Interposta.Info

Elman Rüstəmov

İqtisadiyyat
 30-01-2017, 08:32     731

Elman Rüstəmov
Ekspert: “Mərkəzi Bank sədrinin dediyinin həmişə tərsi olur...”

interposta.info xəbər verir ki, manatla bağlı baş verənlər və proqnozlar bədbin olsa da, rəsmilər problemi sanki görməzdən gəlirlər. Son olaraq Mərkəzi Bankın sədri Elman Rüstəmov dolların 2 manat 50 qəpiklik ola biləcəyi ilə bağlı proqnozlara münasibət bildirib.

O, unikal.org-a açıqlamasında deyib ki, bu gün dolların manata nisbəti “üzən məzənnə” ilə müəyyən edilir: “Amma mən 1 dolların 2 manat 50 qəpik olmasını proqnozlaşdırmıram. Yəni bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Hesab etmirəm ki, dollar 2 manat 50 qəpik olacaq”. E.Rüstəmov həmçinin bildirib ki, dolların məzənnəsi təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrinin milli valyutasına nisbətdə bahalaşıb.

Ekspert Natiq Cəfərli isə məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, E.Rüstəmovun bəyanatı özü təzadlıdır. Yəni “üzən məzənnə”də hansı valyutanın hansı həddə “üzəcəyi” əvvəlcədən məlum olmur: “Açıqlamanın təzadlı tərəfi ondan ibarətdir ki, Elman Rüstəmov özü dəfələrlə Azərbaycanda manatın tam ”üzən məzənnə"yə keçdiyini bəyan edib. Tam “üzən məzənnə” rejimində milli valyutanın hara qədər ucuzlaşacağı və bahalaşacağını Mərkəzi Bank rəhbəri proqnozlaşdıra bilməz. Bu, bazarda olan vəziyyətdən, tələb və təklifdən, ölkənin valyuta gəlirlərindən asılı olacaq. Bu nöqteyi-nəzərdən bəyanatda bir təzad var. Azərbaycanda çox qəribə bir tendensiyadır. Tam “üzən məzənnə” rejimi elan olunsa da, nədənsə həmişə manat ucuzlaşmağa doğru “üzür”. Əgər “üzən məzənnə” rejimidirsə, bir dəfə hərracda bahalaşa bilər, o birində ucuzlaşa bilər, manatın məzənnəsi belə dəyişə bilər. Amma elan olunandan bu günə qədər ancaq biz manatın ucuzlaşmasını müşahidə edirik. Deməli, burada da tam “üzən məzənnə” rejiminə əməl olunduğunu demək mümkün deyil".

Elman Rüstəmov

Ekspertin sözlərinə görə, tam “üzən məzənnə”də məzənnəni öncədən müəyyən etmək mümkün deyil: “Əgər bunu Elman Rüstəmov öncədən müəyyən edirsə, demək bu, tam ”üzən məzənnə" deyil. Mərkəzi Bankın müəyyən müdaxilələri və tənzimləməsi ilə manat müəyyən həddə qədər ucuzlaşa bilər. Əgər tam “üzən məzənnə” rejimində Mərkəzi Bank israrlıdırsa, burada məzənnənin hansı səviyyədə olacağını heç kim bilə bilməz. Dediyim kimi, bu, bir çox faktorlardan asılı olacaq. Təəssüf ki, Azərbaycanda manat iki kəskin devalvasiyadan sonra yumşaq şəkildə yenidən devalvasiyaya uğrayır. 2015-ci ilin dekabrından bu günə manat 23 faiz yenə dəyər itirib. Yəni yumşaq şəkildə olsa da, bir il ərzində 23 faizlik növbəti devalvasiya da olub. İndi hansı səviyyəyə qədər manatın ucuzlaşacağını söyləmək Mərkəzi Bankın və hökumətin qoyduğu hədəflərdən asılı olacaq. Çünki Azərbaycanda tam “üzən məzənnə” rejiminə keçmək üçün institusional altyapı, bazarda isə çoxlu sayda oyunçu olmadığına görə manatın hansı səviyyədə qədər ucuzlaşdırılacağı Mərkəzi Bankdan asılı olacaq. Hansı səviyyəyə qədər ucuzlaşdıracaqlar, hansı səviyyədə qədər stabilləşdirməyə çalaşacaqlar, bunu Azərbaycanın indiki iqtisadi vəziyyətində söyləmək mümkün deyil. Yenidən manatın kəskin şəkildə ucuzlaşdırılması artıq ölkə iqtisadiyyatında çox böyük bir təlatümlərə, qiymət artımına, inflyasiyanın daha sürətlə artmasına səbəb olub. Manat bəlli bir səviyyədə stabilləşməsə, bu, iş adamlarının ölkəyə gətirdiyi idxal mallarına çox ciddi mənfi təsir göstərəcək. Qiymət artımı, ölkədəki inflyasiya çox böyük sürətlə gedəcək. İndi əsas məsələ hökumətin manatı hansı səviyyədə stabilləşdirməyi düşünməyindən asılıdır. Bu da Mərkəzi Bankın, hökumətin səlahiyyətindədir. İqtisadi faktorlar olmadığına görə bu, siyasi qərar olacaq. Bu siyasi qərarın nə olacağını təəssüf ki, iqtisadçılar proqnozlaşdıra bilmirlər".

Elman Rüstəmov

Ekspert Əkrəm Həsənov isə bildirib ki, ilin sonuna kimi dolların 2,50 manat olacağı haqda proqnozu mətbuata o verib: “Proqnozumun həqiqətə belə yaxın olduğunu və hətta bəlkə də optimistik olduğunu özüm də bilmirdim. Axı Elman müəllimin dediyi həmişə tərsinə olur”. Ekspert bildirib ki, artıq hamıya aydındır ki, dollar yaxın aylarda 2 manatı keçəcək: “İndi əsas məqsəd odur ki, ilin sonuna kimi dollar 2 manat 50 qəpiyi keçməsin. Əgər Mərkəzi Bank Dövlət Neft Fondundan aldığı vəsaiti düzgün istifadə etməyi bacarsa, bəlkə də dollar 2,50-lik səviyyəni keçmədi. Ehtimal edirəm ki, Mərkəzi Bank bu məqsədə nail olacaq”.

İqtisadçı Qulu İbrahimli isə fins.az-a bildirib ki, Azərbaycan manatının Mərkəzi Bank tərəfindən son vaxtlar daha sürətlə ucuzlaşdırılması beynəlxalq reytinq agentliklərinin ölkəmizlə bağlı yaxınlarda gözlənilən qiymətləndirmələrinə hazırlıqla bağlı ola bilər. Onun sözlərinə görə, Mərkəzi Bank tərəfindən Azərbaycan Beynəlxalq Bankına vəsait ayrılması Mərkəzi Bankın balansında tarazlığı pozur: “Bu da öz növbəsində milli valyutamızın inzibati yolla süni ucuzlaşdırılması zərurətini yaradıb”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26