Interposta.Info

“Mart ayı manat üçün gərgin ay olacaq” -

İqtisadiyyat
 27-02-2017, 15:51     672

“Mart ayı manat üçün gərgin ay olacaq” -

Natiq Cəfərli: “Əgər neftin qiyməti indiki səviyyələrdə qalsa və ya ciddi ucuzlaşma olsa, bu halda “Fitch”in proqnozları özünü doğrultmaya bilər”

“Yanvar ayında Azərbaycanda neft hasilatı təqribən 4 % azalıb. Hətta qiymət qalxsa belə, hasilat bu templə davam edərsə, məzənnəni sabitləşdirmək çətin olacaq”.

interposta.info bildirir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli “Fitch” beynəlxalq reytinq agentliyinin manatın məzənnəsi ilə bağlı proznozuna münasibət bildirərkən Pia.az-a açıqlamasında qeyd edib.

Qeyd edək ki, “Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanda 2019-cu ilin sonuna qədər ABŞ dollarının orta məzənnəsinin 1.89 manat olacağını ehtimal edir. Hesabatda yaxın 3 ildə dünya bazarında “Brent” markalı neftin orta illik qiyməti ilə də bağlı proqnoz açıqlanıb. Proqnoza görə, agentlik 2017-ci ildə neftin orta qiymətinin 45, 2018-ci ildə 55, 2019-cu ildə isə 60 dollar olacağını gözləyir.Bəzi ekspertlərimiz isə məzənnənin 1.80-2 azn arasında olacağını bildirir. Son 2 il ərzində manatın məzənnəsinin sabit qalması real görünürmü və bu mümkün olarsa, nə kimi təsirləri olar?
“Mart ayı manat üçün gərgin ay olacaq” -

Natiq Cəfərli: ““Fitch”in açıqladığı rəqəmlərin doğrula biləcəyinə şübhə ilə yanaşıram”.

“Fitch”in proqnozlarının neftin qiyməti ilə birbaşa bağlı olduğunu qeyd edən iqtisadçı ekspert Natiq Cəfərliyə görə, yaxın gələcəkdə neftin qiymətinin kəskin bahalaşması gözlənilən deyil:

“Əslində “Fitch” beynəlxalq reytinq agentliyinin açıqlamasında başqa detallar da var idi. Əgər neftin qiymətlərində ciddi yüksəliş olacaqsa, yəni, 2018-ci ildə 60-70 dollar, 2019-cu ildə 70 dollardan 80 dollara qədər qalxacaqsa, o zaman bu cür proqnozlar özünü doğrulda bilər. Əgər deyilən şərtlər olmasa, manatın məzənnəsinin səsləndirilən səviyyədə olması ehtimalıçox aşağıdır. Ona görə də neftin qiymətində ciddi artım olacaqsa, bu Azərbaycanın valyuta gəlirlərinin artmasına səbəb olacaq. Bu isə nəticədə manatın məzənnəsinin sabitləşməsinə və müəyyən səviyyədə qalmasına gətirib çıxarar.

Əgər neftin qiyməti indiki səviyyələrdə qalsa və ya ciddi ucuzlaşma olsa, bu halda “Fitch”in proqnozları özünü doğrultmaya bilər. “Fitch”in proqnozları neftin qiymətləri ilə birbaşa bağlıdır. Burada digər məsələlərdə var. Azərbaycanı tək neftin qiyməti yox, həm də həcmi maraqlandıran məsələlərdən biridir. Yanvar ayında Azərbaycanda neft hasilatı təqribən 4 % azalıb. Yəni, hasilatda da ciddi azalma müşahidə olunur. Hətta qiymət qalxsa belə, hasilat bu templə davam edərsə, məzənnəni sabitləşdirmək çətin olacaq. Bu baxımdan neft proqnozları özünü doğrultsa, o zaman “Fitch”in açıqladığı rəqəmlər də özünü doğrulda bilər. Açığı, mən buna şübhə ilə yanaşıram. Çünki dünyada tez-tez texnoloji dəyişikliklər baş verir və yaxın 1-2 il ərzində neftin qiymətinin kəskin artması ehtimalı çox aşağıdır”.

Natiq Cəfərli: “Mart ayında dollara tələbat artacaq”.

“Mart ayı üçün manatın məzənnəsində hansı dəyişikliklər ola bilər?” sualına isə iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, gələn ay valyutaya olan tələbat artacaq və nəticədə müəyyən çətinliklər yaşana bilər:

“Mart ayında dollara tələbat artacaq. Bayramqabağı idxalın artması gözlənilir. Əgər ölkəyə gətirilən malların həcmi artırsa, deməli, ölkədən çıxan valyutanın da həcmi artır. Bu isə valyutaya tələbatı artıra bilər. Digər tərəfdən 8-9 günlük tətil günləri olacaq. Azərbaycan əhalisinin bir qisimi tətilini qonşu ölkələrdə, Gürcüstanda və ya Türkiyədə keçirmək istəyəcək. Nəticədə valyutaya olan tələbat artacaq. Mart ayı manat üçün gərgin ay olacaq”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26