hazırda bu rəqəm 1,5 mlrd. dollardan artıq deyil. Yəni, biz hələ 3 il əvvəlki səviyyəyə çatmamışıq. Dollar tələbatını ödəmək üçün Mərkəzi Bank daraldırılmış valyuta kanalı müəyyənləşdirib. Ona möhkəm nəzarət hesabına manat müvazinəti davam edir.

Neftin ucuzlaşması başlayandan bir neçə ay sonra isə büdcə xərcləmələrində çətinliklər yarana bilər.Söhbət az məbləğli müdafiə olunmuş xərc maddələrinin ödənişlərindən getmir. İri investisiya layihələrinin həyata keçirilməsi və s. xərclərdə problemlər yaşana bilər. Bu da eyni zamanda manatın dollar qarşısında dəyərinə də təsir edəcək”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26