Interposta.Info

Prezident:

Manşet
 31-05-2017, 12:52     881

“Azərbaycanın 2,6 trilyon kubmetr təsdiqlənmiş qaz ehtiyatı var. Enerji təhlükəsizlikdə mühüm rol oynayır. Enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizlik məsələsidir”

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışında deyib. O bildirib ki, tarixi neft-qaz kəmərləri yaradılmasaydı, Azərbaycan resurslarını dünya bazarlarına ixrac edə bilməzdi:

“Azərbaycanın neft-qaz layihələri regionda təhlükəsizliyin, sabitliyin, inkişafın təməlidir. Bu layihələrin ölkələr arasında münasibətlərə də çox böyük təsiri var. Bu kəmərlər bizim böyük sərvətimizdir”.

Prezident qeyd edib ki, “Şahdəniz” layihəsinin ikinci mərhələsi də uğurla həyata keçirilir: “Cənub Qaz Dəhlizinə 40 milyard dollar vəsait qoyulması nəzərdə tutulub, bu işlərin böyük əksəriyyəti həyata keçirilib. “Şahdəniz-2” layihəsinin icra səviyyəsi 93 faiz səviyyəsindədir. TANAP-ın icrası 70 faizdən yuxarı, TAP-da icra səviyyəsi 42 faiz səviyyəsindədir. Bu il Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının Bakıda növbəti iclası keçirilib. Azərbaycan bu layihədə lider ölkədir. Bizim tərəfdaş ölkələr - Balkan ölkələri, ABŞ, Böyük Britaniya və Avropa Komissiyasının yüksək səviyyəli rəsmiləri Məşvərət Şurasının iclasında iştirak ediblər. Qəbul edilən qətnamədə Azərbaycanın lider rolu vurğulanıb”.

Dövlət başçısı bəyan edib ki, neft-qaz kəmərlərinin şaxələndirilməsi mühümdür: “Marşrutların və mənbələrin şaxələndirilməsi vacibdir. Mənbələrə gəlincə, Avropa ölkələri üçün yeganə yeni mənbə Azərbaycandır. Azərbaycan böyük və yaxında yerləşən mənbədir. Ən önəmlisi, Azərbaycan dövlətinin güclü iradəsi və maliyyəsi var. Əgər Azərbaycan Cənub Qaz Dəhlizi çərçivəsində 4 layihəyə sərmayə qoymasaydı, heç bir investor sərmayə qoymazdı. Azərbaycan qazının Avropaya çıxarılması 10 ilin müzakirə mövzusu idi, ancaq heç bir nəticə vermirdi. 2012-ci ildə Azərbaycan Türkiyə ilə TANAP layihəsinə imza atdı və işlər başladı. Azərbaycan həm siyasi iradə ortaya qoyur, həm də maliyyə töhfəsini verir. Cənub Qaz Dəhlizi Azərbaycanın uzunmüddətli inkişafını təmin edəcək. Növbədə Böyük Abşeron qaz yatağı layihəsi var. Paralel olaraq Ümid, Babək layihələri icra edilir. Bu yataqlardan yaxın illərdə hasilat gözlənir. Yaradılan infrastruktur sayəsində Azərbaycanın tranzit rolu da artır. Xəzərin şərqindən resurslar Azərbaycan üzərindən dünya bazarına çıxarılır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26