Interposta.Info

Avropa qaz bazarında ABŞ-Rusiya savaşı: Moskva “böyük qaz savaşında” məğlub olmağa məhkumdur?

İqtisadiyyat
 12-07-2017, 11:43     619


Natiq Cəfərli: “Keçən ildən başlayaraq Amerikanın çox israrla və aqressiv şəkildə dünya qaz bazarına, o cümlədən Avropa bazarına daxil olması, Rusiyanı ciddi narahat edir”

“Rusiyanın Avropa qaz bazarından sıxışdırılması onun iqtisadi və siyasi itkilərlə qarşılaşmasına səbəb olacaq”.

XrberBiz.az
xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli mövcud iqtisadi gedişatda ABŞ-ın aktivləşməsinə və hegemonluğu ələ keçirməsi ilə bağlı addımlarını şərh edərkən Pia.az-a açıqlamasında qeyd edib.

Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol İstanbulda keçirilən XXII Dünya Neft Konqresində çıxışı zamanı bildirib ki, ABŞ yaxın 5 ildə dünyanın əsas qaz ixracatçılarından biri olacaq və Avropaya qaz ixracatı üzrə Rusiyadan önə keçəcək. Qeyd edək ki, bu günlərdə Polşaya səfər edən ABŞ prezidenti Donald Tramp Polşanı tamamilə ABŞ qazı ilə təmin edəcəklərini bildirib. Daha əvvəl isə Litva Rusiya qazından imtina edərək ABŞ-dan sıxılmış qaz almağa qərar vermişdi. Bundan başqa Senatın Rusiyaya qarşı yeni tətbiq edəcəyi qanun layihəsində Rusiyadan Avropaya yeni çəkilən qaz kəmərləri boykot edilir və bu da Moskvanda ciddi qıcıq yaratmaqdadır.

Rusiyanın qaz hegemoniyasının Avropada ortadan qalxması Moskvanın Avropadakı siyasi-iqtisadi gücünə necə təsir edə bilər? Bu əsasən neft-qaz ixracatından asılı olan Rusiya iqtisadiyyatının daha da zəifləməsinə yol aça bilərmi? Eyni zamanda dünən yayılan məlumata görə, İtaliya TAP layihəsindən imtina edib. Apuliya bölgəsinin qubernatoru ABŞ-dan sıxılmış qazın nəqli ilə bağlı gözlənilməz qərar verib. ABŞ-ın Avropanın qaz bazarında əsas oyunçulardan birinə çevrilməsi TAP-TANAP layihələrinin gələcəyinə necə təsir edə bilər? Yəni, bu layhələrin gələcəyi təhlükə altına girirmi?
Avropa qaz bazarında ABŞ-Rusiya savaşı: Moskva “böyük qaz savaşında” məğlub olmağa məhkumdur?

Natiq Cəfərli: “Əgər ABŞ-ın Avropa qaz bazarındakı hədəfləri reallaşsa, Rusiyanın qaz gəlirləri və qaz monopoliyası üçün ciddi zərbə olacaq”.

ABŞ-ın dünyanın əsas qaz ixraçatçılardan biri olmasının Rusiya üçün iqtisadi və siyasi zərbə olduğunu vurğulayan iqtisadçı ekspert Natiq Cəfərliyə görə, ABŞ-ın bu addımı ancaq istehlakçılar üçün sərfəli olacaq:

“Əslində Rusiya neftdən fərqli olaraq, qaz satışından daha çox gəlir götürür. Çünki qazın xaricə satılması “Qazprom” şirkətinin monopoliyasındadır və Rusiya dövlət büdcəsinin təqribən 30%-ə yaxını birbaşa və dolasıyla vergilər şəkilində yığılan qaz gəlirlərindən ibarətdir. Bu isə Rusiya üçün çox ciddi gəlir mənbəyidir. Son illərdə qazın qiyməti neftə paralel olaraq aşağı düşdüyünə görə Rusiya iqtisadiyyatı çox ciddi ziyan görür. Çünki qazın qiyməti neftdən asılı olaraq dəyişir. Rusiya 3 il bundan öncə Avropaya ortalama 410-420, hətta bəzi ölkələrə 450 dollara qaz satırdı.

Bu gün isə Rusiyanın Avropaya qazı ortalama 220 dollara satdığını görürük. Yəni, ortalama qiymət iki dəfədən aşağı düşüb. Bu, Rusiyanı çox ciddi narahat edir. Avropanın ümumi qaz tələbatı təqribən illik 500 milyard kubmetr təşkil edir. Bunun 30%-ə yaxınını Rusiya verirdi. Keçən ildən başlayaraq Amerikanın çox israrla və aqressiv şəkildə dünya qaz bazarına, o cümlədən Avropa bazarına daxil olması, Rusiyanı ciddi narahat edir. Həmçinin Avropada əlavə qaz mənbələrinin yaranması və yeni oyunçuların daxil olması qiymətlərə və istehlakçılara pozitiv təsir göstərir. Yəni , qiymətlər istehlakçılar üçün daha da aşağı düşür. Bu isə Rusiyanın gəlirlərini azaldır və ABŞ doğrudan da qarşısına qoyduğu hədəflərə yaxın illərdə çata bilsə, Avropaya 2020-ci ildə 80 milyard kubmetr qaz, 2025-ci ildə artıq 150 milyard kubmetr qaz satmağı düşünür.

