Interposta.Info

ABŞ nefti sudan ucuz – Çin nəhəng anbarlarını doldurmaqda davam edir

İqtisadiyyat
 21-04-2020, 22:46     391

Dünya neft bazarındakı qiymət çöküşündən istifadə edən Çin öz strateji ehtiyatlarını artırmaq istiqamətində fəaliyyətini gücləndirib.

Belə ki, bu ilin birinci rübündə Çinin xam neft alışının həcmi ötən ilin eyni dövründəkindən 2 dəfə yüksək olub. Bu dövrdə Pekin gündə10,2 milyon barel nefti idxal edib, daha 3,8 milyon barel isə Çinin özündə istehsal olunub. Bu zaman gündəlik neft emalı 12 milyon barel təşkil edib, qalan 2 milyon barel isə ehtiyata əlavə edilib.

Qeyd edək ki, Çin dünyada neftin ən böyük idxalçısıdır. Onun gündəlik 14 milyon barel olan neft istehlakı Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Fransa, Cənubi Koreya və Yaponiyanın birlikdə istehlakına bərabərdir.

Aprel ayında Çin dəniz yolu ilə neft idxalını daha da artırıb. Refinitiv maliyyə şirkətinin məlumatına görə, idxalda artım gündəlik 550 min barel təşkil edir – 8,8 milyon bareldən 9,35 milyon barelədək artım var.

Çin hazırda böyük həcmdə neft almaq imkanında olan yeganə ölkədir. Çünki bu ölkə dünyada ən geniş tutumlu neft anbarlarına malikdir. Hesablamalara görə, Çindəki anbarlar ölkənin 180 günlük neft idxalı həcmlərini yığmağa imkan verir. Bu isə hazırkı şəraitdə Çini neft hasilatçıları üçün ən cəlbedici alıcı edir.

Onu da qeyd edək ki, Çin mart-apreldə Rusiyadan 1,6 milyon ton neft alıb. Eyni zamanda ABŞ-la imzalanmış ticarət razılaşmasına görə, Pekinin bu ölkədən almalı olduğu 200 milyard dollarlıq məhsulların 25 faizi məhz enerjidaşıyıcılarının payına düşməlidir. ABŞ neftinin sürətlə dəyərsizləşməsi fonunda Trampın bu razılaşmaya əməl olunmasına ciddi nəzarəti təmin edəcəyi şübhəsizdir./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26