Interposta.Info

Avropa Rusiyaya sarsıdıcı zərbə endirə bilər – Şok proqnoz

Siyasət
 27-11-2018, 09:16     355

Rusiya-Ukrayna münasibətlərinin növbəti gərgin mərhələsi kifayət qədər ciddi nəticələr doğura bilər.

İnterPosta.info-nın məlumatına görə, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. Ekspert bildirib ki, Rusiyanın Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə hücumu Moskvaya qarşı sanksiyaların daha da kəskinləşməsi ilə nəticələnə bilər:


“Belə ki, Rusiya bir dövlət olaraq beynəlxalq banklararası pul köçürmə sistemindən tamamilə kənarlaşdırıla bilər. Bu məsələ bir neçə dəfə gündəmə gəlsə də, beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ və Avropa Birliyi ölkələri buna getmək istəmirdi. Ancaq son olaydan sonra Rusiyanın bank sisteminin və pul köçürmələrinin SVİFT-dən (SWIFT) kənarlaşdırılması qərarı verilə bilər. Bu, xarici ticarətdə, hətta resursların xaricə satılmasından tutmuş Rusiyaya mal gətirilməsinə qədər, bütün proseslərdə ciddi əngəllər yarada, Rusiya iqtisadiyyatında ciddi dalğaların yaranmasına, inflyasiyanın sürətlənməsinə və rublun kəskin dəyərdən düşməsinə səbəb ola bilər”.

İqtisadçı bildirib ki, Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə hücum Rusiyanın Avropa Birliyi ilə danışıqlar mərhələsində olan iki layihəsini də təhlükə altında qoyur:

“Avropa Birliyi ABŞ-la birlikdə Şimal Axını-2 və Türk Axını layihəsinin reallaşmasına ciddi maneələrin yaradılması ilə bağlı qərar verə bilər. Bu da hər iki layihəyə qoyulmuş milyardlarla investisiyaların batmasına səbəb olar. Bu fonda siyasi gərginliyin artacağı istisna edilmir. Nəticədə Rusiyanın beynəlxalq aləmdən izolyasiya olunması məsələsi daha da aktuallaşacaq. Belə ki, Rusiyanın beynəlxalq tədbirlərə dəvət olunmasına və G20 və s. beynəlxalq formatlarda iştirakına son qoyulması ilə bağlı da qərar verilə bilər. Hər şey vəziyyətin hansı yöndə inkişaf edəcəyindən asılı olacaq. Görünən odur ki, Rusiya bu məsələdə hələ ki, geri addım atmaq istəmir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26