Interposta.Info

Azərbaycanın gündəmi: bir günlük ər, bir oyunluq qapıçı!  

İdman
 24-08-2022, 12:10     290

Dünən Azərbaycanda sosial şəbəkələrin gündəmini bir mövzu zəbt etmişdi. Xalqımız əylənmək üçün əla mövzu tapmışdı. Hər şey unudulmuşdu, özümüzü həmin mövzunun ağuşuna atmış, bacardığımız qədər dadını çıxarmağa çalışmışdıq. Mövzu isə həm qəribə idi, həm də məzəli. Xanımlardan biri feysbukda elan yazıb, rəfiqəsi üçün ər axtarırdı. Bəli, onun rəfiqəsinə bir günlük ər lazım idi.

Xanım bildirirdi ki, onun rəfiqəsinin valideynləri xaricdə yaşayır və qızlarını ailə qurmuş bilirlər. 400 manat ödəniş qarşılığında ər rolunu oynamaq üçün 29-32 yaşlarında bəy axtarışına çıxmışdılar. Elanda qeyd olunurdu ki, yetərincə qarışıq olan məsələ barədə ətraflı izah yalnız bəyin özünə veriləcək. Yəqin ki, adamın özünə nə qədər "dərinə gedə biləcəyi”, ər rolunu məhz hansı xüsusatlar üzrə oynamağın vacib olduğu da deyiləcəkdi. Yoxsa bu işin sonu necə qurtarardı, onu bir Allah bilir. Həmin elan saytların da diqqətini cəlb etdi, bu barədə məlumat sosial şəbəkələri izləməyənlərə, yaxud da elanla qarşılaşmayanlara da çatdırıldı. Gördüyüm qədəriylə namizədlərin sayı yetərincə çox idi. Dostunu təklif edən kim, öz namizədliyini irəli sürən kim. Sözün düzü, nəticənin necəliyindən xəbərim yoxdu. Ümid edirəm ki, bu axtarışların bir nəticəsi olub, həmin xanım valideynlərinin qarşısına çıxarmaq üçün münasib bəy tapıb. Sonrasını da Allah xeyir eləsin.
Bütün bunlar dünəndə qaldı. Bu gün xalqımız həmin mövzunu unudacaq, artıq yeni mövzu da var. İndi "Qarabağ”a qapçı axtarmaq lazımdı. Azərbaycan çempionu "Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin "Viktoriya” ilə oyunda buraxdığı iki qol xalqımızın xoşuna gəlməyib. Gecədən bəri sosial şəbəkələrdə Şahruddini asıb-kəsirlər, hamı israrla bildirir ki, Qurban Qurbanov daşı ətəyindən tökməli və "Qarabağ” mütləq yeni əcnəbi qapıçı tapmalıdı. Bütün bu qınaqlardan, ittihamlardan və Qurban bəyə yönələn tələblərdən Orxan Fikrətoğlunun qazanında bişən xörəklərin qoxusu gəlir, dostlar. Çünki qapıda kim olursa olsun, heç bir komanda qol buraxmaqdan sığortalanmayıb. "Mançester Siti” ötən tur İngiltərə Premyer Liqasında qapısında üç top buraxıb. "Şəhərlilər”in qapıçısı hal-hazırda dünyanın ən yaxşılarından sayılır. Buna nə deyirsiz?

Qapıya birdən-birə iki qapıçı qoymaq mümkün olsaydı, Şahruddinin yanında dayanmaq üçün kimisə gətirmək olardı. Həmin o yeni qapıçı da bu cür məsul oyunlarda millimizin qapıçısının köməyinə çatardı, onun səhvlərini sığortalayardı. Bu söz-söhbətlər mənim yadıma "Qarabağ”ın illər öncə Kiyevə səfərini saldı. "Dnepr”lə oyun Ukraynanın paytaxtında keçirilirdi. "Qarabağ” rəhbərliyi də jurnalistlərə jest etmişdi, bir qrup sayt redaktorlarını qatarla səyahətə aparmışdı. Səfərə gedənlərdən biri də mətbuat konfransında ayağa qalxıb, Qurban Qurbanova sual ünvanlamışdı ki, nə üçün "Qarabağ” 5-10 milyon qiyməti olan hücumçu almır. Hoca bu adama necə izah etsin ki, bizim işimiz təkcə avrokuboklardakı 6-7 oyuna hazırlaşmaq deyil, Azərbaycan çempionatında isə hazırkı heyətimiz belə çoxdu?!

"Qarabağ” ötən mövsüm yerli çempionatda keçirdiyi 28 oyunda 13 qol buraxıb. Heç iki oyuna bir qol düşmür. İndi nə deyirsiz, "Qarabağ”ın qapıçı(ları)sı zəifdi? Məşhur bosniyalı qapıçı Asmir Beqoviçin Azərbaycan Premyer Liqasında oynadığı günləri unutmusuzmu? Adam "çərçivə”ni saqqız çeynəyə-çeynəyə qoruyurdu, üzərinə gələn zərbələri gülə-gülə dəf edirdi. Amma onunla da avrokuboklarda qol buraxırdıq. Tutaq ki, "Qarabağ” "Viktoriya” kimi rəqiblərə qarşı oynamaq üçün yeni qapıçı transfer etdi. Azərbaycan millisinin (!) qapıçısı Şahruddin Məhəmmədəliyev harda oynayacaq? Millimizin qapısını kim qoruyacaq?

Belə qəliz suallarla sizi çox yormayım. Gündəmi məşğul etmək üçüm başqa mövzular axtaraq. Çempionlar Liqasında yola davam etmək üçün qapıçı axtarmaq bir günlük ər axtarışına bənzəməz, a dostlar!

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26