Əgər bu hədəflər reallaşsa, Rusiyanın qaz gəlirləri və qaz monopoliyası üçün ciddi zərbə olacaq. Avropada qaz bazarında sıxışdırılan Rusiya həm də siyasi rıçaqlarını itirəcək. Çünki qaz Rusiya üçün tək iqtisadi güc və gəlir mənbəyi deyildi, həm də siyasi anlamda qaz müqavilələri vasitəsilə Avropada öz maraqlarını qəbul etdirmək üçün bir alətə çevirilmişdi. Hətta 2009-2015-ci illərdə Rusiya bir neçə dəfə Avropanın bəzi ölkələrinə qaz verilməsini dayandırmaqla, onlara ciddi siyasi təsir də göstərmişdi. Rusiyanın Avropa qaz bazarından sıxışdırılması onun iqtisadi və siyasi itkilərlə qarşılaşmasına səbəb olacaq.

Natiq Cəfərli: “İqtisadi nöqteyi-nəzərdən TAP layihəsi Azərbaycanın gözləntilərini doğrultmayacaq”.

“İtaliya tam olaraq TAP layihəsindən imtina etməyib. Sadəcə olaraq ekoloji təşkilatlar bununla bağlı müraciət ediblər və TAP layihəsində yeni ekoloji dəyərləndirmənin, ekoloji cəhətdən sərfəli olub-olmadığını müəyyənləşdirmənin olmasını tələb ediblər. Bu, siyasi təzyiq vasitələrindən biridir. Düşünmürəm ki, TAP-la bağlı ciddi problemlər yaşansın. Sadəcə layihənin reallaşdırılmasının zaman etibarilə uzanmasına səbəb olar. Azərbaycan höküməti çox çalışır ki, artıq 20-ci ildə layihə işə düşsün. Ola bilər ki, layihənin işə düşməsi zaman etibarilə biraz uzansın. Ancaq bu layihə mütləq gerçəkləşəcək. Çünki bu layihə Avropanın özünün də maraqlarına çox ciddi şəkildə uyğundur. İqtisadi nöqteyi-nəzərdən Tap layihəsi Azərbaycanın gözləntilərini doğrultmayacaq. Bizim bununla bağlı dəfələrlə yazılı məlumatlarımız olub. 4 ildən bundan öncə bəlli məsələ ilə bağlı yazılar yazmışdım. Söhbət ondan gedir ki, Azərbaycan bu layihələrin həyata keçirilməsi üçün ciddi borclanır. Azərbaycanın indiki beynəlxalq maliyyə reytinqini də nəzərə alsaq, bu borclar ölkəyə kifayət qədər yüksək faizlər verir. Layihə 20-ci ildə işə düşdükdən sonra Azərbaycan Avropaya 10 milyard kubmetr qaz satmağı düşünür. Bu isə indiki qiymətlərlə təqribən 2.2-2.3 milyard dollara bərabərdir. Ancaq 20-ci ilə qədər ABŞ aqressiv şəkildə bazara daxil olsa, qazın qiyməti 200 dollardan da aşağı düşə bilər. TAP layihəsində 7 payçı şirkət və dövlət var. Və layihədən gələn gəlirdən tranzit, daşınma, təhülkəsizlik, qazın hasilat xərcləri çıxdıqdan sonra qalan gəlir 7 payçı arasında bölünəcək. Ən böyük payçılardan biri Azərbaycandır və bu xərcləri çıxdıqdan sonra yerdə qalan məbləğdən Azərbaycana düşəcək pay 600-700 milyon dollardan artıq olmayacaq. Bunun isə böyük hissəsi alınan kreditlərin faizlərinin ödənməsinə xərclənəcək. Bu baxımdan düşünürəm ki, indiki gözləntilər özünü doğrultmayacaq. Lakin Azərbaycanın TAP layihəsində iştirakı və həlledici rollardan birini alması siyasi cəhətdən dividentlər gətirəcək. Azərbaycanın bu layihədə söz sahibi olması beynəlxalq arenada da pozitiv qəbul olunmasına şərait yaradır. Yəni ki, TaP layihəsinin Azərbaycan üçün siyasi qazancları iqtisadi qazanclarından daha çoxdur”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26