Interposta.Info

Cənub Qaz Dəhlizi layihəsinin ölkə iqtisadiyyatına hansı müsbət təsirləri olacaq?

İqtisadiyyat
 29-05-2018, 18:25     10 387

Ekspert: “Bu layihəyə İran, İraq, gələcəkdə isə İsrailin də qoşulması fonunda Avropa üçün daha əhəmiyyətli və Rusiya üçün daha təhlükəli olacaq”

“Bu layihə dünyada və regionda Azərbaycanın siyasi çəkisinin artması üçün daha önəmli layihədir”.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycan qazının Avropa bazarına birbaşa çıxarılmasının təsirlərini şərh edərkən Pia.az-a açıqlamasında qeyd edib.

Bu gün Cənub Qaz Dəhlizi layihəsinin birinci mərhələsinin açılış mərasimi keçirilib. Mərasimdə Prezident İlham Əliyev də iştirak edib. Dövlət başçısı çıxşı zamanı bildirib ki, bu layihədə maraqlar balansı gözlənilib: “Hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqları tam təmin edilib. Bu maraqlar balansı olmasaydı, layihə tam həyata keçirilə bilməzdi. Biz qarşılıqlı faydalı əməkdaşlığı təmin etməliyik. Ölkələr və şirkətlər qarşılıqlı siyasi, iqtisadi mənfəətini təmin etməlidir. Azərbaycan da istehsalçı ölkə kimi öz mənfəətini götürür”.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan qazının Avropa bazarına birbaşa çıxarılmasını təmin edəcək. Uzunluğu 870 kilometr olacaq Trans Adriatik Qaz Kəməri (TAP) “Şahdəniz” yatağının ikinci fazasının mavi qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. TAP layihəsinin əsas mənbəyi “Şahdəniz”in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. İkinci mərhələdə Avropaya nəql olunacaq mavi yanacağın həcmi 20 milyard kubmetrə çatdırılacaq.

Maraqlıdır ki, Azərbaycan qazının Avropa bazarına birbaşa çıxarılmasının ölkə iqtidasiyyatına müsbət təsirləri hansılar olacaq? Həmçinin Azərbaycanın öz qazını birbaşa Rusiyadan kənar Avropa bazarına çıxara bilməsi Azərbaycan-Rusiya iqtisadi əlaqələrinə hansısa formada mənfi təsir edə bilərmi?

Cənub Qaz Dəhlizi layihəsinin ölkə iqtisadiyyatına hansı müsbət təsirləri olacaq?

Natiq Cəfərli: “Bu layihə kifayət qədər bahalı və Azərbaycanın üzərinə böyük maliyyə yükü kimi düşən bir layihədir. Lakin siyasi əhəmiyyətinə görə maraqlı layihədir”.

Cənub Qaz Dəhlizi layihəsinin Azərbaycan üçün iqtisadi deyil, siyasi əhəmiyyətinin daha çox olacağını vurğulayan iqtisadçı ekspert Natiq Cəfərliyə görə, bu layihəyə qatılmaq hələlik Azərbaycan-Rusiya iqtisadi əlaqələri üçün ciddi təhlükə yaratmır:

“Əslində bu layihə həm Avropa ölkələri, həm də Azərbaycan üçün çox vacib layihədir. Həmçinin siyasi əhəmiyyəti, dünyada və regionda Azərbaycanın siyasi çəkisinin artması üçün daha önəmli layihədir. İqtisadi dividentlər nöqteyi-nəzərindən isə bir az problemlər var. Çünki həddindən artıq bahalı layihədir və bu layihəni maliyyələşdirmək üçün Azərbaycan külli miqdarda vəsait xərcləyib. Hətta 9 milyard dollara yaxın kredit müqavilələri də bağlanıb. Bu ilin sonu, gələn ildə daha 3 milyard dollara yaxın növbəti kredit müqavilələri də bağlanacaq. Yəni, kifayət qədər bahalı və Azərbaycanın üzərinə böyük maliyyə yükü kimi düşən bir layihədir. Lakin siyasi əhəmiyyətinə görə maraqlı layihədir. Maraqlı layihə olduğuna görə Azərbaycan tərəfdən də ciddi dəstək verilir. Eyni zamanda Avropa tərəfdən də ciddi maraq kəsb edir.

Onu da qeyd edim ki, Azərbaycanın qazı həcmi çox azdır. 2021-cildən sonra Avropaya təqribən 10 milyard kubmetr qaz satılacaq. Bunun dəyəri təqribən 2.5 milyard dollar olacaq. Lakin bunun hasilat, daşınma, tranzit xərcləri də var. Bütün bu xərcləri çıxdıqdan sonra Azərbaycanın illik gəliri təqribən 600 milyon dollara yaxın bir vəsait olacaq.

Natiq Cəfərli: “Layihənin iqtisadi səmərəsini yaxın zamanlarda görəcəyimiz real görünmür. Bəlkə də 15 ilə yaxın zamana ehtiyac olacaq”.

Əslində bu o qədər də böyük vəsait deyil. Həmçinin bu layihə üçün alınan kreditlərin faizləri də kifayət qədər yüksək olacaq. Gəlirin böyük bir hissəsi o faizlərin ödənilməsinə və kreditlərin qaytarılmasına sərf olunacaq. Bu nöqteyi-nəzərdən layihənin iqtisadi səmərəsini yaxın zamanlarda görəcəyimiz real görünmür. Bəlkə də 15 ilə yaxın zamana ehtiyac olacaq. Layihənin siyasi və strateji əhəmiyyətini görməkdə davam edəcəyik.

Azərbaycan-Rusiya iqtisadi əlaqələrinə gəlincə, Rusiya bu layihəyə qarşı həmişə qıcıq göstərib. Ancaq Azərbaycanın qaz həcminin o qədər də böyük olmadığını nəzərə alaraq, ciddi maneələr yaratmayıb. Rusiya istənilən maneəni yarada bilərdi, amma Qərb ölkələrinin, Avropa və ABŞ-ın da bu layihəyə dəstəyini nəzərə alaraq, o qədər də konfliktə girmədi. Bu layihəyə İran, İraq, gələcəkdə isə İsrailin də qoşulması fonunda Avropa üçün daha əhəmiyyətli və Rusiya üçün daha təhlükəli olacaq. Bu zaman həcm artacaq və təqribən 32-34 milyard kubmetrə yaxın qaz Avropaya daxil olacaq. Bu həcm Rusiyanı daha da qıcıqlandıracaq. Fikrimcə, bu layihələrin baş tutması fonunda Rusiyanın Azərbaycana qarşı təzyiqləri və təsirləri baş verə bilər”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26