Interposta.Info

ABŞ Rusiyadan rekord həcmdə neft aldı – Şok səbəb

İqtisadiyyat
 12-08-2020, 15:49     266

ABŞ-ın neft istehlakçılarının son 16 ilin ən böyük neft alışını etməsi, şübhəsiz ki, real fyuçers bazarı ilə spot bazarı arasında ciddi qiymət fərqi yaradır. Bu isə neft qiymətləri üçün təhlükədir.

"İnterPosta"nın məlumatına görə, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli Rusiyanın cari ilin ilk altı ayında ABŞ-a 2,2 milyard dollarlıq 9 milyon tondan çox neft məhsulu göndərməsi haqda danışarkən deyib. O bildirib ki, 2020-ci ilin ilk yarısında ABŞ-a göndərilən neft məhsullarının həcmi Rusiyanın ümumi neft məhsulları ixracının 12%-ni təşkil edib:

“Düşünürəm, bir müddət öncə Səudiyyə Ərəbistanının neft satışında kampaniya elan etməsi Rusiyanın da bənzər bir kampaniya ilə cavab verməsinə gətirib çıxardı. Rusiyanın “Ural” markalı nefti tərkibində qurğuşun elementinin çox olması səbəbindən daha ağırdır. ABŞ-ın bəzi neft emal edən zavodları ağır neftə hesablanmış qurğulardan istifadə edir. Bu zavodlar əvvəllər nefti Venesueladan alırdılar, lakin ABŞ-ın bu ölkəyə iqtisadi sanksiyalar tətbiq etməsindən sonra “Ural” neftinin alınması prosesi geniş vüsət aldı.

Təbii ki, Rusiya da bu fürsətdən istifadə edərək öz neftini xüsusi kampaniya və endirimlərlə ABŞ istehlakçılarına təqdim etdi. Məhz bu səbəbdən son 16 ilin ən çox neft satışı baş tutub. Onu da qeyd edim ki, ABŞ-da neft satışı və alışını istehlakçılar müəyyən edir. ABŞ heç vaxt bu satışa qarışmır”.

N.Cəfərli vurğulayıb ki, ABŞ-ın son 16 ilin ən böyük neft tədarükünü həyata keçirməsi pandemiyanın ikinci dalğasına hazırlıqdır:

“Pandemiyanın ikinci dalğasının gəlməsi ilə bağlı xəbərlər yayılıb. Buna görə də ABŞ-ın neft istehlakçıları bu mənada mövcud anbarları dolduraraq, daxili bazarın tələblərini indidən qarşılamağı planlaşdırır”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26